AMEA İqtisadiyyat İnstitutunda “İnstitut Günü” qeyd olundu
- Oxunub 1653 dəfə
Aprelin 12-də AMEA İqtisadiyyat İnstitutunda aprelin 14-nun “İnstitut Günü” elan olunması münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli əməkdaşları “İnstitut Günü” münasibətilə təbrik etdi, ən xoş arzularını çatdırdı. Bildirdi ki, bu günün qeyd olunmasının əsas məqsədi iqtisad elminin və Azərbaycanda onun flaqmanı kimi AMEA İqtisadiyyat İnstitutunun ictimai əhəmiyyətinə diqqət çəkməkdir.
Qeyd olundu ki, aprelin 14-də AMEA İqtisadiyyat İnstitutunun yaradılmasının 61 ili tamam olacaq. Bu münasibətlə İnstitutun hər bir əməkdaşına 61 manat mükafat verilib. “İnstitut Günü” ərəfəsində İnstitutun youtube kanalı da açılıb və bu elm mərkəzinin fəaliyyəti ilə bağlı videoların yerləşdirilməsinə başlanılıb. İnstitutda aparılan elmi tədqiqatlar, görülən işlər, həyata keçirilən layihələr barəsində də məlumat verən direktor inzibati şöbələrin bir sıra əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə “Fəxri diplom” təqdim etdi.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın prezidenti, akademik Akif Əlizadənin adından İnstitutun kollektivini “İnstitut Günü” münasibətilə təbrik etdi. Akademik AMEA tarixində ilk dəfə İqtisadiyyat İnstitutunda keçirilən “İnstitut Günü” təcrübəsinin AMEA-nın digər institutları üçün də örnək ola biləcəyini vurğuladı. Bildirdi ki, belə bir gündə institutun keçdiyi yola nəzər salınır, gələcək hədəflər müəyyənləşdirilir. AMEA İqtisadiyyat İnstitutunun yetirmələri iqtisadiyyatın müxtəlif sahələrində, dövlət strukturlarında yüksək səviyyədə fəaliyyət göstərirlər ki, bu da institutun uğurudur. İqtisadiyyat İnstitutunun alimləri dövlət proqramlarının, strateji yol xəritələrinin hazırlanmasında və həyata keçirilməsində ekspert qismində yaxından iştirak edirlər. Hökumət və dövlət qurumları İqtisadiyyat İnstitutunun elmi potensialından istifadə edirlər. Bunlarla yanaşı, son vaxtlar AMEA İqtisadiyyat İnstitutu yeni ideya və təşəbbüslərlə çıxış edir ki, bu da müsbət qiymətləndirilməlidir.
Milli Məclisin deputatı Əli Məsimli vaxtilə AMEA İqtisadiyyat İnstitutunda işlədiyini xatırlatmaqla yanaşı, bu İnstitutun yetirməsi olduğunu vurğuladı. Qeyd etdi ki, İqtisadiyyat İnstitutu AMEA-nın fundamental elmi mərkəzi olmaqla Azərbaycanda tanınmış iqtisadçılar nəsli yetişdirib. İqtisadiyyat İnstitutu Azərbaycan iqtisad elminin flaqmanı kimi bu missiyasını bundan sonra daha da irəli aparmalıdır. Hər il aprelin 14-nü “İqtisadçılar günü” kimi də qeyd etmək olar.
Daha sonra çıxış edənlər – AMEA-nın müxbir üzvləri, professorlar Akif Musayev və Şahbaz Muradov, Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov da İnstitutun şərəfli keçmişinə nəzər saldılar, tarixi ənənələri, iqtisad elminin inkişafındakı və iqtisadçı alimlərin yetişməsindəki rolunu və xidmətlərini qeyd etdilər, İnstitutun kollektivinə gələcək fəaliyyətində uğurlar arzuladılar (economics.com.az).