Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Tbilisidə Azərbaycan və Gürcüstanın gənc iqtisadçı tədqiqatçılarının görüşü keçirilib

  • Oxunub 1602 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları təqdimatla çıxış ediblər

  Dekabrın 13-də Tbilisidə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun və Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun gənc iqtisadçı alimlərinin iştirakı ilə “dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ümummilli Liderimizin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

 “Dəyirmi masa”da Azərbaycan və Gürcüstanın iqtisadi inkişaf perspektivlərinə dair gənc tədqiqatçıların məruzələri dinlənilib. Hər iki ölkənin gənc alimləri, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları - Ülkər Məmmədova, Gülnarə Fətəliyeva, Əkbər Hüseynov, İsgəndər Babazadə, Fəxrəddin Babazadə, Vüsalə Qubatova və Mirvari Qəzənfərli təqdimatlarla çıxış ediblər, ölkəmizin müstəqillik illərində iqtisadi sahədə əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat veriblər. Görüşdə, həmçinin Azərbaycanla Gürcüstan arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi və bu sahədə gənclərin rolu barədə də fikir mübadiləsi aparılıb, birgə elmi tədqiqatların aparılması və əməkdaşlıq məsələləri müzakirə olunub.

 AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, dosent Mayis Güləliyev jurnalistlərə müsahibəsində deyib ki: “Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirilən tədbirin əsas məqsədi ölkələrimiz arasında iqtisadi münasibətlərə gənclərin gözü ilə nəzər salmaq, gənc iqtisadçı alimlərimizin əlaqələrini inkişaf etdirməkdir. Bu gün hər iki tərəfdə çox bacarıqlı, savadlı gənc alimlərimiz var”.

 Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun direktoru, akademik Vladimir Popava bu cür görüşün təşkilini yüksək qiymətləndirib və bu təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq edib: “Bu gün Azərbaycanla Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir. Lakin gənclərimiz, xüsusən də gənc alimlərimiz arasında əlaqələr istənilən səviyyədə deyil. Bu baxımdan belə görüşlərin, səfərlərin təşkili çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu cür tədbirlər davamlı olmalı və əhatə dairəsi daha da genişləndirilməlidir” (economics.com.az).