Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Çində keçirilən Avrasiya İqtisadi Forumunda AMEA İqtisadiyyat İnstitutu da təmsil olunur

  • Oxunub 1395 dəfə

 Sentyabrın 10-da Çinin Sian şəhərində Avrasiya İqtisadi Forumu işə başlayıb. Sentyabrın 12-dək davam edəcək forumun əsas müzakirə mövzusu "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkələr arasında əməkdaşlıq və inkişaf məsələləridir. Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli və İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Rüfət Efendiyev də iştirak edirlər.

  Açılış mərasimində çıxış edən Çin Dövlət Şurası Sədrinin (Baş nazir) müavini Hu Çunxua bildirib ki, Avrasiya İqtisadi Forumu iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin qurulması və genişlənməsi baxımından vacib rol oynayır. Bu beynəlxalq layihə çərçivəsində bir çox sənədlər imzalanıb. Çindən Avropaya uzanan dəmir yolunun tikintisi davam edir.

 Tarixi İpək yolunun başladığı Sian şəhərində iki ildən bir keçirilən forumun məqsədi "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkələr, onların ayrı-ayrı şəhərləri və regionları, beynəlxalq təşkilatlar, iri şirkətlər arasında birgə əməkdaşlığı təşviq etmək, bununla bağlı məsələlərin müzakirəsi üçün dialoq və qarşılıqlı əməkdaşlıq platformasını təmin etməkdir.

 54 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə maliyyə, ekologiya, mədəniyyət, turizm, elm və texnika, təhsil, elektron ticarət və s. məsələlər müzakirə edilir. Habelə tədbirlər çərçivəsində “İpək Yolu Beynəlxalq Elmlər Akademiyasının” hazırlıq komitəsinin iclası da keçiriləcək (economics.com.az).