Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-da akademik Əlisöhbət Sumbatzadənin 110 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

  • Oxunub 1332 dəfə

 Dekabrın 21-də AMEA-da görkəmli şərqşünas və tarixçi alim, əməkdar elm xadimi, akademik Əlisöhbət Sumbatzadənin 110 illiyinə həsr olunmuş elmi konfrans keçirildi. AMEA İqtisadiyyat İnstitutu tərəfindən təşkil olunan konfransı giriş sözü ilə İnstitutun direktoru, professor Nazim Müzəffərli (İmanov) açaraq fundamental tədqiqatları ilə XX əsr Azərbaycan elmində öz imzasını əbədiləşdirmiş görkəmli elm xadiminin ömür yoluna nəzər salıb. Bildirib ki, ölkəmizdə iqtisad elminin bir sıra istiqamətlərinin inkişafında, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında alimin mühüm xidmətləri olub, zəngin elmi irs qoyub.

  İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək görkəmli alimin həyatı və səmərəli elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Əlisöhbət Sumbatzadənin bacarıqlı elm təşkilatçısı olduğunu deyən N.Axundova onun çoxsaylı elmi kadrların hazırlanmasında misilsiz xidmətlərindən, apardığı tədqiqatların miqyasının genişliyindən, monoqrafik əsərlərinin mövzuları arasında əlaqənin dinamikliyindən, mövcud iqtisadi nəzəriyyələrin praktik əhəmiyyətini əsas götürməsindən, beynəlxalq aləmdə nüfuzundan bəhs edib. Bildirib ki, Ə.Sumbatzadə 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi olub. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb. O, tarix, iqtisadiyyat, etnoqrafiya, fəlsəfə, şərqşünaslıq, etnogenez və digər elm sahələrinin inkişafına layiqli töhfələr verib.

 Diqqətə çatdırılıb ki, əsasən XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı olan Əlisöhbət Sumbatzadənin elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Alim “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilib.

 Tədbirdə AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradovun “XX əsr Azərbaycan ictimai-iqtisadi fikrinin ən görkəmli nümayəndəsi – akademik Ə.Sumbatzadə”, i.e.d., professor İnqilab Əlibəyovun “Şərqşünaslığın inkişafında akademik Ə.Sumbatzadənin rolu” və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “XX əsr Azərbaycan tarixşünaslığının banilərindən biri” mövzusunda məruzələri dinlənilib. Məruzəçilər alimin keçdiyi şərəfli ömür yolundan, elm sahəsində ucalmasından, sanballı əsərlərindən, zəngin elmi və içtimai fəaliyyətindən, elmin inkişafı sahəsindəki xidmətlərindən söz açıblar, alimlə bağlı xatirələrini danışıblar. Onu Azərbaycanda elmin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim kimi xarakterizə ediblər.

 AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, AMEA-nın müxbir üzvü, tarix elmləri doktrou, professor Vəli Əliyev cıxış edərək Ə.Sumbatzadənin Azərbaycan iqtisad, şərqşünaslıq və tarix elmlərinin inkişafındakı xidmətlərindən, məhsuldar əməyindən, xarici ölkələrdə keçirilən elmi konfranslarda ölkəmizi layiqincə təmsil etməsindən danışıb. Digər çıxış edənlər də elmi məktəb yaratmış görkəmli alimin gənc tədqiqatçılara daim dəstək olduğunu söyləyib, onunla bağlı xatirələrini bölüşüblər (economics.com.az).