“Birinci Avropa Oyunları və onun Azərbaycanda turizmin inkişafına təsiri”
- Oxunub 2094 dəfə
İnstitutumuzun əməkdaşı Tural Məmmədov AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının keçirdiyi tədbirdə məruzə ilə çıxış edib
İyulun 8-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Bakı-2015” I Avropa Oyunlarının nəticələri və bu mötəbər tədbirin təşkilində AMEA gənclərinin rolundan bəhs edən tədbir keçirilib.Tədbirdə çıxış edən Şuranın sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsindən danışaraq, bu əlamətdar idman tədbirinin tarixi bir hadisə olduğunu, ölkəmizin, o cümlədən milli dəyərlərimizin təbliğində böyük imkanlar yaratdığını bildirib. Oyunların yüksək səviyyədə keçirilməsində xüsusi xidmət göstərmiş AMEA-nın könüllü gənc alim və mütəxəssisləri bu möhtəşəm idman yarışında qazandıqları təcrübədən danışıb, xoş təəssüratlarını bölüşüblər.
Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının üzvü Tural Məmmədov “Birinci Avropa Oyunları və onun Azərbaycanda turizmin inkişafına təsiri” mövzusunda geniş məruzə ilə çıxış etdi. O, Avropa Oyunlarının keçirilməsinin Azərbaycan iqtisadiyyatına müsbət təsirləri və gələcək gözləntilər barədə danışdı. Tural Məmmədov bildirdi ki, Avropa oyunları zamanı Azərbaycana 28 000 turist gəlmişdir. Avropa oyunları keçirilən müddətdə hər bir turist təxminən iki min dollar pul xərcləmişdir. Bu da turizm sektorunun faydalanmasına imkan verir. Otellər, fərqli xidmət sektorları - restoranlar, kafelər, çay evləri və s. praktiki olaraq Avropa oyunlarının Azərbaycanda keçirilməsindən faydalanmaq imkanı əldə edib. Avropa oyunlarında tamaşaçı qismində iştirak edən əcnəbilər arasında Rusiya, Böyük Britaniya və Şimali İrlandiya krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ vətəndaşları üstünlük təşkil ediblər.
Qeyri-Avropa ölkələrindən də I Avropa oyunlarına maraq gözləniləndən artıq olmuşdur. Belə ki, I Avropa oyunlarının telekanallar vasitəsilə yayımlanması bunu deməyə əsas verir. Yarışlar Kanada, Cin, Hindistan, Yaponiya Avstraliya, İran və s. kimi ölkələrdə yayımlanmışdır. Avropa Oyunları ilə bağlı canlı yayım aparan şirkətlərin sayının çox olması Avropa Oyunlarının bir daha faydalı olduğunu göstərən amillərdəndir. Bu da Azərbaycanın daha cox tanıdılmasına yol açır. Avropa oyunları ilə yanaşı Azərbaycan da 4-cü Beynəlxalq Qız Qalası festivalı keçirilmişdir. Bundan əvvəl iki festival Bakıda, bir festival isə Fransanın paytaxtı Paris şəhərində keçirilmişdir. Bunlar da Azərbaycanda turizmin inkişafına təkan verə biləcək təbliğat xarakterli önəmli tədbirlərdir.
T.Məmmədov qeyd etdi ki, Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirdikdə bunu oyunlar keçirilən zaman təkcə əldə edilən gəlirlə müəyyənləşdirmək doğru deyil: “Avropa Oyunları strateji layihə olduğu üçün onun gəlirləri yalnız qısa zamanı deyil, eyni zamanda, uzunmüddətli dövrü əhatə edəcək. Avropa oyunlarına həm də strateji aspektdən yanaşmaq lazımdır. Avropa Oyunlarına sərf olunan vəsaitlərin 75 faizindən çoxu infrastruktur xərcləridir. Bu da o deməkdir ki, indi formalaşdırılan infrastruktur təbii ki, qalacaq. Növbəti oyunlar təşkil edilən zaman həmin infrastrukturdan istifadə etməklə Azərbaycan yenidən gəlir əldə etmək imkanına malik olacaq” (economics.com.az).
T.Məmmədovun məruzəsi ilə daha yaxından aşağıdakı linqdə (yükləməklə) tanış ola bilərsiniz.