KARL MARKS
- Oxunub 4904 dəfə
(1818, Trier, Almaniya - 1883, London, İngiltərə)
Əsərləri: “İqtisadi və fəlsəfi əlyazmalar” (1844),“Əmək haqqı və kapital” (1847),“Kommunist partiyasının manifesti” (1848), “Siyasi iqtisadın tənqidinə dair” (1859), “Əmək haqqı, qiymət və mənfəət” (1865), “Kapital” (1867)
Karl Marks yeni bir siyasi iqtisad məktəbinin - marksist siyasi iqtisad elminin yaradıcısıdır. Şah əsəri olan “Kapital” əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermişdir. O, “kapitalın dinc yolla yaranması” ideyasına zərbə endirərək, ilkin kapital yığımı prosesinin bilavasitə maddi nemətlər istehsal edənlərin, cəmiyyətin sərvətini yaradanların zorakılıq yolu ilə istehsal və yaşayış vasitələrindən məhrum edilməsi ilə yarandığı fikrini iddia etmişdir.
Marks kapitalist istehsalına istehsal prosesinin və tədavülün vəhdəti kimi, əmtəə istehsalına kapitalizm cəmiyyətinin “iqtisadi hüceyrəsi” kimi baxmışdır. O yazırdı ki, “kapitalist istehsal üsulunun hökm sürdüyü cəmiyyətlərin sərvəti” külli əmtəə yığını kimi, ayrıca bir əmtəə isə bu sərvətin bəsit forması kimi meydana çıxır. Kapitalist istehsal üsulunu tədqiq edərkən o, dialektik və tarixi materializm metodundan istifadə etmişdir.
İqtisadi təlimlər tarixində ilk dəfə Marks bütün ictimai istehsalı iki bölməyə: istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalına ayırmışdır. Onun təliminə əsasən, bütün cəmiyyətlərin əsasını maddi istehsal, maddi istehsalın əsasını isə məhsuldar qüvvələr təşkil edir. İqtisadçı istehsal vasitələrinə sahib olan təbəqəni burjuaziya, bunlardan məhrum olan və burjuaziya tərəfindən əmək haqqı qarşılığında istismar edilənləri proletariat, bu iki təbəqə arasında olanları isə orta sinif adlandırırdı. Öz baxışlarında sinfi mövqedən çıxış edən Marksın fikrincə, cəmiyyətin aparıcı qüvvəsi proletariatdır və proletariat xüsusi mülkiyyəti ləğv edə bilər. Proletariat üçün yeni bir iqtisadi elmi sistemin yaradılması zəruridir.
Marks ilk dəfə olaraq göstərirdi ki, kapital mübadilə dəyəridir və mənfəət gətirir, kapitalın hərəkəti istehsal prosesi ilə başa çatmır, o, tədavüldən öz hərəkətini başlayır və tədavül vasitəsilə mövcudluğunu saxlayır. İlk olaraq marksizm təlimində kapitalın iki bölgüsü aparılmışdı: sabit (kapitaldan əsas kapitalın aşınmasına və xammal məsrəfinə hesablanan məbləğ) və dəyişən (muzdlu işçilərə verilən əmək haqqı) kapital.
Əməyə hər cür istehsalın daimi zəruri şərti kimi baxan Marks ilk dəfə olaraq əməyin ikili xarakterini – faydalı əmək kimi konkret əməyi və insanın fiziki və mənəvi qüvvələrinin məsrəfi kimi abstrakt əməyi göstərmişdir. Marks göstərirdi ki, dəyər istehsal fəaliyyətilə əlaqədar olaraq təzahür edən münasibətdir və ona sərf olunan əməyin miqdarını ifadə edir. Məhz mübadilə prosesində ümumi əməyin təzahür forması olan pul yaranır və dəyərin pulla ifadəsi olan qiymət təzahür edir.
Marksın fikrincə, izafi dəyər mübadilə prosesində pul tərəfindən yaranmır, o, əmək prosesində muzdlu işçi tərəfindən yaradılan “ödənilməmiş” əməkdir. Mütləq və nisbi izafi dəyər haqda fikirlərində iqtisadçı göstərirdi ki, mütləq izafi dəyər istehsalı əməyin formal olaraq kapitala tabe olmasına uyğun gəlir. Muzdlu əmək sahibi özünün və ailəsinin yaşaması üçün zəruri əmək sərf edib əvəzində əmək haqqı almaqla yanaşı, izafi əmək sərf etməklə izafi məhsul, yəni izafi dəyər yaradır ki, bu izafi dəyəri də kapitalist mənimsəyir. İqtisadçı mənfəətin izafi dəyərin çevrilmiş forması olduğunu və ondan törədiyini bildirirdi. Marksa görə, muzdlu fəhlənin əməyi ilə yaradılan və mürəkkəb mexanizm olan izafi dəyərin müxtəlif kapitalist qrupları arasında mənfəət qanunu ilə tənzimlənən bölgüsü nəticəsində əmək prosesində iştirak etmədən sənayeçi kapitalist mənfəəti, ticarət kapitalisti ticarət mənfəəti, borc kapitalisti faiz, torpaq sahibləri isə renta əldə edirlər. Burjua dövləti isə vergilər hesabına varlanır. O, mülkiyyətdən əldə olunan gəliri qazanılmamış gəlir kimi izah edirdi.
Karl Marksın iqtisadi təlimi ümumdünya iqtisadi fikrinin mühüm tərkib hissəsi olmuş, apardığı geniş, dərin və tənqidi araşdırmalar isə ona olduqca böyük nüfuz qazandırmışdır.
P.S. Filosof, sosioloq, iqtisadçı, yazıçı, şair, jurnalist, ictimai xadim və fəhlə sinfinin lideri olan Karl Marks çoxuşaqlı və kasıb olub və heç yerdə işləmirdi. Şübhəli dairələrdə üzv olması səbəbindən ona vəzifələrdə işləməyə imkan verilmirdi. O, həyat yoldaşının öz valideynlərinin zinət əşyalarını lombarda verməsi ilə əldə edilən vəsait hesabına yaşayırdı. Tez-tez kömək üçün 1844-cü ildə tanış olduğu və ömürlük dostu (40 illik), uğurlu biznesmen olan Fridrix Engelsə müraciət edirdi. Marksın diqqətinin işçi sinfinə yönəlməsi də məhz Engelsin sayəsində olmuşdur.
Deyilənlərə görə, Marks şəxsi həyatda çox pinti, bərbad ev sahibi, çox içən və tez sərxoş bir şəxs olub. O, az hallarda yuyunur və paltarlarını dəyişirmiş. Marks mənzil kirayə götürərkən hakimiyyət orqanlarının onu izləməsini çətinləşdirmək üçün tez-tez təxəllüsdən istifadə edirdi. Parisdə olarkən “Misyö Ramboz”, Londonda isə məktublarını imzalayarkən “A.Uilyams” adlarından istifadə edirdi. Uşaqları onu “Köhnə Nik” və ya “Çarli” çağırırdı. Marks dostu Engelsə “General” ləqəbini vermişdi.
Özünü inqilabçı və burjuaziyanın “qəbir qazan”ı sayan Karl Marks karyerasına sadəlövh romantik şair kimi başlayıb. O, özünü David Rikardonun intellektual varisi hesab etmişdir. Onun dəfn mərasimində cəmi on nəfər adam iştirak edib.
Marks bəşər tarixində ən çox oxunan və ən nüfuzlu, eləcə də sosial elmlərin təməlini qoyan 3 şəxsdən biri kimi tanınır.
Hazırladı: elmi işçi Gülnarə Fətəliyeva