Ağasəlim Ələsgərov vəfat edib
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan iqtisad elmi məktəbinin yaranmasında, yüksəkixtisaslı iqtisadçı kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş görkəmli iqtisadçı alim, İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Ağasəlim Ələsgərov 2015-ci il martın 31-də ömrünün 87-ci ilində vəfat edib.
Ağasəlim Ələsgərov 1928-ci il may ayının 22-də Bakı şəhərində anadan olmuşdur. 1946-50-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil almışdır. 1950-53-cü illərdə Bakı şəhəri Xalq Deputatları Sovetinin Plan Komissiyasında iqtisadçı vəzifəsindən baş iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri və Bakı şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri vəzifələrinə yüksəlmişdir.
1953-54-cü illərdə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmişdir. 1954-55-ci illərdə Bakı Şəhər Soveti İcraiyyə Komitəsində çalışmış, eyni zamanda M.Ə.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun Siyasi İqtisad kafedrasında müəllimlik etməyə başlamışdır.
1958-ci ildə ilk dəfə SSRİ-də “Pambığın maya dəyəri və onun aşağı salınması yolları” mövzusunda namizədlik, 1968-ci ildə “Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi effektliyi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1969-cu ildə professor adına layiq görülmüşdür.
1974-1978-ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və “Siyasi iqtisad” kafedrasının müdiri, 1989-1998-ci illərdə AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifələrində çalışmışdır.
1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
A.Ələsgərovun respublikada yüksəkixtisaslı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. A.Ələsgərovun elmi rəhbərliyi və opponentliyi ilə 78 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanmışdır.
İqtisadiyyatın müxtəlif sahələrində – iqtisadi nəzəriyyə, makro-iqtisadi siyasət, maya dəyəri, əmək məhsuldarlığı, təsərrüfat hesabı və digər istiqamətlərə aid 221 elmi əsərin müəllifidir.
İqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna xidmətləri olan A.Ələsgərov beynəlxalq simpozium və konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir.
A.Ələsgərov məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə “Əməkdar mədəniyyət işçisi”, 1986-cı ildə “Əmək veteranı” medalı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif edilmişdir.
Tanınmış alim, təvazökar və səmimi insan Ağasəlim Ələsgərovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!