Elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırıldılar
- Oxunub 1089 dəfə
Oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirində gənc iqtisadçılar arasında İqtisadiyyat İnstitunun 60 illiyinə həsr olunmuş, NBCBank-ın baş sponsorluğu və “Nicos” kosmetika şirkətinin sponsorluğu ilə keçirilmiş elmi məqalə müsabiqəsinin qalibləri elan olundu, onlara diplom və pul mükafatları təqdim edildi.
Öncə AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d. Fuad Qənbərov müsabiqə barədə məlumat verdi. Tədbirdə “NBC Bank”ın baş direktoru Qasım Əliyev və “Nicos” kosmetika şirkətinin nümayəndəsi də iştirak ediblər. Münsiflər heyətinin qərarına görə, 1-ci yerə AMEA İqisadiyyat İnstitutunun əməkdaşı, i.f.d. Leyli Allahverdiyeva, 2-ci yerə “Xəzər” Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Şəhriyar Muxtarov və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Şahin Əkbərov layiq görülüblər. 3-cü yer üzrə isə AMEA İqtisadiyyat İnstitutunun elmi işci Ceyhun Hüseynov, AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Mirvari Qəzənfərli və Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən Şəhzadə Mədətova qalib elan ediliblər.
Müsabiqənin qaliblərinə fəxri diplomlar və pul mükafatları təqdim olunub. Qaliblərə diplomları akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev və akademik Nərgiz Axundova təqdim ediblər. “NBC Bank” tərəfindən birinci yerin qalibinə 1500 manat, ikinci yerin qaliblərinin hər birinə 1000 manat, 3-cü yerin qaliblərinin hər birinə isə 500 manat mükafat verilib.
Qeyd edək ki, müsabiqə AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məktəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətlərini stimullaşdırmaq məqsədilə keçirilib (economics.com.az).