“İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq konfrans
- Oxunub 2642 dəfə
19 fevral 2015-ci ildə Bakıda “İslam maliyyəsi: müasir vəziyyət və gələcək gözləntilər” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, İqtisadi Resursların Öyrənilməsi Mərkəzi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə İqtisadi Araşdırmalar Mərkəzi (İKAME) ilə birgə təşkil olunub.
AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov çıxış edərək XX əsrin ortalarından başlayaraq dünyada əsaslı inkişaf tempinə malik olan İslam maliyyəsi üzrə vəsaitlərin Azərbaycanda tətbiqinin genişləndirilməsinin əhəmiyyətindən danışıb: “Bu tədbirin məqsədi İslam maliyyə sistemi sahəsində çalışan yerli və xarici alimləri, ictimai xadimləri, investorları və digər maraqlı tərəfləri bir araya toplayaraq mövzu ətrafında müzakirələr apararaq təkliflər vermək, innovativ fikirləri paylaşmaq, iştirakçıların təmsil olunduqları ölkələr üçün İslam maliyyəsinin tətbiqi sahəsində tövsiyələr hazırlamaqdan ibarətdir”.
Konfransda Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinasiya ofisinin əlaqələndiricisi Mustafa Haşim Polad, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin deputatları Vahid Əhmədov və Əli Məsimli və digərləri çıxış edərək müasir rəqabət şəraitində yüksək maliyyə bazarının daha da inkişaf etdirilməsi, investisiya imkanlarının genişləndirilməsi, kapital alətlərinin çoxaldılması məqsədilə İslam maliyyə sisteminin formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Konfransda kiçik və orta sahibkarlığın investisiya təminatında İslam maliyyəsinin rolu, Azərbaycanda İslam bankçılığının inkişafı: imkanlar və perspektivlər, qeyri-islam ölkələrində İslam bankçılığının inkişaf perspektivləri, İslam bankçılığının inkişafı və Azərbaycanda tətbiqi perspektivləri, lizinq fəaliyyətinin İslam bankçılığı məhsulları ilə maliyyələşdirilməsi imkanları və s. mövzularda məruzələr dinlənilib.