Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

VASİLİ VASİLYEVİÇ LEONTYEV

  • Oxunub 456 dəfə

 (1905, Münhen, Almaniya – 1999, Nyu-York, ABŞ)

 Əsərləri: “Amerika iqtisadiyyatının strukturu, 1919-1929” (1941), “Amerika iqtisadiyyatının strukturu ilə bağlı tədqiqatlar” (1953), “İqtisadiyyat üzrə esselər” (1966), “Xərclər-buraxılış iqtisadiyyatı” (1966), “Dünya iqtisadiyyatının gələcəyi” (1977), “Hərbi xərclər: faktlar və rəqəmlər, ümumdünya nəticələri və gələcək perspektiv” (1983), “ABŞ və dünya iqtisadiyyatında qeyri-yanacaq minerallarının gələcəyi” (1983), “Avtomatlaşmanın işçilərə gələcək təsiri” (1986)

Vasili Leontyev XX əsrdə iqtisadiyyata böyük töhfə vermiş ən tanınmış iqtisadçılardandır. Leontyevə görə, iqtisadçının ilk vəzifəsi iqtisadi sistemin necə işlədiyini anlamaqdır.

Alimin ən mühüm nailiyyəti bütün həyatını həsr etdiyi “xərclər-buraxılış” metodudur. Məhsulların maya dəyəri və istehsalının ümumi maliyyə xərclərini müqayisə etməyə imkan verən bu metodsahələrarası balans (məhsulların istehsalı və satışı) da adlanır və ümumi iqtisadi tarazlıq nəzəriyyəsinə əsaslanır. Sahələrarası təhlil vasitəsi kimi iqtisadiyyatı onlarla sahəyə bölən balans cədvəli çıxış edir. Metod iqtisadi sistemi onun sektorlarının qarşılıqlı əlaqəsini izah edən bir sıra xətti istehsal funksiyaları kimi təsəvvür etməyə imkan verir. “Xərclər-buraxılış” modeli bir sektordakı dəyişikliyin digər sektorlarda istehsala necə təsir göstərdiyini təsəvvür etməyə kömək edir.

ABŞ üçün ilk sahələrarası balans Leontyev tərəfindən bu ölkə iqtisadiyyatının 44 sahəyə ayrılması ilə yaradılmışdır. Bura sahələrarası məhsul axını, məhsulların son istifadəsinin ətraflı təfsiri (şəxsi və ictimai istehlak, investisiya, ixrac və idxal və s.) və əlavə dəyərin tərkibi (amortizasiya, əmək haqqı, mənfəət, renta və s.) daxil edilmişdir. O, ilk dəfə olaraq müxtəlif sahələrin məhsul istehsalına tam milli iqtisadi xərclərin hesablamalarını aparmışdır.

Leontyev dolayı sahələrarası əlaqələri nəzərə alaraq ilk dəfə olaraq göstərmişdir ki, ABŞ daha çox əmək ixrac edir və kapital idxal edir. Halbuki uzun illər belə düşünülürdü ki, çoxlu kapitalı və işçilərə yüksək əmək haqqı verən lakin məhdud bazarı olan ölkə kimi ABŞ dünyanın qalan hissəsi (yoxsul) ilə elə iqtisadi əlaqələr qurmalıdır ki, amerika ixracatında kapital tutumlu məhsullar, idxalatında isə əmək üstünlük təşkil etsin. İqtisadçının bu kəşfi “Leontyev paradoksu” adlanır.

O, sahələrarası təhlilin metodologiyasının tətbiqi sferasının genişləndirilməsi üzərində davamlı olaraq çalışırdı: iqtisadi dinamika və investisiya prosesləri,
iqtisadiyyat və ətraf mühitin qarşılıqlı əlaqəsi, regionlararası və xarici iqtisadi əlaqələr, avtomatlaşdırmanın məşğulluğa və iqtisadiyyatın strukturuna təsiri və s.

Leontyevin sahələrarası təhlilinin əsasında dünya iqtisadiyyatı birliyi dayanır. “Xərclər-buraxılış” nəzəriyyəsi onilliklər ərzində inkişaf etmiş, qlobal iqtisadiyyat modelinə qədər böyümüşdür. Bu nəzəriyyənin həm kapitalist, həm də sosialist iqtisadi sistemlər üçün eyni dərəcədə tətbiqi keçərlidir. “Xərclər-buraxılış” metodu ilə təhlil iqtisadi təhlil üçün klassik vasitə kimi tanınır.

Leontyev özü qarışıq iqtisadi modelin (bazar iqtisadiyyatında dövlətin güclü tənzimləyici rolu) tərəfdarı idi. O, öz idealına uyğun ölkəni 1980-ci illərdə Yaponiyada tapırdı. Leontyev milli şərtləri nəzərə almaqla öz metodunu yaymaq məqsədilə dünyanın bir sıra ölkələrini səfər etmiş, bir çox dövlət proqramlarının hazırlanmasında iştirak etmişdir.

P.S. Almaniyadadünyaya gələnVasili Leontyev bir il sonra Sankt-Peterburq şəhərində xaç suyuna çəkilmişdir.Liberal ziyalı ailəsində böyümüş rus əsilli ABŞ iqtisadçısının atası iqtisadiyyat üzrə professor olmuşdur. Uşaqlığı inqilab və vətəndaş müharibəsi dövrünə təsadüf etdiyindən, o, anasının və tələbə-tərbiyəçilərin köməkliyi ilə əsasən ev təhsili almışdır. Yəhudi əsilli olan anası onun xarici dilləri öyrənməsinə xüsusi diqqət yetirirdi. Artıq 15 yaşında Vasili əsas Avropa dillərini, o cümlədən ingilis, alman, fransız dillərini bilirdi. Həmin yaşda Sankt-Peterburq Universitetinin İctimai Elmlər fakültəsinə daxil olsa da, universitet rəhbərliyi yaşına görə onu tələbə kimi qəbul etməyə dərhal razı olmamışdır. Nəticədə, bu işə universitetin professoru olan atası müdaxilə etməli olmuşdur. Tələbəlik vaxtları fəlsəfə, sosiologiya və sonra iqtisadiyyat üzrə təhsil almış, riyaziyyatla çox məşğul olmuşdur. 19 yaşında məzun olan Vasili iqtisadiyyat diplomu almışdır. İstedadına görə çox yüksək qiymətləndirilən gəncə universitet rəhbərliyi tərəfindən İqtisadi coğrafiya kafedrasında qalıb dərs demək təklif edilmişdir. Müəllimlik fəaliyyəti ilə yanaşı, elmin inkişaf yolları haqqında düşünən Vasilinin jurnal üçün hazırladığı ideologiya baxımından tamamilə zərərsiz olan məqaləsinin çapı qadağan edilmişdir.

Menşeviklərin tərəfini saxlayan Leontyev həmçinin elmi və düşüncə azadlığı üçün kampaniyaya qoşulmuşdu. Buna görə də Fövqəladə Komissiya tərəfindən saxlanılaraq bir neçə dəfə sorğuya çəkilmiş və bir müddət həbsdə yatmalı olmuşdur. Bu faktlar onun Sovet İttifaqını tərk etmək haqqında qərarında həlledici rol oynamışdır. 1925-ci ildə Fövqəladə Komissiya həmin vaxt bədxassəli şiş diaqnozu qoyulmuş Vasilinin artıq ölmək üzrə olduğunu hesab etdiyindən onun Almaniyaya getməsinə icazə verilmişdir. Hakimiyyətlə problemləri olduğundan müalicəsinin zəruriliyi adı ilə ölkəni tərk etmiş Leontyevi müayinə edən alman həkimləri bu diaqnozu təsdiqləməmişdir. Vasili daha sonra Berlində iqtisadiyyat üzrə təhsil almışdır. 22 yaşında olarkən doktorluq dissertasiyasını Verner Zombartın  elmi rəhbərliyi altında müdafiə etmidir. O, 1929-cu ildə Çinə səfər etmiş və bir müddət Dəmiryolları Nazirliyində məsləhətçi olaraq işləmişdir. 1931-ci ildə ABŞ-a köçmüş və İqtisadi Tədqiqatlar üzrə Milli Büroda məsləhətçi vəzifəsində çalışmışdır.

1932-ci ildə Leontyev şairə Estel Helen Marks adlı Amerika vətəndaşı ilə evlənmiş və növbəti il özü ABŞ vətəndaşlığını almışdır. Cütlüyün bir övladı dünyaya gəlmişdir.

İqtisadiyyat üzrə professorluq dərəcəsini 44 il işlədiyi Harvard Universitetində almışdır. Nyu York Universitetində çalışdığı vaxtlarda orada İqtisadi Tədqiqatlar İnstitutunu qurmuş və bu qurumun direktoru vəzifəsini yerinə yetirmişdir. Onun məşhur tələbələri Pol Samuelson, Robert Solou olmuşdur.

İkinci Dünya Müharibəsi başlayandan sonra ABŞ Hərbi Hava Qüvvələrində iqtisadi planlaşdırma məsləhətçisi kimi çalışmışdır. 1954-cü ildə Ekonometrika Cəmiyyətinin, 1970-ci ildə Amerika İqtisadi Birliyinin prezidenti olmuşdur.

1973-cü ildə “xərclər-buraxılış” metodunun inkişafına və onun əhəmiyyətli iqtisadi problemlərdə tətbiqinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Leontyev etiraf edirdi ki, üzərində 40 ildən çox işlədiyi “xərclər-buraxılış” metodunun nəzəri platformasını Fransua Kenenin “iqtisadi cədvəl”i və Leon Valrasın ümumi iqtisadi tarazlıq modeli təşkil edirdi. İrəli sürdüyü ideyalarla əlaqədar olaraq o, “planlaşdırmanın həvarisi” adlandırılırdı. Qeyd edilməlidir ki, onun dörd doktorantına da Nobel mükafatı verilmişdir.

Vasili tədqiqatlarında riyazi və kəmiyyət göstəricilərinin birlikdə işlədilməsinin tərəfdarı idi. Alim iqtisadiyyatı tətbiqi elm hesab edirdi. O, zəruri hesablamalar üçün superkompüterdən istifadə edən ilk iqtisadçı olmuşdur. Apardığı iqtisadi tədqiqatlara görə Yaponiya və Fransanın ən yüksək ordenləri ilə təltif edilmişdir.

Vasili yalnız 34 ildən sonra yenidən vətəninə qayıda bilmişdir. İosif Stalinin ölümündən sonra dəfələrlə SSRİ-də olmuş, mühazirələr oxumuş, tələbələr və mütəxəssislərlə söhbət etmişdir. 1990-cı illərin əvvəllərində ölkə iqtisadiyyatının islahatında köməklik təklifi ilə Rusiya Federasiyasına getmişdir. Amerikaya qayıdarkən o demişdir: “Mən bir daha ora getməyəcəyəm. Onlar heç nəyə qulaq asmır”. İqtisadçı, eləcə də prezident Ronald Reyqanın azad bazarın liberallaşdırılmasına əsaslanan iqtisadi siyasətinə qarşı çıxırdı. Leontyev Keynsin ümumi nəzəriyyəsinin qızğın tənqidçisi idi. O, həm də Marksın rəqəmləri və formulaları qarışıq saldığına görə yaxşı riyaziyyatçı olmadığını hesab edirdi.

1991-ci ildə təqaüdə çıxan alim fəxri professor kimi 90 yaşı olandan sonra da dərs demişdir. O, 93 yaşında dünyasını dəyişmişdir. Leontyev səyahət etməyi, balıq tutmağı, baleti və yaxşı şərabları sevirdi.

 Hazırladı: aparıcı elmi işçi, i.f.d. Gülnarə Fətəliyeva