Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Daha iki gənc tədqiqatçı adsız fərdi təqaüd alacaq

  • Oxunub 1346 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun daha iki gənc əməkdaşı – elmi işçi Dilman Əsədov və kiçik elmi işçi Ceyhun Hüseynov “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”çü oldu. Dekabrın 26-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında İnstitutun direktoru, professor Nazim Müzəffərlinin təqdimatı əsasında bununla bağlı müvafiq qərar qəbul olunub. Professor N.Müzəffərli və AMEA-nın müxbir üzvü, professor Akif Musayev öz maaşlarından 1 il müddətinə hər ay gənc tədqiqatçılara 100 manat məbləğində fərdi təqaüd verəcəklər.

  Qeyd edək ki, bir il əvvəl AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev gənc tədqiqatçılar üçün adsız fərdi təqaüdlərin verilməsi təşəbbüsü ilə çıxış edib və bu ideya bəyənilib. İqtisadiyyat İnstitutunun Elmi Şurası “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”ün əsasnaməsini də təsdiq edib. Qaydalara əsasən təqaüd İnstitutun direktorunun, AMEA-nın iqtisadiyyat üzrə həqiqi və müxbir üzvlərinin əmək haqqı hesabına könüllü formada maliyyələşdirilir. Bir şəxs, bir qayda olaraq, 1 (bir) adsız Fərdi Təqaüdü maliyyələşdirir. Təqaüdün məbləği onu maliyyələşdirən şəxs tərəfindən müəyyənləşdirilir və 1 il ərzində hər ay verilir. Təqaüd onu verən şəxsin əmək haqqı hesabından onu alanın əmək haqqı hesabına köçürülür. Təqaüd AMEA İqtisadiyyat İnstitutunun yaşı 30-a qədər olan tədqiqatçılarına əldə etdikləri nailiyyətlər əsasında verilir. Təqaüd onu maliyyələşdirən şəxsin bilavasitə tabeçiliyində işləyənlərə, yaxud elmi rəhbəri olduğu əməkdaşlara verilmir. Təqaüdə namizəd direktor tərəfindən irəli sürülür və bu barədə qərar Elmi Şura tərəfindən sadə səs çoxluğu ilə qəbul olunur.

 2019-cu ildə AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi İlqar Sadıqov İnstitutun ilk, elmi işçisi İsgəndər Babazadə isə ikinci “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”çüsüdür. 2020-ci ildə isə D.Əsədov və C.Hüseynov həmin təqaüdü alacaqlar (economics.com.az).