AMEA İqtisadiyyat İnstitutunun gənc tədqiqatçısı Çində beynəlxalq forumda iştirak edib
- Oxunub 1763 dəfə
Əkbər Hüseynov forumda “Çində enerji təhlükəsizliyinin təmin olunması yolları” adlı təqdimatla çıxış edib
İyunun 22-dən 26-sınadək Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində ÇXR-Rusiya Enerji İnvestisiya Fondu və Çin Sosial Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə 100-ə yaxın iqtisadçının qatıldığı “Enerji iqtisadiyyatı və enerji təhlükəsizliyi” adlı beynəlxalq forum keçirilmişdir. Tədbirdə 3 əsas məsələ - siyasi-iqtisadi faktorlar və enerji təhlükəsizliyi, enerji sahəsinə qoyulan investisiyaların mövcud vəziyyəti, alternativ enerjilərdən istifadənin genişləndirilməsi müzakirə edilmişdir.
Forumda eyni zamanda ÇXR-ABŞ ticarət əlaqələrindəki mövcud problemlərin enerji təhlükəsizliyi məsələlərinə təsiri, ÇXR-Rusiya Federasiyası arasında enerji sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi yolları, 2020-ci ildən sonra alternativ enerji sektorunda dəyişmələrin ölkə iqtisadiyyatlarına təsiri məsələləri geniş müzakirə olunmuşdur. Ölkəmizi tədbirdə təmsil edən AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin elmi işçisi, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Əkbər Hüseynov “Çində enerji təhlükəsizliyinin təmin olunması yolları” adlı təqdimatla çıxış etmiş və bu sahədə apardığı araşdırmaları tədbir iştirakçıları ilə bölüşmüşdür.
Bunlarla yanaşı, tədbir iştirakçıları Pekində bir sıra dövlət və özəl müəssisələrə baş çəkmiş və Çin hökümətinin enerji təhlükəsizliyinin təmin olunması yolunda son illərdə gördüyü işlər və yaratdığı yeni infrastrukturla yaxından tanış olublar. Qeyd edək ki, gənc iqtisadçı Əkbər Hüseynov müxtəlif vaxtlarda ÇXR-da baş tutan beynəlxalq konfranslarda İqtisadiyyat İnstitutunu təmsil etmişdir (economics.com.az)