Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

ANTUAN MONKRETYEN DE VATTEVİL

  • Oxunub 1960 dəfə

 (1575 , Falez, Fransa - 1621, Le Turay, Fransa)

 Əsərləri: “Siyasi iqtisadın traktatı” (1615).

 İqtisadi nəzəriyyə tarixində ilk nəzəri praktiki sistem olmuş merkantilizmin inkişafında fransız iqtisadçısı Antuan Monkretyenin böyük xidmətləri olmuşdur. “Siyasi iqtisad” termininin meydana gəlməsi iqtisadi siyasət və iqtisadi nəzəriyyələr sistemi olmuş merkantilizmlə bağlıdır. Belə ki, bu termin ilk dəfə məhz A.Monkretyen tərəfindən işlədilmiş və o, bununla iqtisadiyyat elmini nəzərdə tutmuşdur.

 A.Monkretyen 1615-ci ildə “Siyasi iqtisadın traktatı” adı altında kitab nəşr etdirmiş və iqtisadi ideyalarını bu əsərində vermişdir. Siyasi iqtisada iqtisadi fəaliyyət qaydalarının kompleksi kimi baxır, ölkə iqtisadiyyatını dövlət idarəetməsinin obyekti hesab edirdi. Monkretyendən sonra və XIX əsrin sonuna qədər siyasi iqtisad ölkə iqtisadiyyatı haqqında elm, ayrı-ayrı dövlətlərin iqtisadiyyatı kimi anlaşılırdı.

 Dövlət hakimiyyətinin möhkəmlənməsində və ölkə sərvətinin mənbəyinin ən etibarlı yolunu xarici ticarətdə görən iqtisadçının fikrincə, ticarət birinin qazancı, digərinin itkisi ilə nəticələnir. Amma daxili ticarət prosesində ayrı-ayrı iştirakçılar qazanıb itirsə də, bütövlükdə ölkə heç nə itirmir və əldə etmir. Xarici ticarətdə isə xarici tacirlər nasos kimidir, onlar mənfəət əldə edərək ticarət etdiyi ölkənin sərvətini zorla qoparıb aparırlar. Buna görə də, iqtisadçı onların qovulmasını təklif edirdi.

 Monkretyen həmçinin gömrük mühafizəkarlığının tərəfdarı olmuş və hesab etmişdir ki, ölkəyə gətirilən əcnəbi mallar üzərinə yüksək vergi qoyulmalı və rüsum alınmalıdır. Sənayenin inkişafını, sənaye və sənətkarlıq məhsullarının təkmilləşdirilməsini və ixracını təklif edən Monkretyen dövləti inandırmağa çalışırdı ki, fransız sənətkarlarının və tacirlərinin dövlətin hərtərəfli və ciddi himayəsinə ehtiyacları var və bu himayənin göstərilməsi olduqca zəruridir. Belə ki, bu malların yerli istehsalata maneə olmasına yol vermək olmaz.

 Monkretyen “pul” və “sərvət” alayışlarını fərqləndirərək qeyd edirdi ki, qızıl ölkədə sərvət və rifah üçün imkanlar yaratsa da, onu zəngin etmir. O, “təbii sərvətə” (taxıla, duza, çaxıra və s.) birinci dərəcəli əhəmiyyət verirdi. Hesab edirdi ki, dövləti qızılın və gümüşün sayı, mirvari və brilyantın miqdarı zəngin etmir, "həyat və geyim üçün lazım olan predmetlərin olması" varlı edir.

 Monkretyen hesab edir ki, “insanların xoşbəxtliyi sərvətdədir, sərvət isə əməkdədir”, bolluq (israfçılıq) yalnız yerli məhsulların istehlakı, onun istehsalçılarının işi olduğu və “mənfəətin ölkə daxilində qaldığı” halda qanunidir. İqtisadçı lazımsız dəbdəbəyə qarşı çıxır və ona dövlət üçün ölümcül bəla və qızılın ölkədən xaric olmasına gətirib çıxaran başlıca səbəblərindən biri kimi baxırdı.
Monkretyen iqtisadi həyata dövlətin müdaxilə etməsinin, vergilərin alınmasının və ticarət mənfəətinin tərəfdarı olmuşdur.

 P.S. Əczaçı oğlu olan A.Monkretyen erkən yaşlarından yetim qalmış, gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş və coşqun həyat tərzi yaşamışdır. 17-ci əsr fransız dramaturgiyasının banilərindən sayılan Monkreyten 1595-ci ildə ilk faciəsini (“Sofonisba”) yazmış, 1601-ci ildə faciələr toplusunu (“David”, “Aman”, “Hektor və s.”) nəşr etdirmişdir.

 Monkretyen bir neçə dueldə iştirak etmiş, 1603-cü ildə ölümcül yaralanmış, 1604 və 1605-ci illərdə dueldə rəqibini öldürdükdən sonra İngiltərəyə qaçmaq məcburiyyətində qalmışdır. Onun iqtisadiyyata marağı da məhz İngiltərədə qaldığı zaman yaranıb. O, protestantlara tərəf olmuş, döyüşdə öldürülmüş, ölümündən sonra mühakimə olunmuş, cəsədi isə yandırılmışdır.

 Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva