Gənc alimlər kimsəsiz uşaqlar evini ziyarət ediblər
- Oxunub 1771 dəfə
11 mart 2016-cı il tarixində AMEA İqtisadiyyat İnstitutunun “Gənc Alim və Mütəxəssislər Şurası”nın üzvləri Bakı şəhəri, Binə qəsəbəsində yerləşən, kimsəsiz uşaqlara himayədarlıq edən "Ümid Yeri” uşaq sığınacaq evini ziyarət etdilər. Novruz Bayramı ilə əlaqədar keçirilən xeyriyyə aksiyasının məqsədi uşaqlarla söhbət etmək, onlarda xoş əhval-ruhiyyə oyatmaq idi.
İlkin olaraq kimsəsiz uşaqları diqqətdən kənarda qoymayan gənc alimlərlə uşaqlar arasında bir tanışlıq oldu. Uşaq evində müəllimə kimi çalışan Əsmər xanım Şura üzvlərini sığınacaq haqqında məlumatlandırdı. Qeyd etdi ki, “Ümid yeri” uşaq sığınacağı 1997-ci ildən fəaliyyətə başlamış, ümumilikdə isə bu günədək 5000-dən çox uşaq burada sığınacaq tapmışdır. Uşaq evində uşaqların sağlamlığı, təhsili, hüquqi sənədlərinin bərparı, valideynlərinin tapılması, dövlət internat məktəblərinə yerləşdirilməsi, hərbi xidmətə göndərilməsi və s. kimi məsələlərin həll edilməsi ilə ciddi şəkildə məşğul olurlar. Hazırda sığınacaqda 41 yetim və valideyn himayəsindən məhrum olan azyaşlı və məktəbli uşaq var. Onlardan 25-i məktəbli, 1-i isə tələbədir.
Daha sonra bayram süfrəsi təşkil olundu. Novruz şənliklərinin əsas personajları olan Kosa və Keçəl tədbirə xüsusi rəngarənglik və xoş ovqat verdi, uşaqlarla maraqlı oyunlar oynadılar, birgə rəqs edildi. Uşaqlara bayram hədiyyələri və müxtəlif geyimlər təqdim olundu. Uşaqlarla maraqlı vaxt keçirən Şura üzvləri sonda onlarla birlikdə xatirə şəkilləri çəkdirdilər (economics.com.az).