İqtisadiyyat İnstitutunun elmi işçisi Çində beynəlxalq forumda iştirak edib
- Oxunub 3344 dəfə
Əkbər Hüseynov “Azərbaycanda yoxsulluğun azaldılması istiqamətləri” mövzusunda təqdimatla çıxış edib
Oktyabrın 30-dan noyabrın 4-dək Çin Xalq Respublikasının paytaxtı Pekində Dünya Bankının, Çin İnkişaf Bankının və Çin Sosial Elmlər Akademiyasının ortaq təşkilatçılığı ilə 500-ə yaxın iqtisadçının qatıldığı “Yeni erada yoxsulluğun azaldılması” adlı beynəlxalq forum keçirilmişdir. Təbbirdə 3 əsas məsələ müzakirə edilmişdir: 1. Dayanıqlı inkişafın təmin edilməsində mümkün islahatlar 2. Yoxsulluğun azaldılmasında xarici təcrübələr 3. Yoxsulluğun azaldılmasında beynəlxalq əməkdaşlıq.
1-ci mövzu üzrə müzakirələrə Dünya Bankının prezidenti Cim Yonq Kim, 2-ci mövzu üzrə Beynəlxalq Valyuta Fondunun vitse-prezidenti Devid Lipton və 3-cü mövzu üzrə isə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının sədri Xose Qraziano De Silva rəhbərlik etmişdir. Ölkəmizi tədbirdə təmsil edən AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Əkbər Hüseynov “Yoxsulluğun azaldılmasında xarici təcrübələr” bölməsində “Azərbaycanda yoxsulluğun azaldılması istiqamətləri” adlı təqdimatla çıxış etmişdir. O, ölkəmizdə, xüsusilə də “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf” Dövlət Proqramının əhəmiyyətindən danışmış və büdcə xərclərinin yoxsulluğa təsirinin ekonometrik hesablamalarından çıxan nəticələri ilə bağlı mülahizələrini tədbir iştirakçıları ilə bölüşmüşdür.
Bunlarla yanaşı, Əkbər Hüseynov tədbir iştirakçıları ilə birgə Şenzen, Honq-Konq, Şanxay, Zuanqzou şəhərlərində Çin hökümətinin yoxsulluğun azaldılması yolunda son 10 ildə gördüyü işlər və yaratdığı yeni infrastrukturlarla da yaxından tanış olmuşdur.
Qeyd edək ki, Əkbər Hüseynov ÇXR-da daha əvvəl 2016-cı ildə “Gənc tədqiqatçıların iqtisadi məsələlər üzrə beynəlxalq seminar”ında və keçən il baş tutan “Bir kəmər - bir yol (One belt one road)” ölkələrinin iqtisadi inkişaf və enerji təhlükəsizliyi əməkdaşlığı” adlı beynəlxalq konfransda da fəal iştirak etmişdir (economics.com.az).