“Maliyyə, pul-kredit siyasəti” şöbəsinin hesabatı dinlənilib
- Oxunub 1500 dəfə
Noyabrın 20-də İqtisadiyyat İnstitutunda şöbələrin illik hesabatları üzrə keçirilən növbəti iclasda “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin əməkdaşlarının 2015-ci il üçün yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatı dinlənildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda elmi işlər üzrə direktor müavini Allahyar Muradov və elmi katib Rəsmiyyə Abdullayeva da iştirak edirdilər.
Şöbə müdiri Tanrıverdi Paşa məlumat verdi ki, bu il şöbə tərəfindən “Azərbaycan iqtisadiyyatında maliyyə-vergi, pul-kredit mexanizmlərinin tətbiqinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi” mövzusunda tədqiqatlar aparılıb. “Azərbaycanın bank sektorunda vergiqoymanın təkmilləşdirilməsi” mövzusunda tədqiqat işi yerinə yetirən T.Paşa təhlil və qiymətləndirmələr, əsas elmi nəticələr barədə danışdı.
Daha sonra şöbənin işçiləri - elmi işçi A.Əliyev “Azərbaycanın vergi sisteminin sadələşdirilməsi və vergi ödəyiciləri üçün xərclərin azaldılması istiqamətləri”, e.i. İ.Qasımov “Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinə vergiqoymanın təkmilləşdirilməsi istiqamətləri”, k.e.i. N.Fətullayeva “Azərbaycan regionlarının büdcə gəlir və xərclərinin tarazlaşdırılması problemləri”, i.f.d. R.Əliyev “Sənaye müəssisələrinin maliyyə dayanıqlığının yüksəldilməsi məsələləri”, e.i. M.Cəfərova “Qiymətli kağızlar və fond bazarlarının iqtisadiyyatın real sektorunun inkişafına təsiri” mövzularında apardıqları tədqiqatlar və əldə olunmuş əsas elmi nəticələr üzrə hesabat verdilər. Mövzular ətrafında geniş müzakirələr aparıldı (economics.com.az).