Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir” mövzusunda konfrans keçirildi

  • Oxunub 1867 dəfə

 Mayın 10-da AMEA İqtisadiyyat İnstitutunda müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının banisidir” mövzusunda elmi-praktiki konfrans keçirildi.

  Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli Azərbaycanın bugünkü inkişafının təməlində ümummilli liderin 1990-cı illərdə apardığı strateji siyasi və iqtisadi islahatların dayandığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyev öz uzaqgörənliyi ilə zamanı qabaqlayıb, islahatlar yolunda qətiyyətli və vaxtında addımlar atıb, ölkənin gələcək sosial-iqtisadi inkişafının əsasını qoyub. Məhz onun təşəbbüsü ilə postsovet məkanında ilk dəfə Azərbaycanda çox uğurlu torpaq islahatları aparılıb, hətta bəzi MDB ölkələri hələ də bu sahədə islahat həyata keçirə bilməyib. N.Müzəffərli H.Əliyevi yüksək intellektə malik görkəmli dövlət xadimi kimi xarakterizə etdi.

 Sonra konfransda alimlərin məruzələri dinlənildi. AMEA-nın müxbir üzvü, i.e.d., prof. Şahbaz Muradov "Heydər Əliyevin iqtisadi inkişaf strategiyası: nəticələr, problemlər, vəzifələr" mövzusunda məruzə ilə çıxış etdi. H.Əliyevin hələ 70-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikanın yüksək iqtisadi inkişaf göstəricilərinə nail olduğunu vurgulayaraq bildirdi ki, məhz vaxtilə H.Əliyevin təməlini qoyduğu və həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün də Azərbaycan qüdrətli dövlətdir. Hazırda isə həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz sosial-iqtisadi cəhətdən inkişaf edir, Azərbaycanın nüfuzu artır və beynəlxalq reytinqlərdə mövqeləri yüksəlir.

 İqtisadiyyat İnstitutunun “Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin  müdiri, i.e.d., professor Tofiq Hüseynov "Heydər Əliyev və Azərbaycanın sənaye siyasəti" mövzusunda məruzəsində Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikada sənayenin dinamik inkişaf göstəricilərindən, yeni sənaye sahələrinin və müəssisələrin yaradılmasından danışdı.

 İnstitutun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi”nin müdiri, i.e.d., professor İsa Alıyev "Heydər Əliyev və Azərbaycanda aqrar siyasət" mövzusunda məruzəsində ölkənin aqrar siyasət strategiyasından, aqrar islahatların əsas istiqamətlərindən və kənd təsərrüfatının inkişafı perspektivlərindən bəhs etdi.

 İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin müdiri, i.e.d., professor  Rəna Sultanova "Heydər Əliyev və Azərbaycan regional iqtisadi siyasət" mövzusunda məruzəsində H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövlərdə ölkənin regionlarının inkişaf göstəricilərindən danışdı. Hazırda da Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı üzrə proqramların uğurla həyata keçirildiyini, rayonların sosial-iqtisadi tərəqqisinə nail olunduğunu qeyd etdi (economics.com.az).