Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

YOZEF ALOİZ ŞUMPETER

  • Oxunub 2077 dəfə

 (1883, Trşeşt, Çexiya – 1950, Takonik, ABŞ)

  Əsərləri: “İqtisadi böhranın mahiyyəti haqqında” (1910), “İqtisadi inkişaf nəzəriyyəsi” (1911), “İmperializmin sosiologiyası” (1919,) “İqtisadi tsikllər” (1939), “Kapitalizm, sosializm və demokratiya (1942), “İqtisadi təhlilin tarixi” (1954).

 XX əsrin 20-30-cu illərində iqtisadi təlimlər tarixində xüsusi yer tutan iqtisadçılardan biri, ictimai inkişaf nəzəriyyəsinin görkəmli nümayəndəsi Yozef Şumpeter olmuşdur. Onun fikirlərində institusionalizm və klassik siyasi iqtisadın elementləri birləşirdi.

 O, kapitalist iqtisadiyyatının inkişafı və fəaliyyəti mexanizmini bütövlükdə öyrənmişdir. Kapitalizm dedikdə, Şumpeter xüsusi sahibkarlıq sisteminin klassik tipini nəzərdə tuturdu. Şumpeter dinamik dəyişikliklərin səbəbini təhlil edərkən diqqəti istehsal amilləri üzərində cəmləşdirmiş, istehsalı mövcud resursların kombinasiyası kimi nəzərdən keçirmişdir. Onun konsepsiyasına görə, inkişafın hərəkətverici qüvvəsi sahibkarlardır (sahibkarlıq fəaliyyətidır). O, sahibkarlığa istehsal və ticarətlə məşğul olanları daxil edirdi. Sahibkar dedikdə isə göstərirdi ki, sahibkar o adamdır ki, onun xüsusi keyfiyyətləri - təşəbbüskarlığı, hörməti (avtoriteti), bacarığı, risk etmək və gələcəyi görmək qabiliyyəti var. Sahibkarlıq fəaliyyətində risk səviyyəsinin yüksək olduğunu deyən iqtisadçı belə riskli fəaliyyətə sövq edən motivlər kimi isə rəqiblərlə mübarizəni göstərirdi. Sahibkarı təsərrüfatçılıq subyekti adlandıran Şumpeter onun funksiyasının yeni kombinasiyalar həyata keçirməkdən ibarət olduğunu qeyd edirdi. Sahibkarlıqla məşğul olanlar xüsusi əxlaqi keyfiyyətlərə və estetik zövqlərə malik olmalıdırlar. Sahibkarda ətraf mühitdə ona qarşı olan maneələri aradan qaldırmaq üçün güclü ruh və enerji olmalıdır.

 Sahibkar mənfəəti haqda iqtisadçı belə bir fikir irəli sürürdü ki, inkişafsız sahibkar mənfəəti yoxdur, mənfəətsiz isə inkişaf yoxdur. Əgər novatorluq forması istehsalda yox olarsa, istehsal ənənəvi istehsala çevrilərsə, o zaman mənfəət yox ola bilər. Sahibkarlıq mənfəəti - yeni kombinasiyaların həyata keçirilməsinin nəticəsi olmaqla, bütün məsrəflər bağlandıqdan sonra sahibkarın özünün nöqteyi-nəzərindən ona sərbəst qalan vəsaitin bir hissəsidir.

 Sahibkarlığın inkişafı üçün iki əsas amil: təşkilati-təsərrüfat novatorluğu və iqtisadi azadlığın vacibliyini qeyd edən iqtisadçı sahibkarlıq fəaliyyətinə müdaxilənin əleyhinə çıxır, azad sahibkarlığı müdafiə edirdi. Yeni məhsulların yaranması, istehsalın yeni metodlarının üzə çıxması, yeni satış bazarlarının mənimsənilməsi, yeni xammal mənbələrinin əldə edilməsi, bütövlükdə bazar mühütünün dəyişməsi və yeni “istehsal kombinasiyalarının” yaranmasını Şumpeter iqtisadi dinamikanın səbəbi və mahiyyəti kimi şərh edirdi.

 Sərvətin yığılması, onun institusionalizmi, iri korporasiyaların yaranmasını, dövlətin iqtisadiyyata nüfuz etməsinin güclənməsini Şumpeter kapitalist sisteminin böhranı və dağılması kimi başa düşürdü. Rəqabətə iqtisadi artım nöqteyi-nəzərindən baxır və hesab edirdi ki, rəqabət köhnə ilə yeninin: yeni əmtəələr, yeni texnologiyalar, tələbatların ödənilməsinin yeni mənbələri, işin təşkilinin yeni növlərinin rəqabətidir.

 Şumpeterin konsepsiyasında ancaq kapitalın pul forması qəbul edilir. Kapital sahibkara öz yeni məqsədlərinə nail olmaq üçün ona lazım olan konkret neməti sərəncamına keçirməyin və ondan istifadənin, həmçinin istehsalı yeni istiqamətə yönəltmənin bir vasitəsidir. Kapital anlayışı yeni kombinasiyaların həyata keçirilməsi prosesini və üsulunu xarakterizə edir.

 Kredit məsələlərinə gəldikdə isə, onun fikrincə, kredit vasitəsilə mövcud istehsal amillərindən istifadə etməklə “yeni istehsal kombinasiyaları”, yəni yeni məhsul növləri, istehsal sahələri yaratmaq olar. Buradan da Şumpeter təsərrüfatın inkişafında bankların xüsusi rolunu qeyd edirdi. İqtisadi inkişafın orijinal və düşünülmüş nəzəriyyəsini irəli sürmüş Şumpeter yaddaşlarda məşhur iqtisadçı alim kimi qalmışdır.

 P.S. Alman ailəsində doğulan Şumpeter yunan, latın, fransız, ingilis və italyan dillərini bilirdi. O, tədris planına riayət etmədiyi üçün Ukraynada Çernovis Universitetindən qovulmuşdur. Şumpeter Amerika, İngiltərə, Avstriya, Almaniya, Ukrayna, Çexiya, Misir, Polşa, Fransa kimi ölkələrdə çalışmışdır. 3 dəfə ailə həyatı qurmuşdur.

 Vyana Universitetinin tələbəsi olarkən Şumpeter dünyanın ən böyük iqtisadçısı, Avstriyanın ən mahir atlısı və Vyananın ən yaxşı aşiqi olacağına and içmişdi. Qocalığında, iki məqsədinə çatsa da, ondan yaxşı atlı çıxmadığına təəssüf etmişdir. Şumpeter Adam Smiti deyil, Jak Tyürqonu 18-ci əsrin böyük iqtisadçısı, Leon Valrası isə “bütün iqtisadçıların ən böyüyü” hesab etmişdir. O, Con Meynard Keyns və David Rikardonu “rikardian qüsuru”na görə tənqid etmişdir.

Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva