Doktorantlarla görüş keçirilmişdir
- Oxunub 1666 dəfə
Yanvarın 28-də AMEA İqtisadiyyat İnstitutunda “Doktorantlar klubu”nda İnstitutun rəhbərliyinin şöbə müdirlərinin də iştirakı ilə doktorantlarla görüşü keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva doktorantlarla iş sahəsində görülən işlərdən danışdı.
İnstitutun şöbə müdirləri - professor Tofiq Hüseynov, i.f.d. Cəlil Quliyev, Tanrıverdi Paşa və diğərləri doktorantlarla birgə işin təşkili, tədqiqatların aparılmasında onlara kömək göstərilməsi, dissertasiyaların keyfiyyəti, elmi məqalələrin yazılması və çapı, alimlərimizin əsərlərinə istinad edilməsi və s. kimi problemlərlə bağlı öz fikirlərini bölüşdülər, irad və təkliflər səsləndirdilər.
Görüşdə doktorantlar dissertasiyaların yazılmasından müdafiəsinədək olan prosedurların çətinliyindən, xaricdə elmi məqalələrin çapı sahəsindəki problemlərdən söz açdılar. Onları narahat edən bütün məsələlərə aydınlıq gətirən İnstitutun rəhbərliyi doktorantlara imkan daxilində hər cür kömək ediləcəyini vurğuladı. Bununla yanaşı, dissertasiyaların keyfiyyətli yazılması ilə bağlı tələblərə və qaydalara əməl olunmasının vacibliyi də xüsusi olaraq qeyd edildi (economics.com.az).