Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

FRANSUA KENE

  • Oxunub 2931 dəfə

(1694, Mere, Fransa – 1774, Versal, Fransa)

 Əsərləri: “Əhali” (1756), “Fermerlər”, “Taxıl”, “Vergilər” (1757), “Əkinçilik dövlətinin iqtisadi siyasətinin ümumi prinsipləri və bu prinsiplərə aid qeydlər” (1758), “İqtisadi cədvəl” (1758), “Təbii hüquq” (1765), “Sənətkar əməyi haqqında” (1766)

 İqtisadi təlimlər tarixində mühüm yer tutan fiziokratlar məktəbinin görkəmli nümayəndəsi və yaradıcısı fransız iqtisadçısı Fransua Kene olmuşdur. Milli sərvətin mənbəyini və varlanmağın açarını maddi istehsalda, yəni kənd təsərrüfatında görən Kene, əkinçiliyin təhlilini verməklə bu sahəni yeganə istehsal sahəsi kimi izah etmişdir.

 Siyasi iqtisad elminə “təkrar istehsal” kateqoriyasını ilk dəfə Kene gətirmişdir. İqtisad elmi sahəsində böyük kəşflərdən biri hesab edilən “iqtisadi cədvəl”ində iqtisadçı sadə təkrar istehsal prosesi, kapital və gəlirlər arasında olan mübadilə, təkrar istehsal ediləcək və istehlak üçün yaradılacaq münasibətlər, istehsalçılar və istehlakçılar arasında olan əlaqələrin təhlilini vermişdir.

 “İqtisadi cədvəl”ində Kene vahid orqanizm olan cəmiyyəti üç sinfə bölür: məhsuldar sinif, mülkiyyətçi sinif, səmərəsiz sinif. Məhsuldar sinfə torpaqdan istifadə edənləri, yəni kəndliləri, fermerləri, kənd təsərrüfatında olan muzdlu fəhlələri, kənd təsərrüfatında məşğul olan bütün əhalini daxil edirdi. Mülkiyyət sahiblərinə isə “xalis məhsul” əldə edənləri, yəni torpaqdan gəlir alanları (kral, torpaq sahibləri, kilsə işçiləri) aid edirdi. Sənayedə çalışanları “səmərəsiz”, qeyri-məhsuldar sinif adlandırırdı. Bunlar sənayedə məşğul olan muzdlu işçilər, sənətkarlar, kapitalistlər, tacirlər və kiçik alverçilər idi. O, cədvəlində rəqəmlərin və qrafiklərin köməyi ilə kənd təsərrüfatında yaradılan məcmu və xalis məhsulun natural və pul formasında tədavül prosesi zamanı bu üç sinif arasında bölüşdürülməsi və dövranını təsvir etmişdir. Bu dövretmə kənd təsərrüfatı və sənaye sahələrində istifadə edilmiş vəsaitin ödənilməsini təmin edir, bütün siniflər arasında iqtisadi əlaqələri həyata keçirir.

 “Xalis” və ya izafi məhsul haqqında təlimlərində izafi məhsulun mənşəyini maddi istehsal sferasına daxil edirdi. “Xalis məhsul”u hər il yaradılan sərvət və yalnız əkinçilikdə yaradılan məhsuldan bütün xərcləri çıxdıqdan sonra qalan gəlir adlandırırdı. Bu xalis məhsul dövlətin və xüsusi mülkiyyətçilərin gəlirini təşkil edir. İqtisadçı yalnız xalis məhsula vergi qoyulmasının tərəfdarı idi. O, izafi dəyəri renta ilə eyniləşdirirdi.

 İctimai qanunları “təbii qaydalar” qanunları hesab edən Kene qeyd edirdi ki, bu qanunlar Allah tərəfindən göndərilmişdir və cəmiyyət onlardan təkrar istehsal və bölgü münasibətlərində istifadə etməlidir. Keneyə görə, mülkiyyət hüququ təbii hüququn əsasıdır. O, bəyan edirdi ki, insanların təbii hüquqları onların şeylər üzərində olan hüquqları ilə müəyyən olunur. Bu şeylər isə onlara istifadə etmək üçün zəruridir.

 Ekvivalent mübadilə ideyasını irəli sürən Kene belə hesab edirdi ki, tədavülə daxil olan əmtəələr qabaqcadan verilmiş qiymətlər əsasında çıxış edirlər. Bu o demək idi ki, dəyər istehsalda yaradılır, əmtəələrin alışı hər iki tərəfdə bərabərlik yaradır, satış hər iki tərəf üçün uyğun olan qiymətlər əsasında aparılır və mübadilə heç nəyə üstünlük vermir.

 Kenenin fikrincə, pul qeyri-faydalı sərvətdir, o, mübadilədə vasitəçi rolunu oynayır və ölkə sərvətinin təkrar istehsalına kömək etmir. İqtisadçı pul yığımının əleyhinə çıxış edir, puldan dəfinə kimi istifadə olunmasını istəmirdi. O, yazırdı ki, pul öz özlüyündə adamların tələbatını ödəmir və pul pul yaratmır, istehlak olunmur, təkrar istehsal edilmir. Əmək haqqını fiziki yaşayış minimumu hesab edir və iddia edirdi ki, əmək haqqı adi, elementar tələbatı ödəməli və dəyişməz qalmalıdır.

 Keneyə görə, xarici ticarət müxtəlif ölkələrdə əmtəələr üzərində olan qiymətləri bərabərləşdirsə də, heç bir əlavə şey vermir. Tacirlərin gəliri ölkənin mənfəəti deyil, bu proses təkrar istehsalın yox olması ilə aradan çıxır. Ticarət mənfəətini qeyri-iqtisadi kateqoriya hesab edir və onun haqq-hesabda aldatma yolu ilə əldə edildiyini göstərirdi. Bazar qiymətinin yaranmasının əsas səbəbini əmtəələrin az tapılması və ya məhsul bolluğu, ya da satıcılar ilə alıcılar arasında olan zəif və ya güclü rəqabətdə görürdü.

 Kenenin iqtisadi təlimi öz dövrü üçün həm nəzəriyyə, həm də praktikada mütərəqqi iqtisadi və sosial dünyagörüşü idi.

P.S. Kasıb kəndli ailəsində dünyaya göz açan, enerjili va çalışqan olan Fransua Kene ailədə 13 uşaqdan səkkizincisi olmuş, valideynləri ona heç bir təhsil verə bilməmişdir. Yalnız 12 yaşında olarkən xeyirxah bir bağban ona yazıb oxumağı öyrətmişdir. Oxumağa böyük həvəsi olan Kene müstəqil olaraq təhsillə məşğul olmuş, hətta latın və yunan dillərini öyrənmişdir. Tibb təhsili almış, 1718-ci ildə cərrahiyyə üzrə doktorluq, 1737-ci ildə isə professor dərəcəsini əldə etmiş və xəstəxanada baş həkim vəzifəsində çalışmışdır. Kene istedadlı bir həkim kimi Markiz de Pompadurun və Fransa kralı XV Lüdovikin şəxsi həkimi olmuş, zadəgan titulu almış, sonralar iri mülk sahibinə çevrilmişdir.

 O, görkəmli alim-bioloq kimi də fəaliyyət göstərmiş, eləcə də fəlsəfə ilə məşğul olmuşdur. İdealist olan Kene dinin hərtərəfli hökmranlığını qəbul edirdi. İqtisadiı tədqiqatlara sonrakı illərdə - 60 yaşlarında olarkən başlamışdır. O, ömrünün sonuna qədər möhkəm cansağlığını qoruya bilmişdir.

 Müdrikliyinə görə Keneni Sokratla müqayisə edirdilər. Deyilənə görə, o, təvazökar olmuş, dərin və dərhal aydın olmayan mənalı məsəlləri sevmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva