Tanrıverdi Paşa Moskvada beynəlxalq elmi konfransda iştirak edib
- Oxunub 3159 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Maliyyə, pul-kredit siyasəti” şöbəsinin müdiri Tanrıverdi Paşa 18-24 aprel 2015-ci il tarixində Moskvada Rusiya Dövlət Humanitar Universitetinin Domodedovo filialında keçirilən “Dövlət strukturlarının və təsərrüfatı subyektlərinin faliyyətinin hüquqi, idarəetmə və humanitar problemləri: Rusiya və dünya təcrübəsi” mövzusunda X beynəlxalq elmi konfransda iştirak edib.
O, konfransda “Azərbaycan iqtisadiyyatına vergi yükü: müqayisəli təhlil” adlı məruzə ilə çıxış etmiş və müxtəlif sosial-iqtisadi məsələlərə dair müzakirə və diskusiyalarda iştirak etmişdir. Konfransdakı məruzə yaxın aylarda elmi məqalə kimi dərc ediləcək.
Konfransın proqramına uyğun olaraq, onun işinin davam etdiyi müddətdə - aprelin 19-da İqtisadiyyat İnstitutu ilə Rusiya Dövlət Humanitar Universitetinin Domodedovo filialı arasında gələcək əməkdaşlıq, birgə elmi tədqiqatlar haqqında müzakirələr aparılmışdır. Domodedovo şəhər Dairəsi Administrasiyasının rəhbəri – i.e.d., professor D.İ.Qorodetski ilə, Domodedovo şəhər 5 saylı Gimnaziyada müəllimlər və olimpiada qalibləri olan yuxarı sinif şagirdləri ilə Azərbaycanla, onun sosial-iqtisadi, təhsil sistemi ilə bağlı sual-cavabla müşayiət olunan söhbət aparılmışdır. Aprelin 23-də Humanitar Universitetin Domodedovo filialının sıx əməkdaşlıq etdiyi və əyani tələbələrinin 30%-ə qədərinin (1000 nəfər) boş vaxtlarında çalışdığı “Domodedovo” aeroportunun işi və idarə olunma
sistemi ilə tanışlıq üçün oraya səyahət təşkil olunmuş, Aeroportun Direktorlar Şurasının sədri – Rusiyanın çox nüfuzlu iş adamı, rəsmi milyarder D.V.Kamenşiklə (həm də filialın dosenti) elmi diskusiyalarla müşayiət olunan və Azərbaycanda da istifadə olunması (aviasiya ilə bağlı təhsil müəssisələri və aeroportlarda) diqqət çəkə bilən çox əlamətdar bir görüş keçirilmiş və diskusiyalar aparılmışdır.
Konfransın keçirildiyi günlərdə Moskva şəhərinin görməli yerlərinə səyahət və Moskva Musiqi Teatrında çox məşhur bir baletə (Bayaderka) tamaşa etmək imkanı da yaradılmışdır (economics.com.az)
Tanrıverdi Paşanın məqaləsi ilə daha yaxından aşağıdakı linkdə tanış olmaq olar