Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ADAM SMİT

  • Oxunub 4737 dəfə

  (1723, Kirkkaldi, Şotlandiya - 1790, Edinburq, Şotlandiya)

 Əsərləri: “Əxlaqi münasibətlər nəzəriyyəsi” (1759), “Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqat” (1776)

 Adam Smit klassik siyasi iqtisadın qurucusu olmuşdur. Onun fikrincə, siyasi iqtisad cəmiyyətdə maddi nemətlərin istehsalı, mübadiləsi, bölüşdürülməsi və istehlakının insanların iradəsindən asılı olmayaraq mövcud olan obyektiv qanunlarını öyrənən bir elmdir. Siyasi iqtisadın məqsədi xalqın varlanmasını təmin etməkdir. O, iqtisad elmini bir sistem şəklində araşdırmışdır.

 A.Smit sərvətin mənbəyinin əmək olduğunu göstərmişdir. Onun fikrincə, insanları cəmiyyətdə bir-birinə bağlayan əmək bölgüsüdür və o, sərvətin artımını sürətləndirən amildir. Smitə görə şəxsi mənafe və mübadiləyə meyl əmək bölgüsünün yaranması və inkişafına səbəb olmuşdur. O, deyirdi ki, cəmiyyətin sərvətinin həcmi və artımı iki amildən asılıdır: əhalinin məhsuldar əməklə məşğul olan hissəsindən və əmək məhsuldarlığının səviyyəsindən. Əmək məhsuldarlığı yüksək olan mədəni xalqlar daha çox sərvət yaradır və yaxşı yaşayırlar.

 A.Smit iqtisadi nəzəriyyəsini əmək-dəyər nəzəriyyəsi əsasında qurmuşdur. O, əməyin dəyərin yaradıcısı və ölçüsü olduğunu qəbul edirdi. A.Smit əmtəənin istehlak (predmetin faydalılığını göstərən) və mübadilə dəyəri (predmetə sahib olmaq üçün onun başqa predmetlə dəyişmə imkanı) anlayışlarını müəyyən etmişdir. Mübadilə dəyəri əmtəənin təbii qiymətidir.

 Smit “klassik bölgü nəzəriyyəsi”ndə göstərirdi ki, kapitalizm şəraitində dəyər: əmək haqqı, mənfəət və rentaya bölünür və xalqın üç müxtəlif sinfinin (əməkçi sinfi, kapitalist sinfi və torpaq sahibləri) gəlirlərini təşkil edir. O, hesab edir ki, yalnız əmək haqqı əmək gəliridir və əməyin təbii qiymətidir. Əmək haqqı insanın yaşaması üçün kifayət edən səviyyədən bir qədər yüksək olmalıdır. Smitə görə, yüksək əmək haqqı tərəqqiyə işarədir, çünki bu, əmək məhsuldarlığının artması üçün stimul rolunu oynayır. Smit mənfəətə bütün avans olunmuş kapitalın törəməsi, kapitalistin kapitala görə aldığı haqq kimi baxmışdır. Torpaq rentasını isə torpaqda işləyənin əmək məhsulundan çıxma kimi elan etmişdir. İri torpaq sahibkarlığının əleyhdarı olan iqtisadçı torpaqları, onlardan daha səmərəli istifadə etməyi bacaran sahibkarların sərəncamına verməyi təklif etmişdir.

 A.Smitə görə, bütün maddi istehsal dairəsinə aid olan kapital toplanmış və maddiləşmiş əməkdir, mənfəət gətirən hər bir şey kapitaldır. Əsas və dövriyyə kapitalı anlayışlarını ayıran Smit, dövriyyə kapitalına pulu, qida ehtiyatlarını, xammalı, hazır olan, lakin hələ satılmayan əmtəələri, əsas kapitala maşınları və əmək alətlərini, ticarət və sənaye məqsədləri üçün tikilən binaları, torpağı və cəmiyyətin bütün üzvlərinin qabiliyyət və bacarığını aid edirdi.

 Ümumi və xalis gəlir anlayışlarını irəli sürən Smit, ölkənin əhalisinin bütün illik məhsulunu ümumi gəlir, bunun fəhlənin və kapitalistin şəxsi istehlakına gedən hissəsini isə xalis gəlir adlandırır. Yığımı millətin sərvətinin artırılması mənbəyi hesab edirdi. Dəyər yaradan əməyi Smit məhsuldar əmək, gəlirlərdən ödənilən əməyi isə qeyri-məhsuldar hesab etmişdir. Pulu ən ümumi ekvivalent olan xüsusi bir əmtəə kimi müəyyən edən A. Smit pulun əsas vəzifəsinin mübadilə vasitəsi olmasını qeyd edirdi. O, pulu “tədavülün böyük təkəri” adlandırmış, bütün əmtəələr kimi pulun da dəyərə malik olduğunu qəbul etmişdir.

 Smitə görə əmtəələrin iki növ qiyməti vardır: “istifadə qiyməti” və “mübadilə qiyməti”. Smitin fikrincə, əmtəələri istehsal edən əmək onların həqiqi qiyməti, pul isə onların nominal qiymətidir. O, əməyin “qiymətin yaradıcısı” olduğunu da qeyd edirdi.

 Beynəlxalq ticarətdə müqayisəli xərclər və üstünlüklər prinsipinə böyük əhəmiyyət verən Smit “mütləq üstünlüklər nəzəriyyəsi”ndə qeyd edirdi ki, hər hansı ölkə digəri ilə müqayisədə yüksək keyfiyyətdə olan əmtəəni mütləq olaraq daha ucuz istehsal edə bilərsə, onda həmin ölkənin həmin əmtəə istehsalı üzrə ixtisaslaşması məqsədəuyğun olar. Mütləq üstünlüyə malik olmadığı əmtəələrin istehsal və ixracı ilə digər ölkələr məşğul olar. A.Smitin xarici ticarət azadlığı üçün işləyib hazırladığı proqrama əsasən fritrederçilik (azad ticarət) yaranmışdı. A.Smit yüksək idxal kömrük haqları qoyulmasını, proteksionizmi, idxal və ixracda inhisarçılığı kəskin tənqid etmiş, azad ticarətin və iqtisadi azadlığın tərəfdarı olmuşdur.

  A.Smitin iqtisadi nəzəriyyəsinin əsasını rəqabət azadlığı prinsipi təşkil edir. O, kortəbii iqtisadi qüvvələri dövlət qanunlarından güclü hesab edir və iqtisadiyyatda hər şeyi bu iqtisadi qüvvələrin azad oyununun sərəncamına verməyi lazım bilirdi. Smitin bu ideyası iqtisadi fikir tarixinə “görünməyən əl” təlimi kimi daxil olub. Bu təlimə görə, sərbəst iqtisadiyyat şəraitində hər hansı bir şəxsin özü üçün qazanc əldə etməyə, başqa sözlə mənfəət götürməyə yönəldilən fərdi siyasəti son nəticədə hərcmərcliyə deyil, bazar ünsürləri vasitəsi ilə cəmiyyətdə qayda-qanun yaradılmasına səbəb olur və “gözə görünməyən əl” vasitəsi ilə fərdi mənafe ümumi mənafeyə uyğunlaşdırılır. Bazar iqtisadiyyatı “görünməyən əl” vasitəsi ilə özü-özünü avtomatik tənzimləyən bir sistemdir. Buna görə də o, iqtisadi proseslərə dövlətin müdaxilə etməsini məqsədəuyğun saymırdı. A.Smit qeyd edirdi ki, təbii və əbədi cəmiyyət olan kapitalizmdə kapitalist təsərrüfatının əsas məqsədi mənfəət əldə etməkdir və bu proses bütün cəmiyyətin mənafeyinə uyğundur, çünki şəxsi mənafeyi güdmək son nəticədə bütün cəmiyyət üçün xeyirli olur.

 İqtisadiyyat tarixininin böyük fikir adamlarından biri olan A.Smit XVIII əsr ictimai fikrinin ən yüksək zirvəsinə yüksəlmiş şəxsiyyət olmuşdur.

 P.S. Çox böyük intellektə malik, humanist insan olan Adam Smit teologiya, əxlaq elmi, hüquq və siyasi iqtisad təhsili almış, məntiq və estetika haqqında mühazirələr demişdir. “İqtisad elminin atası” hesab edilən Adam Smit daima öz-özü ilə danışırmış. O, iki dəfə öz toyundan qaçmış və anasına bağlı olduğu üçün bütün həyatı boyunca anası ilə yaşamışdır. 4 yaşında olarkən Adam qısa müddətlik olsa da, qaraçı tayfaları tərəfindən oğurlanmış, amma sonra azad edilmişdir. Dini əngəl olaraq görən Smit ateist yanaşma nümayiş etdirmiş, bir çox məsələ ilə bağlı Darvinlə eyni düşüncədən çıxış etmişdir.
İqtisad elmində ən çox adı çəkilən adam və istinad olunan əsər Adam Smit və onun “Xalqların sərvəti” əsəridir. Karl Marks şah əsəri “Kapital”da A.Smitə 130 dəfədən artıq istinad etmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva