UİLYAM PETTİ
- Oxunub 2602 dəfə
(1623, Romsi, Böyük Britaniya – 1687, London, Böyük Britaniya)
Əsərləri: “Vergilər və rüsumlar haqqında traktat” (1662), “İrlandiyanın siyasi anatomiyası” (1672), “Siyasi hesab” (1676), “Pul haqqında müxtəlif mülahizələr”(1682).
XVII əsrin sonu – XVIII əsrin əvvəllərində iqtisadi cəhətdən inkişaf etmiş Qərbi Avropa ölkələrində klassik siyasi iqtisad adlanan istiqamət yaranmışdır. İngiltərədə klassik siyasi iqtisadın banisi Uilyam Petti olmuşdur.
U.Petti dəyər, renta, əmək haqqı, əmək bölgüsü, pul, qiymət və onun növləri və s. haqqında dediyi fikirləri ilə siyasi iqtisadın əsasını qoymuşdur. Onun ən böyük nailiyyətlərindən biri siyasi cəbrin, yəni statistikanın kəşf edilməsi idi. O, dövlət statistika xidmətinin yaradılması və statistik məlumatlardan istifadə etməklə ölkənin iqtisadi vəziyyətinin qiymətləndirilməsi məsələsini irəli sürmüşdür. Milli gəlirin hesablanmasına böyük əhəmiyyət vermiş, ilk olaraq İngiltərənin milli sərvətinin hesabını aparmışdır. Milli gəliri əhalinin istehlak xərclərinin cəmi kimi, milli sərvəti isə maddi sərvət kimi müəyyən etmişdir.
Petti iqtisadi hadisə və proseslərin mahiyyətinin təhlilinə, daxili səbəb və asılılıqlarını göstərməyə çalışmışdır ki, bununla da siyasi iqtisadda elmi abstraksiyalar metodunun tətbiqinin əsasını qoymuşdur.
Burjuaziyanın mənafeyinə xidmət edən və burjuaziya cəmiyyətini təbii və əbədi hesab edən Petti var-dövlətin mənbəyini tədavüldə deyil, istehsalda görürdü. Onun fikrincə, sərvət məhz maddi istehsal sferasında yaradılır, tədavül sferası isə onun bölgüsünü təmin edir. Dövlətin iqtisadiyyata müdaxiləsinin tərəfdarı olmaqla, bu müdaxilənin başlıca məqsədini istehsalın inkişafını stimullaşdırmaqda görürdü.
Əmək-dəyər nəzəriyyəsinin əsasını qoyan U.Petti Avropada ilk şəxs idi ki, dəyərin mənbəyini əməkdə görürdü. Maddi sərvət yaradan əməyi məhsuldar əmək hesab edən Pettinin “sərvətin atası əmək, anası isə torpaqdır” fikri məşhurdur. O, “təbii qiymət” təlimini də işləyib hazırlamış, yəni dəyər kimi ehtimal etdiyi orta və ya “təbii qiyməti” tədqiq etmişdir. Tələb və təkliflə müəyyən olunan bazar qiymətini “süni” qiymət adlandırmışdır. Pettiyə görə, “siyasi” qiymət isə siyasi amillərin (inqilab, müharibə və s.) təsirini özündə əks etdirir.
Petti əməyin əmtəə şəklində çıxış etdiyini iddia edirdi. Əmək haqqına əməyin “təbii qiyməti” kimi baxır və əmək haqqının səviyyəsini fəhlələrin yaşayış minimumu ilə məhdudlaşdırırdı. O, əmək haqqının yüksəldilməsinin kapitalistə ziyan olduğunu hesab edirdi.
Petti ümumi izafi dəyər kimi rentanı göstərirdi. İqtisadçının nəzərincə, əkinçilik məhsulunun dəyərindən istehsal xərclərini (toxumun dəyəri və əmək haqqına çəkilən xərcləri) çıxdıqdan sonra, qalan hissəni rentaya aid etmək olar. Rentanın növləri kimi torpaq rentası, pul rentası və differensial rentanı fərqləndirirdi. “Pul rentası” olan borc faizini torpaq rentası əsasında nəzərdən keçirərək qeyd edirdi ki, hər bir pul sahibi torpaq alıb, renta alana çevrilə bilər. Differensial rentanın yaranması səbəbini torpaq sahələrinin münbitliyinin müxtəlifliyi, bazara yaxınlıq və uzaqlığı ilə əlaqələndirirdi və hesab edirdi ki, istehlak mərkəzlərinə yaxın olan torpaqların rentası çox olur.
Petti pula dəyərin həqiqi forması kimi baxır, pulu ümumi ekvivalent rolunu oynayan spesifik əmtəə kimi nəzərdən keçirir, onun miqdarının zəruri olduğundan az və ya çox olmasının iqtisadiyyat üçün mənfi nəticə törədə biləcəyini deyirdi. Tədavül üçün lazım olan pulun miqdarını realizə olunan əmtəələrin kəmiyyəti, miqdarı və pul dövriyyəsinin sürəti ilə müəyyən etməyi təklif edirdi.
Petti qiymətli metallara (qızıl, gümüş) mübadilə dəyəri, qalan bütün əmtəələrə isə istehlak dəyəri kimi baxmışdır. Faiz dərəcəsinin tədavüldəki pulun miqdarı ilə müəyyən olunduğunu göstərmiş və faiz dərəcəsinə müdaxilənin əleyhinə olmuşdur.
Ölkə əhalisini maddi şeylər və yaxud faydalı şeylər istehsal edən şəxslərə və bunları istehsal etməyən şəxslərə bölürdü. Tacirlərin əməyini “qeyri-məhsuldar” adlandırır, onların sayının azaldılmasını tələb edirdi. O, ticarətin, ticarət kapitalının milli sərvətin yaradılmasında iştirakını inkar etmişdir.
İqtisadçı varlılara və tüfeylilətə nifrət etmişdir. Ölkənin sərvətini artırmaq üçün həbs cəzasının pul cəzası (cərimə) ilə əvəz edilməsini lazımlı bilirdi. Hər bir adamdan vergi alınmasının tərəfdarı idi.
U.Petti irəli sürdüyü elmi-nəzəri müddəaları ilə iqtisadi fikir tarixində görkəmli yerlərdən birini tutur.
P.S. İngilis statistiki və peşəkar iqtisadçı olan U.Petti sənətkar ailəsində doğulmuş, latın, yunan, fransız dillərini bilmiş, astronomiyanı, riyaziyyatı mənimsəmişdir.
Oksford universitetində tibb üzrə təhsil almış, 1647-ci ildə surət çıxaran maşın icad etmiş, 1650-ci ildə 27 yaşında olarkən fizika elmləri doktoru, 1651-ci ildə isə anatomiya və musiqi professoru olmuşdur. 1659-cu ildə İngiltərədə II Karlın məsləhətçisi seçilmişdir.
Müasirləri Pettini yumoristik, yaxşı xasiyyətli və ağıllı biri kimi təsvir edirdilər.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva