Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” adlı beynəlxalq konfrans keçirilib

  • Oxunub 1130 dəfə

 İyulun 4-də AMEA İqtisadiyyat İnstitutunda “Azərbaycan-Çin: iqtisadiyyatın sosial məsələləri” adlı beynəlxalq elmi konfrans keçirilib. AMEA İqtisadiyyat İnstitutunun əməkdaşlarının və çinli aimlərin qatıldığı konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova  da iştirak ediblər.  

  Tədbiri giriş sözü ilə açan İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli Çinli qonaqları salamlayaraq onları təqdim edib. Direktor AMEA İqtisadiyyat İnstitutu ilə Çin Sosial Elmlər Akademiyasının (SEA) İqtisadiyyat İnstitutu arasında qurulmuş əməkdaşlıq əlaqələrindən, həyata keçirilən birgə konfranslar və layihələrdən söz açıb.

 AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanla Çin arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişaf tarixindən danışıb. Bildirib ki, Çin Azərbaycana dost olan böyük dövlətdir. Son vaxtlar Çinin yüksək iqtisadi inkişafı onu Asiyada və dünyada qüdrətli ölkəyə çevirmişdir. Çin həm də dünyanın böyük mədəniyyət mərkəzidir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri ilə iki ölkə arasında əlaqələrin əsası qoyulmuşdur. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri ilə bu əlaqələr daha da möhkəmlənmiş, inkişaf etdirilmişdir.

 Akademik qeyd edib ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” layihəsini tam dəstəkləyir, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri bu layihəni tamamlayır. Azərbaycan Çinlə Avropa arasında bir körpüdür. İki ölkə arasında artan əlaqələr böyük perspektivlərə malikdir. İqtisadi əlaqələrin inkişafı elmi əməkdaşlıq üçün də yaxşı zəmin yaradır. AMEA ilə Çin Elmlər Akademiyası, habelə institutlar arasında sıx əməkdaşlıq əlaqələri qurulub. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində yaradılmış Çin Tədqiqatları Mərkəzi uğurla fəaliyyət göstərir. AMEA İqtisadiyyat İnstitutu da bu sahədə öndə gedir, Çin SEA-nın İqtisadiyyat İnstitutu ilə konfranslar keçirilir, birgə layihələr nəzərdə tutulur. AMEA ilə Çinin elmi mərkəzləri arasında elmi əməkdaşlıq bundan sonra daha da inkişaf etdiriləcəkdir.

 Sonra alimlərin məruzələri dinlənilib. Çin Sosial Elmlər Akademiyasının (SEA)-nın üzvü, Çin SEA Sosial Siyasət və Hüquqi Araşdırmalar akademik bölməsinin direktoru Li Peilin “Çində istehlak, gəlir bölgüsü və inkişafın yeni mərhələsi”, Çin SEA Sosiologiya İnstitutunun direktoru, fəlsəfə doktoru Cen Guanqjin “Sosial tədqiqatlar üçün metodologiyaya sadə giriş: gəlirlərin bölgüsü nümunəsində”, Çin SEA Sosiologiya İnstitutunun şöbə müdirinin müavini, fəlsəfə doktoru Tian Fenq “Virtual cəmiyyətdə davranışın sosioloji təhlili”, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyeva “Çində və Azərbaycanda şəbəkə hazırlığı indeksinin müqayisəli təhlili” mövzusunda təqdimatla çıxış etdilər. Çıxışlar ətrafında maraqlı müzakirələr aparılıb (economics.com.az).