İqtisadiyyat İnstitutunun alimləri Qırğızstanda beynəlxalq elmi konfransda iştirak ediblər
- Oxunub 1825 dəfə
“MDB ölkələrinin inteqrasiyalı inkişaf imkanları: tədqiqatçıların və ekspertlərin dialoqu" adlı konfransda məruzələr dinlənilib
Sentyabrın 17-19-da Qırğızstanın paytaxtı Bişkek şəhərində, "Jannat Regency" otelində “MDB ölkələrinin inteqrasiyalı inkişaf imkanları: tədqiqatçıların və ekspertlərin dialoqu" adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Qırğızstan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu və MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə baş tutan tədbirə Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Moldova və Qırğızstandan alimlər, ekspertlər və gənc tədqiqatçılar qatılıblar.
Konfransı giriş sözü ilə Qırğızstan Milli Elmlər Akademiyasının (QMEA) vitse-prezidenti, professor, QMEA-nın müxbir üzvü Osman Toqusakov açıb. QMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Toktobubu Dıykanbayeva konfransda çıxış edib, tədbirin iştirakcılarına uğurlar arzulayıb.
Tədbirdə iştirak edən AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri – iqtisad elmləri doktoru Sevda Mikayılova, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov və böyük elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru Mətanət Abdalova məruzə ilə çıxış ediblər. S.Mikayılova “Azərbaycan iqtisadiyyatı: iqtisadi inkişaf və nailiyyətlər” adlı məruzəsində bu il 100 illiyini qeyd edən Azərbaycan Respublikasının keçdiyi tarixi inkişaf yolundan danışıb. Hazırda Azərbaycanda uğurla həyata keçirilən enerji, neft-qaz, nəqliyyat, infrastruktur, böyük investisiya layihələri barəsində məlumat verib, ölkəmizin regiondakı rolunu, Avropa və Asiya ilə artan əlaqlərinin əhəmiyyətini qeyd edib.
M.Zeynalov “Biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı meyilləri” adlı təqdimatında son illər Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, islahatların nəticəsi olaraq ölkədə biznes mühiti yaxşılaşır, sahibkarlıq fəaliyyəti inkişaf edir və iqtisadiyyatın bütün sahələrində özəl sektorun xüsusi çəkisi artır. Habelə dövlət müxtəlif vasitələrlə özəl sektorun inkişafını təşviq edir.
M.Abdalova “Texnoparkların fəaliyyətinin əsas xüsusiyyətləri və problemlər” mövzusunda çıxışında müasir texnoparklar və bu sahədəki dünya təcrübəsindən bəhs edib. Habelə son illər Azərbaycanda yaradılan texnoparkların başlıca xüsusiyyətləri, qarşılaşdıqları əsas problemlər və inkişaf perspektivləri barəsində danışıb.
Konfransda iştirakçı ölkələrin ekspertlərinin MDB dövlətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri və iqtisadi inteqrasiya imkanlarına dair məruzələri dinlənilib. Çox maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb. Sonda beynəlxalq konfransın işində fəal iştirak edən məruzəçilərə Qırğızstan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu tərəfindən beynəlxalq sertifikat təqdim olunub (economics.com.az).