Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Akademik Asəf Nadirovun 90 illiyinə həsr olunan elmi konfrans keçirildi

  • Oxunub 1328 dəfə

 Martın 29-da AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli iqtisadçı alim, akademik Asəf Nadirovun anadan olmasının 90 illiyi münasibətilə elmi konfrans keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın prezidenti, akademik Akif Əlizadənin adından konfransın işinə uğurlar arzuladı.

  Akademik Asəf Nadirovun Azərbaycanda regional sosial-iqtisadi inkişaf məktəbinin yaradıcısı olduğunu  qeyd edən İsa Həbibbəyli alimin həyat yolundan və elmi fəaliyyətindən bəhs etdi. Bildirdi ki, Asəf Nadirov görkəmli Azərbaycan alimidir, regionların inkişaf etdirilməsi ilə bağlı məsələlər onun elmi faəliyyətinin əsas istiqaməti olub. Azərbaycan regionlarının sosial-iqtisadi inkişaf konsepsiyasının əsaslarını işləyib hazırlamışdır ki, bu gün də həmin elmi tədqiqatlar aktualdır. Alim regionların sənayeləşdirilməsi ilə bağlı çox sanballı tədqiqatlar aparıb, coğrafi amillərlə iqtisadi amillərin əlaqələndirilməsinə əsaslanan qiymətli əsərlər yazıb. Bu sahələrdə elmlər doktorları və elmlər namizədlərinin yetişdirilməsinə  bilavasitə rəhbərlik edib.

 A.Nadirovun həm də bacarıqlı elm təşkilatçısı olduğunu qeyd edən akademik İsa Həbibbəyli alimin içtimai və elmi fəaliyyətini, elmi irsini yeni nəsillər üçün yaxşı bir nümunə kimi qiymətləndirdi.

 Sonra AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Şahbaz Muradov “Görkəmli iqtisadçı alim və böyük elm təşkilatçısı”, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Əli Nuriyev “Elm fədaisi və müdrik insan” və iqtisad elmləri doktoru, professor Rəna Sultanova “Azərbaycanda regional iqtisadiyyatın yaradıcısı” mövzularında məruzə ilə çıxış etdilər.  Akademik Asəf Nadirovu görkəmli iqtisadçı alim, sadə, xeirxah və müdrik insan, elm fədaisi, yüksək insani kefiyyətlərə malik ziyalı kimi xarakterizə edən məruzəçilər onunla bağlı xoş xatirlərini danışdılar, keçdiyi şərəfli ömür yoluna nəzər saldılar.

 Qeyd olundu ki, ağlı, zəkası və zəhmətsevərliyi ilə Azərbaycan Elmlər Akademiyasında çalışdığı 62 il ərzində pillə-pillə yüksələrək kiçik elmi işçi vəzifəsindən AMEA-nın akademik-katibi vəzifəsinə, coğrafiya elmləri namizədliyindən iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi kimi yüksək vəzifəyə, elmi adlara və rütbələrə yiyələnmişdir. O, yüksəldikcə sadələşmiş, xalqının və bütün dost-tanışlarının sevimlisinə çevrilmişdir. Alim bütünlüklə həyatını doğma Azərbaycanın elminə və təhsilinin inkişafına sərf etmişdir.

 Akademik A.Nadirov bütün vəzifələrdə işləyərkən böyük elmi-yaradıcılıq qabiliyyətinə malik olduğunu sübut etmiş, geniş ictimai-siyasi və təşkilati iş aparmış, elmi kadrların seçilməsi, hazırlanması və yerləşdirilməsində müstəsna rol oynamışdır. Akademik, eyni zamanda,1996-2006-cı illərdə ictimai əsaslarla Azərbaycan EA İqtisadiyyat İnstitutunda regionların inkişafı ilə bağlı şöbədə yerinə yetirilən elmi-tədqiqat işlərinə elmi rəhbərlik etmişdir. O, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.

 Akademik A.Nadirov hələ özünün ilk tədqiqatlarında respublikada ipəkçiliyin və ipək sənayesinin səmərəli inkişafı üçün geniş təbii imkanların, əmək resurslarının, əhalinin böyük istehsal təcrübəsi və tarixi ənənələrinin mövcud olduğunu əsaslandırmışdır. Onun əsərlərində respublikadaxili iqtisadi rayonlarda sənayenin inkişaf səviyyəsinin müəyyən edilməsi metodikasını, sənaye sahələrinin iqtisadi təyinatına görə qruplaşdırılması və inkişaf səviyyəsinin müəyyən edilməsi üsullarını vermiş, iqtisadi rayonlarda sənayenin gələcəkdə daha səmərəli yerləşdirilməsi və inkişafı üçün elmi, təcrübəvi və əhəmiyyəti olan bir sıra təklif və tövsiyələr irəli sürmüşdür. Akademik Azərbaycanın iqtisad elminin aktual nəzəri-metodoloji və təcrübi problemlərinin tədqiqinə həsr olunmuş 500-dən çox elmi əsərin, o cümlədən 20 monoqrafiya, kitab və broşürün müəllifidir.

 Akademik A.Nadirov 2014-cü il mart ayının 13-də - ömrünün 85-ci ilinin tamam olduğu gün qəflətən vəfat etmişdir. Onun alim dostları, həmkarları xalqının böyük oğlu olmuş bu görkəmli alimi, böyük vətəndaş və nəcib insanı, gözəl ailə başçısını heç zaman unutmayacaq.

 Sonda akademik A.Nadirovun qardaşı Hidayət Nadirov çıxış edərək yubiliyarın ailəsinin adından elmi konfransın təşkilatçılarına və AMEA rəhbərliyinə öz minnətdarlığını bildirdi (economics.com.az).