Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Aparıcı elmi işçisi Dağıstan Yusifov vəfat etmişdir

 AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi Dağıstan Yusifov 2018-ci il oktyabrın 6-da vəfat etmişdir.

  Respublikamızda ağsaqqal iqtisadçı alimlərdən biri kimi tanınan Dağıstan Eynal oğlu Yusifov 1942-ci ildə Ermənistanın Qafan rayonunun Gığı kəndində anadan olub. 1958-ci ildə həmin kənd orta məktəbini, 1963-cü ildə isə Qafan rayonunda Dağ-mədən Texnikumunu bitirib. 1964-cü ildə ADU-nun geoloji-coğrafiya fakultəsinə qəbul olub. 1969-cu ildə isə həmin fakultəni bitirərək coğrafiya müəllimi və coğrafiyaşünas ixtisasına yiyələnib.

 D.Yusifov 1969-cu ildən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1972-1977-ci illərdə aspiranturada təhsil almış, 1978-ci ildə elmi işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi adını almışdır. 1979-cu ildə baş elmi işçi vəzifəsinə keçirilmişdir. O, 1990-2015-ci illərdə bir sıra universitetlərdə müəllim kimi də calışmışdır.

 D.Yusifov АМЕА İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi vəzifəsində işləyirdi. İşlədiyi müddətdə 2 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifi, 1 monoqrafiyanın elmi redaktoru kimi fəal elmi yaradıcılıqla məşğul olub. 7 fənn üzrə proqram tərtib edib, 165 elmi məqalənin müəllifidir.

 AMEA İqtisadiyyat İnstitutunda işlədiyi müddətdə kollektivin dərin hörmətini qazanmışdı. İnstitutun elmi-ictimai həyatında yaxından iştirak edirdi.  D.Yusifov onu tanıyanların yaddaşında səmimi, yoldaşlarına qarşı diqqətcil, bütün əməkdaşların uğurlarına sevinən, xeyirxah bir insan kimi qalacaqdır. AMEA İqtisadiyyat İnstitutunun kollektivi D.Yusifovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə, yaxınlarına, onu tanıyan bütün dost və yoldaşlarına dərin hüzünlə başsağlığı verir.

 Allah rəhmət eləsin!

 AMEA İqtisadiyyat İnstitutunun kollektivi