Daha iki şöbə Elmi Şurada hesabat verdi
- Oxunub 994 dəfə
“Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” və “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbələrinin hesabatı dinlənildi
Dekabrın 3-də AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında elmi şöbələrin hesabatlarının dinlənilməsi davam etdirildi. Elmi Şuranın sədri, İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda daha iki şöbənin əməkdaşları hesabat verdilər. Onu da qeyd edək ki, 2017-2018-ci illərdə AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan Respublikasında post-neft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” mövzusunda plan elmi-tədqiqat işləri yerinə yetirilib.
“Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, i.e.d., professor Tərbiz Əliyev “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması imkanları və sahibkarlığın inkişaf istiqamətləri” mövzusunda apardıqları tədqiqat işləri və onların nəticələri, çap olunmuş elmi əsərlər, elmi müzakirələrdə və konfranslarda iştirak və s. barədə ətraflı məlumat verdi. Sonra i.e.d., prof. Qəzənfər Süleymanov, iqtisad üzrə fəlsəfə doktorları - Əbdül-Səməd Həsənov, Esmira Bayramova, Ramil Əliyev və Mahir Zeynalov apardıqları tədqiqatlarla bağlı məruzə etdilər, sualları cavablandırdılar.
Sonra “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin “Postneft iqtisadiyyatı şəraitində əhalinin həyat səviyyəsində və yaşayış keyfiyyətində baş verən dəyişikliklərin tədqiqi” mövzusunda elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. Şöbə müdiri, i.f.d. Pərviz Həsənov əsas məruzə ilə çıxış etdi. Habelə şöbənin baş elmi işçisi, i.f.d. Cəlil Quliyev öz tədqiqat mövzusu üzrə məruzə etdi, maraqlı müzakirələr aparıldı (economics.com.az).