Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İMMANUİL MORİS VALLERSTAYN

  • Oxunub 124 dəfə

(1930, Nyu-York, ABŞ – 2019, Nyu-York, ABŞ)

 Əsərləri: “Afrika, müstəqillik siyasəti” (1961), “Müasir dünya sistemi” (1974), “Kapitalist dünya iqtisadiyyatı” (1979), “Qlobal böhranın dinamikası” (1982), “Tarixi kapitalizm” (1983), “Antisistem hərəkətlər” (1989), “Düşünülməyən sosial elmlər: XIX əsr paradiqmalarının hüdudları” (1991), “Liberalizmdən sonra” (1995), Biliyin qeyri-müəyyənliyi” (2004), “Dünya sistemlərinin təhlili: giriş (2004), “Avropa universalizmi: gücün ritorikası” (2006)

Amerikalı mütəfəkkir İmmanuil Vallerstayn fransız tarixçisi Fernan Brodelin təsiri altında yaradılmış dünya sistemi təhlilinin yaradıcılarından biridir. O, 1960-cı illərdən başlayaraq sosial-iqtisadi inkişaf nəzəriyyəsinin ümumi məsələləri ilə məşğul olmuşdur.

Vallerstaynın “iqtisadi dünya” konsepsiyasında inkişaf kateqoriyası yerini məkan genişlənməsi və müvəqqəti tsiklik xüsusiyyətləri olan dünya sisteminə verir. Ona görə də o, dünya sistemini “məkan-zaman tamlığı” adlandırır. Həmin konsepsiyanı ictimai əmək bölgüsü və mübadilənin təhlilinə əsaslanan tamlıq üsulu fərqləndirir.

Vallerstayna görə, müasir dünya sistemi XVI əsrdə yaranmış və XX əsrin əvvəllərinə bütün dünyanı əhatə etmişdir. Buna qədər dünyada eyni vaxtda çoxlu sayda tarixi sistemlər mövcud olmuşdur. Bu tarixi sistemləri o, iki növə bölürdü: mini sistemlər və dünya sistemi (dünya iqtisadiyyatı). Mini sistem ibtidai cəmiyyətlər üçün xarakterik idi və qarşılıqlı əlaqələrə əsaslanırdı. O, mini sistem dedikdə, sadə kənd təsərrüfatı cəmiyyətlərini, eləcə də ovçuları, həmçinin ilk qida toplayan qrupları nəzərdə tuturdu. Onun diqqət mərkəzində mini sistemdən dünya sisteminə keçid durur. Bu keçidin əsasını o, milli təsərrüfatların inkişafında deyil, beynəlxalq cəmiyyətin qərarlaşmasında görür. Bunun da ayrı-ayrı sinif və etnik qrupları dünya təsərrüfatının yalnız yarımsistemləri kimi çıxış edir. Onun nöqteyi-nəzərincə, həmin yarımsistemdə milli inkişaf zəif gedir.

Dünya sistemi mürəkkəb aqrar cəmiyyətlər üçün xarakterikdir. Müstəqil dövlətlərdən təşkil olunan dünya iqtisadiyyatı üç pilləli struktura malikdir. Mərkəzdə və ya nüvədə  iqtisadi münasibətlərdə dominant mövqe tutan, ümumdünya əmək bölgüsündə əlavə mənfəət əldə edən və dünya siyasətini müəyyən edən yüksək inkişaf etmiş dövlətlər durur. Dünya iqtisadiyyatının periferiyasını mərkəz ölkələri xammalla təmin edən və buna görə də siyasi və iqtisadi cəhətdən onlardan asılı olan ölkələr təşkil edir. Vallerstaynın fikrincə, ilkin kapital yığımı yalnız mərkəzi deyil, həm də periferiyanı, yəni tamamilə bütün sistemi əhatə etmişdir. Burada yalnız istehsal ixtisaslaşması deyil, həm də dövlətlərin gücünün müxtəlifliyi mühüm rol oynamışdır ki, bu da son nəticədə qeyri-bərabər mübadiləni doğurmuşdur. Hansı məhsul istehsal etməsindən asılı olmayaraq mərkəz və periferiya mənafelərinin qarşılıqlı tamamlanması bərabərsizliklə şərtlənir. Vallerstayn yazırdı ki, mərkəz həmişə nisbətən inkişaf etmiş texnika, xeyli kapital qoyuluşu və yaxşı öyrədilmiş işçi qüvvəsi tələb edən sahələr üzrə ixtisaslaşır. Beləliklə, dünya təsərrüfatında yaranan bərabərsizlik uzun tarixi inkişafın məhsuludur. Məhz geridə qalan ölkələr beləcə geriliyə düçar olmuşlar; bu ölkələr qabaqcıl texnologiyaya yaxın buraxılmır, üstəlik onlardan yalnız kapital deyil, hətta beyinlər də çəkilib aparılır.

Lakin inkişaf prosesində aralıq vəziyyət, yəni yarımperiferiya vəziyyəti tutan ölkələr qrupu meydana çıxır. Bu ölkələr mərkəzə görə periferiydir; lakin daha zəif ölkələrə nisbətən “mərkəz” mövqeyində dururlar. Onlar az texnoloji məhsullar istehsal edirlər və mərkəzin yüksək texnologiyalı ölkələrindən asılıdırlar, lakin faydalarını periferiya ölkələri ilə ticarətdə istifadə edirlər.

Vallerstaynın nəzəriyyəsində yaranmış vəziyyətdən real çıxış yollarını axtarmaqdansa, kapitalizmin tənqidinə daha çox səy göstərilir. Bir çox sosioloqların Vallerstaynla razılaşmamasına baxmayaraq dünya sistemi nəzəriyyəsi vahid qlobal proses kimi tarixə marağın artmasına və tarixi qloballaşmanın yaranmasına böyük təsir göstərmişdir.

P.S. Amerikalı iqtisadi tarixçi, sosioloq və filosof-neomarksist İmmanuil Vallerstayn müasir solçu ictimai fikrin aparıcı nümayəndələrindən biri olmuşdur. O, Nyu-Yorkda yəhudi ailəsində doğulmuşdur. Valideynləri 1919-cu ildə Polşadan Almaniyaya, 1923-cü ildə isə ABŞ-a köçmüşdür. Ailəsi mühacirət etdiyi zaman anası və qardaşının milliyyəti sənəddə “polşalı” olaraq təsvir edilmişdir.

Ziyalı ailəsində böyüyən Vallerstayn hələ yeniyetmə ikən dünya hadisələri ilə maraqlanmağa başlamışdır. O, Kolumbiya Universitetində bakalavr, magistr və fəlsəfə doktorluğu dərəcələri almışdır. Həmin universitetdə Sosiologiya fakültəsində dərs deyərkən ən gənc professor idi. İmmanuil elmi fəaliyyətinin ilk mərhələsində sosiologiya və Afrika cəmiyyətlərinin tədqiqi ilə məşğul olmuşdur. 1960-cı illərin əvvəllərində Con Kennedi administrasiyasında məsləhətçi vəzifəsində çalışmışdır.

1964-cü ildə Beatris Fridman ilə ailə həyatı qurmuş və bu evlilikdən bir qızları dünyaya gəlmişdir. O, həmçinin Beatrisin əvvəlki evliliyindən olan iki uşağına da atalıq etmişdir. Onların beş nəvəsi var idi.

1994-1998-ci illərdə Beynəlxalq Sosiologiya Assosiasiyasının sədri vəzifəsində çalışmışdır. O, bu qurumun 13-cü prezidenti idi. Tədqiqatçı elmi məhsuldarlığı ilə seçilir, belə ki, 20-dən çox kitab və 300-dən çox məqalə dərc etdirib. 2004-cü ildə “İctimai elmlərin inkişafında müstəsna xidmətlərinə görə” Nikolay Kondratyev adına qızıl medalla təltif olunub.

Xatirələrində tələbələrindən bəziləri onu “sakit insan, təmkinli müəllim” kimi xarakterizə edirdilər. Yazılarına görə tənqidləri qəbul edərkən, o, adətən səbrli davranırdı.

Kapitalist dünya iqtisadiyyatının inkişafının dünya əhalisinin böyük bir hissəsi üçün zərərli olduğunu iddia edən Vallerstayn Karl Marks kimi kapitalizmin sosialist iqtisadiyyatı ilə əvəzlənəcəyini proqnozlaşdırırdı. İqtisadçı Leninin Rusiyada haradasa 2050-ci ildə böyük bir milli qəhrəmana çevriləcəyini güman edirdi. Alim ömrünün 88-ci ilində infeksiyadan dünyasını dəyişmişdir.

Hazırladı: Gülnarə Fətəliyeva, İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin aparıcı elmi işçisi, i.f.d.