Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycan iqtisad elmi məktəbinin tanınmış nümayəndəsi

  • Oxunub 2054 dəfə

Şahbaz Muradov – 75

 XX əsrin ikinci yarısı Azərbaycan xalqının iqtisadi fikrində ən məhsuldar bir dövr kimi artıq tarixə düşmüşdür. Bu dövrdə, iqtisad elminin müxtəlif sahələri üzrə fundamental, dərin tədqiqatlar aparılmış, yüksək ixtisaslı peşəkar iqtisadçı-tədqiqatçılar hazırlanmışdır. İlk dəfə olaraq Respublikada nüfuzlu iqtisad elmi məktəbləri yaranmışdır. Şübhəsiz bu tarixin yaradıcıları dövrün iqtisadçı alimləridir. Şahbaz Musa oğlu Muradov da Azərbaycan iqtisadi fikrini bu dövrdən etibarən təmsil edən alimlərdən biridir.

 Ş.M.Muradov 1940-cı ildə Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonunda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirib gənc mütəxəssis kimi Azərbaycan EA İqtisadiyyat İnstitutuna təyinatla işləməyə göndərilmiş və indiyə qədər bütün yaradıcı həyatını bu İnstitutla bağlamışdır. Burada kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə İnstitutun direktoru vəzifəsində çalışıb. O, 1965-ci ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1977-ci ildə professor elmi adını alıb, 2001-ci ilin iyununda AMEA-nın müxbir üzvü seçilib. Hazırda bu İnstitutda “İş qüvvəsinin təkrar istehsalı və demoqrafiya problemləri” şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

 Professor Ş.M.Muradovun EA İqtisadiyyat İnstitutundakı 55 illik fasiləsiz elmi yaradıcılığının nəticələri Azərbaycanda və dünyanın bir çox ölkələrində çap edilmiş 500-dən çox elmi əsərlərində əksini tapıb. 850 çap vərəqi həcmindən çox olan bu əsərlərin 30-u iri həcmli monoqrafiya və kitablardan ibarətdir. Onun elmi kadrların hazırlanması sahəsindəki xidmətləri əvəzsizdir. Prof. Ş.M.Muradovun rəhbərliyi altında 100 nəfərə yaxın fəlsəfə və elmlər doktoru hazırlanmışdır. 2000-ci ildə onun təşəbbüsü ilə AAK-sı tərəfindən yaradılmış və 8 il sədrlik etdiyi Dissertasiya Şurasında 125 nəfər namizədlik, 13 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. Onların müvafiq surətdə 55 və 6 nəfərini İnstitutun əməkdaşları təşkil etmişdir. Prof. Ş.M.Muradov 35 nəfərdən çox tədqiqatçının dissertasiya işinə rəsmi opponentlik etmiş, çoxsaylı monoqrafiyalar və dərsliklərin elmi redaktoru, rəyçisi olmuşdur. Fikrimizcə bu rəqəmlər professorun gördüyü işlərin iri miqyası barədə tam təsəvvür yaradır. Lakin, alimin Azərbaycan iqtisadi fikrində konkret rolunu qiymətləndirmək üçün onun əsərlərinin bir qədər geniş təhlilini vermək vacibdir.

 Görkəmli iqtisadçısı alim kimi Ş.M.Muradovun bütün elmi yaradıcılığının ana xəttini belə bir ideya təşkil edir: İnsana diqqət və qayğının hər cəhətdən (təhsil, elm, səhiyyə, istirahət, mənzil kommunal xidməti, maddi və mənəvi maraq və ümumilikdə rifah səviyyəsi) artırılması onun fəallaşmasına və böyük iqtisadi nəticələr qazanmasına səbəb olur. Terminoloji fərqlər nəzərə alınmazsa, bu, “İnsan kapitalı” nəzəriyyəsinin müasir variantlarından biri kimi səslənir.

 Ş.M.Muradovun elmi yaradıcılığını araşdırarkən yaranan ilk təsəvvür ondan ibarət olur ki, o, uzun müddət eyni bir problemin - Azərbaycanda əmək ehtiyatları və demoqrafiya problemlərinin tədqiqi ilə məşğul olmuşdur. Lakin bu problemlər çoxaspektli və əhatəli olduğundan onların mükəmməl öyrənilməsi üçün müəyyən tədqiqat metodunu əsas götürmək və uzun zaman lazım gəlmişdir. Alimin istifadə etdiyi metod sadədən mürəkkəbə, xüsusidən ümumiyə, konkretdən abstraktda keçid metodudur. O, ilk əsərlərini Azərbaycan kənd təsərrüfatında qadın əməyi və ondan səmərəli istifadə edilməsinə həsr etməklə sonra bütövlükdə respublikada qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemlərini, daha sonra isə ümumiyyətlə əmək ehtiyatlarını, insan kapitalını, demoqrafiya siyasətini, insan potensialını, ölkədə baş verən etno-demoqrafik prosesləri nəzəri-metodoloji və praktiki aspektlərdən tədqiq etmiş və fundamental monoqrafiyalar şəklində nəşr etdirmişdir. Alimin məhsuldar yaradıcılığının nəticələrinə daima aktuallıq kəsb edən aşağıdakı iri həcmli əsərləri aid etmək olar: “Azərbaycanın kənd təsərrüfatında qadın əməyi və ondan səmərəli istifadə edilməsi məsələləri” Bakı, 1969, (227 səh.); Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi problemləri” Bakı, “Elm” 1974-cü il (190 səh.); “Azərbaycan SSR də kəndin ictimai-iqtisadi və demoqrafik inkişaf məsələləri” Bakı, “Elm”, 1978, (F.Abbasovla şərikli), 195 səh.; “Müasir mərhələdə demoqrafiya siyasəti”. Bakı, “Elm” 1986. (F.Abbasovla birlikdə). 180 səh.; “Müasir mərhələdə sovet Azərbaycanın iqtisadiyyatının inkişafı” (rus dilində). Bakı, “Elm” 1980 kollektiv, (299 səh.); “Azərbaycan SSR-nin əmək ehtiyatları (nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər). Bakı, “Elm” 1987-ci il (258 səh.); “Azərbaycan iqtisadiyyatı (xaricdə yaşayan Azərbaycanlılar üçün)” kollektiv, Bakı, “Elm” 2003-cü il, (341 səh.); “İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər”. Bakı, “Elm” 2004, (656 səh.); “Qloballaşma, demoqrafik inkişaf və Azərbaycanda əhalinin əmək fəallığı” (rus dilində). Bakı, “Elm” 2007. 259 səh. (A.Gözəlova və R.Efendiyevlə birlikdə); “Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər (1897-2007-ci illər); (azərbaycan, ingilis və rus dillərin-də) Bakı, “Elm” 2008. (235 səh.); “Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar” (Şərikli), Bakı, 2015, 135 səhifə.

 Ş.M.Muradov sovet reallıqlarını nəzərə alaraq qadının ictimai təsərrüfata cəlb edilməsini, onun cəmiyyətin fəal daşıyıcı gücünə çevrilməsini şübhəsiz məqbul sayırdı. Ancaq eyni zamanda Şərq-Müsəlman Respublikasında qadının ana olmaq kimi əsas missiyasını nəzərə alır, qadın məşğulluğunun səmərəliliyinə adət-ənənə amilləri də daxil etməklə ona daha geniş yanaşırdı. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərinin tədqiqi ilə məşğul olan görkəmli demoqraf alim kimi tanınmışdır. Keçmiş SSRİ-də və Azərbaycanda bu problemin sosial-iqtisadi və demoqrafik aspektlərinin kompleks şəkildə tədqiqi onun adı ilə bağlıdır. Onun 1974-cü ildə “Elm” nəşriyyatında çap olunmuş “Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” adlı monoqrafiyası isə elə həmin ildə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən sovet elminin ən mühüm nailiyyətləri sırasına daxil edilmişdir. Azərbaycan Elmlər Akademiyası SSR EA-nın tərkibində olduğu 46 il ərzində (1945-1991-ci illərdə) iqtisadiyyat elmi sahəsi üzrə Azərbaycandan SSRİ EA Rəyasət Heyətinin Hesabatına daxil edilmiş 23 elmi nəticənin 9-u (39,4%-i) prof. Ş.M.Muradovun şəxsən özü və onun elmi rəhbərliyi ilə yerinə yetirilmiş tədqiqat işlərinin payına düşmüşdür. Onun 60-dan çox əsəri xarici ölkələrdə, o cümlədən ABŞ-da, Rusiyada, Ukraynada, Belorusiyada, Gürcüstanda, Baltikyanı ölkələrdə və Orta Asiya Respublikalarında; bəziləri isə ingilis dilində çap edilib dünyanın bir çox ölkələrində yayılmışdır. Prof. Ş.M.Muradov xarici ölkələrin görkəmli iqtisadçı və demoqraf alimləri ilə birlikdə Moskva şəhərində rus dilində çap edilmiş 15-dən çox iri həcmli monoqrafiyaların müəlliflərindən biridir. Bunların arasında – “İş qüvvəsinin təkrar istehsalı və əmək ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi” (M. MDU. 1971, 279 səh.); “Müttəfiq respublikaların əhalisi” (M. 1977, 326 səh.); “Müttəfiq respublikalarda əhali miqrasiyasının xüsusiyyətləri” (M. 1978, 215 səh.); “Əhalisakinliyi problemləri və demoqrafiya siyasəti” (M. 1981, 216 səh.); “Sosializm cəmiyyətinin demoqrafiya siyasəti” (M. 1986, 192 səh.); “SSRİ-də əhalinin təkrar istehsalı və miqrasiyasının regional xüsusiyyətləri” (M. 1981, 267 səh.); “SSRİ-nin əməklə təmin edilmiş rayonlarının sosial-demoqrafik inkişafı” (M. 1989, 205 səh.); “Postsovet cəmiyyətində sosial siyasət: vəzifələr, ziddiyyətlər, mexanizmlər” (M. 2001, 647 səh.) və sair vardır.

 Ş.M.Muradov Moskvada dərc olunan yazılarında hər dəfə respublika və milli mənafe baxımından həlli vacib bu və ya digər məsələyə müvafiq mərkəzi orqanların diqqətini cəlb etməyə çalışmışdır. Mübahisəli nəzəri məsələlərə isə öz mövqeyini bildirməklə onları geniş diskussiya obyektinə çevirə bilmişdir. Məsələn, o zaman orta İttifaq göstəriciləri ilə müqayisədə Azərbaycanda əhalinin yüksək təbii artımının mövcudluğunu əsas götürərək tədqiqatçı alim təhsil, səhiyyə, sosial xidmət, mənzil-məişət xidmətinin də buna uyğunlaşdırılmasını təklif edir, bununla əlaqədar Moskvanın əlavə tədbirlər görməsi zərurətini qeyd edirdi. Keçən əsrin 70-80-ci illərində mənfi qalıqla müşayiət olunan əhali miqrasiyasının (respublikadan gedənlər respublikaya gələnlərdən çox idi) əhalinin təbii təkrar istehsalını aşağı salması tədqiqatçı alim kimi onun diqqətini cəlb edir və müvafiq təkliflər işləyib hazırlayırdı. Nüfuzlu «Вопросы экономики» jurnalında məqalə dərc etdirməyin məsuliyyətini və hər alimə nəsib olmadığını iqtisadçılarımız yaxşı bilirlər. Jurnalın 1988-ci ilin 6-cı sayında Ş.M.Muradovun “Regionda əhalinin səmərəli məşğulluğu” adlı məqaləsi çıxır. Məqalədə ölkənin qəbul edilmiş sosial-iqtisadi inkişafının sürətləndirilməsi xəttinin həyata keçirilməsi üçün insan amilinin fəallaşdırılmasının konkret yolları göstərilmişdir. Müəllif ilk dəfə olaraq əmək resurslarından istifadəyə regional yanaşmanın vacibliyini qeyd edir və onun məzmununu açır. O zaman bütövlükdə İttifaqda olan vəziyyətdən fərqli olaraq Azərbaycanda mövcud iş yerləri ilə əmək resursları arasında uyğunsuzluğun olduğunu, onun getdikcə artması nəticəsində ictimai istehsala cəlb oluna bilinməyən əmək ehtiyatlarının (indiki terminologiya ilə işsizliyin) yarandığını konkret rəqəmlərlə üzə çıxarır. Tədqiqatçı alim istehsala əlavə əmək resurslarının cəlb edilməsi təklifini irəli sürməklə əmək məhsuldarlığına əsaslanan intensiv inkişafı inkar etmir. O, əmək tutumlu sahələrin inkişaf etdirilməsi sayəsində bu məsələnin həllini də optimal həll sayır. Alimin fikrincə, əsas məsələ mütərəqqi struktur dəyişikliklərini və ona adekvat ixtisaslı kadr hazırlığam təmin etməkdən ibarət olmalıdır. Ş.M.Muradovun fikrincə, əmək resurslarının ictimai istehsala maksimum cəlb edilməsinin prioritet kimi götürülməsi özlüyündə məqsəd olmamalıdır. Başlıca məqsəd o zaman yeganə mümkün olan bu yolla (qayda ilə) respublika əhalisinin həyat səviyyəsinin yüksəlməsinə nail olmaqdan ibarətdir. Hələ o zaman aşkar edilmişdir ki, azərbaycanlı ailələrindən istehlakın nisbətən aşağı səviyyəsinin mühüm bir səbəbi də himayədarlıq əmsalının yüksək olmasıdır. Yəni bir işləyən adam ailədə daha çox sayda adamı dolandırmaq məcburiyyətindədir. ETT əsasında intensiv inkişaf əlavə əmək resurslarının ictimai istehsala cəlb edilməsi işində, şübhəsiz, qaçılmaz çətinliklər yaradır. Lakin bunun da çıxış yolları vardır. Ş.M.Muradovun apardığı tədqiqatlarda bu çıxış yolları öz əksini tapmışdır. Ş.M.Muradov hələ 1980-ci illərdə təklif edirdi ki, ölkə və respublikanın bütün ərazisi üzrə müəssisə və onların filialları elə yerləşdirilməlidir ki, yaş və, cins üzrə əhalinin məşğulluğunda harmoniya pozulmasın. S.M.Muradovun və respublikanın digər görkəmli iqtisadçı alimlərinin bu cür təkliflərinə əməl olunsaydı, respublikanın iqtisadi potensialının əsasən Bakı-Abşeron rayonunda cəmlənməsi kimi mənfi halların qarşısı vaxtında alınardı.

 XX əsrin 90-cı illərindən sonrakı dövrü - Ş.M.Muradovun elmi fəaliyyətində daha intensiv, məhsuldar, problemlərə yeni baxışla seçilən bir dövr kimi səciyyələndirmək olar. Müstəqillik illərində onun yuxarıda adlarını çəkdiyimiz üç fundamental monoqrafiyası və çoxsaylı məqalələri nəşr olunur. Bu monoqrafiyalarda insan potensialı, qloballaşma, əhalinin dinamikası və quruluşu, əmək fəallığı, əhalinin tərkibində baş verən əsas demoqrafik və etnodemoqrafik dəyişikliklər tədqiq olunur. Prof. Ş.M.Muradovun bütün əsərlərində müstəqillik illərində müəyyən səbəblərdən respublika əhalisinin təbii artımının azalmasına mənfi mövqe bildirilməsini alimin vətənpərvərliyi ilə izah etmək hələ azdır. Burada əhalinin artımından böyük ictimai-iqtisadi effektin əldə olunacağının əsaslandırılması da diqqətəlayiqdir. Hələ SSRİ dövründə respublikada əhalinin nisbətən yüksək təbii artımının mövcudluğu faktından (1959-1989-cu illərdə Azərbaycanda əhalinin orta illik artım sürəti keçmiş SSRİ-dəki orta göstəricidən 2,4 dəfə çox olmuşdur) bu sahədə heç bir problemin yaranmadığı və onun tənzimlənməsinə ehtiyacın olmadığı mövqeyində olanların əksinə olaraq o, sübut edirdi ki, hər bir respublikanın demoqrafik inkişaf xüsusiyyətləri nəzərə alınmaqla bu sahədə səmərəli demoqrafik siyasəti işlənib hazırlanmalıdır. O, bu mövqeyini 20 il ərzində (1971-1991-ci illərdə) büro üzvü olduğu keçmiş SSRİ Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərmiş “Əhalisakinliyinin sosial-iqtisadi problemləri” və “Demoqrafiya və əmək ehtiyatları problemləri” Elmi Şuralarının Büro iclaslarında və onların vasitəçiliyi ilə keçirilən Ümumittifaq və regional xarakter daşıyan elmi konfranslarda və seminarlarda cəsarətlə müdafiə edir və istəyinə nail olurdu. Prof. Ş.M.Muradov keçmiş SSRİ EA-sı tərəfindən hazırlanmış Demoqrafiya dair ETT-nin Kompleks Proqramının yekun nəticələri üzrə 1979, 1983 və 1987-ci illərdə Moskva şəhərində çap olunmuş 50,0 ç.v. həcmində üç cildliyin müəllifindən biri olmuşdur. Onun 2001-ci ildə ABŞ-ın Nyu-York şəhərində ingilis dilində çap edilmiş “Azərbaycanın demoqrafik inkişafı XXI əsrin astanasında: əsas meyllər və problemlər” adlı məqaləsi də elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Prof. Ş.M.Muradovun elmi rəhbərliyi və bilavasitə iştirakı ilə Ulu öndərimiz Heydər Əliyevin “28” dekabr 1998-ci il və “24” iyun 2003-cü il tarixli sərəncamları ilə ilk dəfə olaraq Azərbaycan Respublikasında işlənib hazırlanmış “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasında demoqrafiya və əhalisakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər), həmçinin “Azərbaycan Respublikasının məşğulluq strategiyası” (2006-2015-ci illər) işlənib hazırlanmış ölkə rəhbəri İlham Əliyev tərəfindən təsdiq edilmişdir. Burada xüsusi olaraq onu da vurğulamaq lazımdır ki, sovet dövründə əmək və demoqrafiya sahəsində aparılan tədqiqatlarda əhali əsasən əmək resursu kimi – say, yaş-cins, peşə-ixtisas tərkibinə görə tədqiq olunurdu. Əhalinin etnik-milli tərkibi sanki geniş maraq dairəsindən çıxarılmışdı. Çünki vahid sovet xalqını formalaşdırmaq kimi ideoloji bir məqsəd qarşıya qoyulmuşdu. Halbuki, milli mənəvi dəyərləri saxlamaq və ötürmək, ümumiyyətlə millətin varlığını təsdiq etmək baxımından etno-demoqrafik prosesləri öyrənmək çox vacibdir. Azərbaycan xalqına qarşı (xüsusən Rusiya tərəfindən) əsrlərlə həyata keçirilən assimilyasiya siyasətinin mahiyyətini üzə çıxarmaq, ermənilərin əsassız iddialarına tutarlı cavablar vermək üçün Azərbaycan ərazisində əhalinin milli tərkibinin formalaşmasını tədqiq etmək tarixdəki bir çox ağ səhifələri və qara ləkələri aradan götürmək üçün əhəmiyyət kəsb edir. Müstəqillik illərində Ş.M.Muradovun rəhbərliyi ilə bu sahədə geniş tədqiqatlar aparılmış və indi də davam etdirilməkdədir. Bu tədqiqatların nəticəsi olaraq 2015-ci ildə Ş.M.Muradov və Ç.Baxışın “Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar” adlı çox maraqlı monoqrafiya nəşr olunmuşdur. Kitabda ilkin mənbələr, əhali sayımları, tarixi ədəbiyyat materialları əsasında təqribən 100 ildən çox bir dövrdə Azərbaycan əhalisinin etno-demoqrafik tərkibinin dəyişməsi meylləri, bu dəyişiklikləri törədən səbəblər elmi cəhətdən tam dəqiqliklə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, 30-cu illərdə ermənilərin daha çox artımı miqrasiya ilə bağlı idi; azərbaycanlıların SSRİ-nin digər ərazilərində işləməsini stimullaşdırmaq əhalinin milli tərkibinə və məskunluğuna, Azərbaycanda iqtisadiyyatı inkişaf etdirməyə qarşı olan bir tədbir idi; Pribaltika Respublikalarında həyat səviyyəsinin yüksək olması burada digər millətlərin, xüsusən rusların yerləşdirilməsi və milli tərkibin dəyişdirilməsi məqsədindən irəli gəlirdi və s. Bu kitabda ilk dəfə olaraq təhlil edilən və elmi dövriyyəyə buraxılan məlumatlar əsasında müəyyən edilmişdir ki, əhalinin 10 faizinin qaçqın olduğu bir ölkədə miqrasiyanın intensivliyinin azalması, əhalinin milli tərkibinin sabitliyi müşahidə edilir. Bu müsbət meyllərin gələcəkdə davam edəcəyini söyləməklə tədqiqatçı alimlər bu sahədə Avropada gedən proseslərlə müqayisədə Azərbaycan modelini nümunə olaraq təqdim etmiş olurlar.

 Professor S.M.Muradovun elmi əsərlərinin böyük dünyagörüşü funksiyasını yerinə yetirdiyini oxucular tanış olduqları ilk səhifələrdən hiss edirlər. Bu tədqiqatların Azərbaycanın iqtisadi inkişafı üçün istifadə edilməsinə gəldikdə isə göstərmək lazımdır ki, iqtisadçı alim çoxsaylı məruzələr, kompleks proqramlar, istiqamətlər, konsepsiyalar hazırlamaqla və müvafiq idarəetmə orqanlarına təqdim etməklə tədqiqatlarının nəticələrinin reallaşdırılması üçün səy və bacarığını heç zaman əsirgəməmişdir.

 Professor Ş.M.Muradov tədqiqatçı alim kimi həm sovet dövründə, həm də müstəqillik illərində özünün kosmopolit mövqeyi ilə deyil konkret iqtisadi problemlərə münasibəti ilə seçilir. Onun tədqiqatlarında əsas hədəf Azərbaycan və onun gələcəyidir. Görünür elə buna görə də hələ keçən əsrin 60-70-ci illərində apardığı tədqiqatlar, yazdığı kitablar bu gün də aktual səslənir.

 Professor Ş.M.Muradovu fərqləndirən bir keyfiyyət də sərbəst fikirli olmasıdır. Tarixdən gələn belə bir deyim var: Əqidəyə həbs yoxdur! Lakin, müxtəlif dövrlərdə sərbəst fikirlilik heç də birmənalı qəbul edilməmişdir. Müstəqillik illərində Ulu öndər H.Əliyev yaradıcı insanların özlərini ifadə etmələri üçün sanki yeni imkanlar yaratdı. O, belə hesab edirdi ki, müxtəlif fikirlilik təbii haldır və müsbət dəyərləndirilməlidir.

 Ş.Muradov elmdə dəqiq ünvanı məlum olan alimdir. O, insan kapitalı kimi həmişə aktual olan bir problem sahəsində sözünü demiş, iqtisadçılar və elmi ictimaiyyət tərəfindən kifayət qədər tanınmışdır.

 Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyindəki çıxışında demoqrafik inkişafı bu gün Azərbaycanın mühüm nailiyyətlərindən biri hesab edir. Diqqəti bir tərəfdən bu inkişafı şərtləndirən, digər tərəfdən isə onun ortaya qoyduğu problemlərə yönəldir. Deməli, Ş.Muradovun vaxtı ilə və indi apardığı tədqiqatlar müasirdir, aktualdır və dövləti bir əhəmiyyət kəsb edir.

 Ş.Muradov həyatda fərqli insandır. O, bəzən yaşadığı zamana sanki sığışmır. Bu halda, onun tənqid hədəfində olan məsələlər sanki artır. Əslində, insan və zaman kimi mürəkkəb bir kontekstdə yanaşdıqda bütün şəxsiyyətlər oxşar talelər yaşayırlar.

 Ş.Muradovun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” ordeni, “Fədakar əməyə görə” Yubiley medalı, “Əmək veteranı” medalı və s. mükafatlara layiq görülüb. Respublika prezidenti İ.Əliyevin “03” noyabr 2015-ci il tarixli fərmanı ilə o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

 Elmdə varislik prinsipi labüddür və o, elmin inkişafının təbii-tarixi prosesi ilə şərtlənir. Lakin bu prinsipin bir ailənin timsalında gözlənilməsi az-az təsadüf edilən hadisələrdəndir. Ş.M.Muradovu müasirlərindən fərqləndirən bir cəhət də odur ki, alimin təmsil etdiyi əmək iqtisadçıları məktəbinin layiqli davamçıları elə onun özünün ailəsində yetişməkdədir. Respublikanın gənc iqtisadçı alimləri sırasında artıq özlərinin dəst-xətti ilə seçilən Rəşad və Rövşən Muradov qardaşları da vardır. Rəşad Muradovun 2000-ci ildə «Elm» nəş-riyyatı tərəfindən nəşr edilmiş «Müasir şəraitdə Azərbaycan Respublikasında əmək bazarı problemləri» adlı fundamental monoqrafiyası ilə (21 ç.v.) müasir Azərbaycan iqtisadi fikrində özünü təsdiq edir və yeni elmi, axtarışların başlanğıcını qoyur. Həmçinin Rövşən Muradovun “Əmək potensialı: formalaşması və istifadəsi problemləri” (Bakı, 2014, 326 səh.) adlı yeni monoqrafiyası müstəqillik dövründə ölkədə əmək potensialının öyrənilməsi sahəsində informasiyaların zənginliyi baxımından seçilən maraqlı əsərdir.

 Professor S.M.Muradov elmi yaradıcılığın müdriklik dövrünü yaşayır. O, əvvəlki həvəslə tədqiqatlarım davam etdirir, ölkənin gücü onun elmindədir. Bu mənada tədqiqatçı alim xalqının, ölkəsinin güclənməsi naminə böyük fədakarlıq göstərir.


R.Sultanova, i.e.d., prof.
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri,

Xosrov Kərimov, i.f.d.,
BDU-nun dosenti