Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

DAVİD RİKARDO

  • Oxunub 3822 dəfə

 (1772, London, Böyük Britaniya - 1823, Qlosterşir, Böyük Britaniya)

 Əsərləri: “Siyasi iqtisadın və vergiqoymanın əsasları” (1817)

 Klassik siyasi iqtisadın görkəmli nümayəndəsi David Rikardonun bu elmin inkişafında rolu diqqətəlayiqdir. Rikardo iqtisadiyyatı mürəkkəb bir sistem kimi tədqiq edir və burada obyektiv iqtisadi qanunların fəaliyyətini qəbul edirdi. O, siyasi iqtisadın predmetini bölgü sferasının öyrənilməsində görür və hesab edirdi ki, iqtisad elminin problemi gəlirlərin bölgüsünü tənzimləyən qanunu tapmaqdan ibarətdir.

 Rikardo məhsuldar qüvvələri inkişaf etdirməklə kapitalizmə, kapitalist istehsal üsuluna ən əlverişli üsul kimi baxmış və kapitalizmin başlıca funksiyasını maddi nemətlərin artırılmasında görmüşdür. İqtisadçı təsərrüfatın inkişafının hərəkətverici qüvvəsini şəxsi maraq və xüsusi sahibkarlıq hesab edir, məhsuldar qüvvələrin inkişafına böyük əhəmiyyət verirdi.

 O, göstərirdi ki, əmtəələrin dəyəri “onlarda maddiləşmiş əməklə”, bu və ya digər məhsulun istehsal məsrəfləri ilə müəyyən olunur. Onun fikrincə, əmtəələrin dəyəri onların istehsalına çəkilən əməklə düz və əmək məhsuldarlığı ilə tərs mütənasibdir. İqtisadçı dəyərin mütləq və nisbi formada olduğunu göstərmiş, nisbi dəyərə mübadilə dəyəri kimi, mütləq dəyərə əmtəədə təcəssüm olunan əməyin miqdarı kimi baxmışdır.

 Rikardo bütün gəlirlərin yeganə mənbəyinin əmək olduğunu göstərirdi. O, ilk dəfə olaraq əməyi fərdi və ictimai zəruri əməyə bölür və qeyd edirdi ki, dəyər fərdi əməklə deyil, zəruri əməklə müəyyən olunur. İqtisadçı yazırdı ki, əmək təbii və bazar qiymətinə malikdir. Əməyin təbii qiyməti fəhlələrin yaşaması və saylarını artırıb-azaltmadan nəsillərini davam etdirməsi üçün zəruri olan qiymət hesab olunur. Əməyin bazar qiyməti tələb və təklif arasındakı təbii təsir nisbətinin dəyişməsilə ona ödənilən həqiqi qiymət hesab olunur. Onun fikrincə, əməyin bazar qiyməti onun təbii qiymətindən yüksək olduqca fəhlə özünün çiçəklənən və xoşbəxt vəziyyətinə çatır. Əmək haqqının miqdarının müəyyən edilməsi azad bazar rəqabətinin ixtiyarına verilməlidir və heç vaxt qanunvericilik müdaxiləsinin nəzarətində olmamalıdır.

 O, müəyyən edirdi ki, mənfəət əmtəənin dəyərinin bir hissəsidir və hər bir dəyər kimi onun da mənbəyi muzdlu fəhlənin əməyidir. Rikardoya görə, mənfəət kapitalist tərəfindən ödənilməyən muzdlu əməyin mənimsənilməsi kimi çıxış edir. Onun fikrincə, əmək haqqı və mənfəət yalnız əks nisbətdə dəyişə bilər. Belə ki, əgər əmək haqqı artarsa onda mənfəət aşağı düşür və əksinə, mənfəət artarsa, əmək haqqı aşağı düşür.
Rikardoya görə, renta - yerin pozulmayan qüvvələri və imkan istifadəsindən əldə edilən məhsuldan torpaq sahibinə verilən hissədir. Rentanın mənbəyi torpağa tətbiq olunan əməkdir. Kapitalı isə istehsal vasitələrilə eyniləşdirmişdir.

 O, kapitalizm cəmiyyətində üç əsas sinfin – kapitalist, muzdlu fəhlə, torpaq sahiblərinin mövcudluğunu və onların müvafiq olaraq mənfəət, əmək haqqı və renta gəliri əldə etdiyini söyləmişdir.

 David Rikardo elm aləmində ilk dəfə öz diqqətini pul tədavülü problemləri üzərində cəmləşdirmişdir. Onun fikrincə, qızıl və gümüşün dəyəri, bütün digər əmtəələrin dəyəri onların istehsalı və bazara çıxarılması üçün zərüri olan əməyin miqdarına bərabərdir. Pulu tədavül vasitəsi hesab edən Rikardonun fikrincə, ölkədə pul buraxılışı qaydaya salınmalı və kağız pulların buraxılışı nəzarətə əsaslanmalı, hər cür qiymətli metal külçələrinin idxal və ixracına tam azadlıq verilməlidir. Ona görə, pulun dəyəri tədavüldə bərqərar olur və onların kəmiyyətindən asılıdır. Kağız pullar qızılın dəyərinə uyğun, yaxud ona müvafiq olmalıdır.

 Rikardo demək olar ki, ilk iqtisadçıdır ki, xarici ticarəti daxili ticarətdən ayıraraq xüsusi nəzəriyyə kimi irəli sürmüş və hesab etmişdir ki, xarici ticarətdə ölkələr arasında mənfəət norması bərabərləşir. Belə olan halda müqayisəli xərclər prinsipinə üstünlük verilir. Müqayisəli xərclər dedikdə, bu və ya digər əmtəələr üzrə çəkilən xərclərin bərabər, mütləq və müqayisəli səviyyələri nəzərdə tutulur. Rikardoya görə, əgər mövcud ölkə həm yulafı, həm də şərabı az xərclə istehsal edirsə, lakin şəraba nisbətən yulafda onun üstünlüyü çoxdursa, o zaman xərclərin müəyyən nisbətində və mübadilənin müəyyən proporsiyalarında onun üçün yalnız yulaf, başqa ölkə üçün yalnız şərab istehsal etmək daha faydalı olar. İqtisadçıya görə, hər bir ölkə onun istehsalında müvəffəqiyyət qazandığı məhsulları ixrac, istehsalında digər ölkələrin müvəffəqiyyət qazandığı məhsulu isə idxal edir. Müqayisəli xərclər prinsipi və ya müqayisəli üstünlük prinsipi bunu nəzərdə tutur.

 Rikardonun fikrincə, vergilər ölkənin torpağı və əməyinin məhsulundan dövlətin sərəncamına daxil olan hissədir və onlar nəticə etibarilə ya ölkənin kapitalından, yaxud da gəlirindən ödənilir. Ölkənin illik istehsalı onun illik istehlakını əsaslı şəkildə qabaqlayarsa, kapital artır, əks halda kapital azalır.

 Rikardo azad rəqabət tərəfdarı kimi çıxış edir və hesab edirdi ki, dövlət iqtisadiyyata qarışmalı deyil, onun vəzifəsi vergilər yığmaqdır.
D.Rikardonun ideyaları iqtisadiyyat tarixində ən çox müzakirəyə səbəb olan məsələlər sırasında daxildir.

 P.S. David Rikardo ailədə 17 uşaqdan üçüncüsü olmuşdur. 14 yaşında olarkən Hollandiyada birjada ticarət etməyə başlayıb. Yəhudi olduğu üçün, o vaxtın qanunlarına əsasən, bir küncdə işləyib, onun başqalarına mane olmaq hüququ yox idi. Valideynləri, imkanları olsa da, başqa dinə mənsub xanımla ailə qurduğuna görə onu mirasdan məhrum ediblər. Özü pul qazanmaq məcburiyyətində qalıb və uğur qazanıb. Karyerasını bankda qurur və parlamentə seçilir, təqribən 25-26 yaşlarında Rikardo artıq milyoner olur. Lakin bunların heç biri onun intellektual ehtiyaclarını qane etməyib. Nəticədə, Rikardo beynəlxalq ticarət konsepsiyasını hazırlayıb. İqtisadiyyata Adam Smitin işləri ilə tanışlıqdan sonra başlamışdır. O, Tomas Maltus , Jan Batist Sey ilə dost olmuşdur.

 D.Rikardo, dünyada fikrilərini və işlərini hətta Karl Marksın təkzib edə bilmədiyi yeganə burjua iqtisadçısı hesab olunur. Rikardo “qızıl standartın” ideoloqu hesab olunur.

 D.Rikardonun adı həm də “rikardian qüsuru” adlı terminlə məşhurdur. Bu “xəstəlikdən” əziyyət çəkən iqtisadçılar əsərlərində riyaziyyata həddindən artıq, aşırı dərəcədə yer verirlər. Bu əsərləri heç də hər bir adam rahatlıqla başa düşə bilmir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva