Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Tanınmış iqtisadçı alim Xosrov Kərimovun 70 illiyinə həsr olunmuş tədbir keçirildi

  • Oxunub 1746 dəfə

 Oktyabrın 29-da AMEA İqtisadiyyat İnstitutunda iqtisad üzrə fəlsəfə doktoru, dosent Xosrov Kərimovun 70 illiyinə həsr olunmuş yubiley sesiyası keçirilidi. Tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli mərhum alimi görkrəmli iqtisadçı, elm və təhsil fədaisi, fədakar müəllim kimi xarakterizə etdi, onu tanıyanların qəlbində özünəməxsus yeri olan tədqiqatçı kimi həmişə hörmətlə anıldığını qeyd etdi.

   Sonra AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov “Görkəmli iqtisadçı alim və pedaqoq”, İnstitutun aparıcı elmi işçisi, i.e.d., dosent Seyfəddin Səməndərov “Azərbaycan iqtisadi fikir tarixinin mükəmməl bilicisi və peşəkar tədqiqatçısı”, Bakı Dövlət Universitetinin dosenti, i.f.d. Fərhad Qarayev “Elm və təhsil fədaisi” mövzularında məruzə ilə çıxış etdilər.  Xosrov Kərimovu iqtisad elmi sahəsində fenomenal bilik və zəkaya, əsil ziyalılıq, alimlik və vətəndaşlıq mövqeyinə malik olan, sadə, xeirxah və müdrik insan, elm fədaisi kimi xarakterizə edən məruzəçilər onunla bağlı xoş xatirlərini danışdılar, keçdiyi şərəfli ömür yoluna nəzər saldılar.

 Məruzələrdə qeyd olundu ki, prof. Xosrov Kərimov 15 iyul 1949-cu ildə Quba rayonunun Orta Talabı kəndində anadan olmuşdur. İlk təhsilini Talabı kənd 8 illik məktəbində almışdır. 1964-cü ildə Bakı Plan-Uçot Texnikumuna daxil olmuş, 1967-ci ildə oranı mühasibat uçotu ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1967-1971-ci illərdə Dadaş Bünyadzadə adma Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. Hələ tələbə ikən elmə olan böyük marağı ona dərs deyən iqtisadçı alimlərin diqqətini cəlb etmiş, tələbə elmi cəmiyyətində fəal iştirak etmişdir. 1971-76-cı illərdə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O zaman respublikamızda və bütövlükdə Sovetlər ittifaqında tanınan, xüsusi hörmətə layiq olan akademik Bəhmən Axundovun elmi rəhbərliyi ilə keçid dövrünün iqtisadi problemlərinə dair dissertasiya yazmışdır. 1979-cu ildə elmi tədqiqat işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

 X.Ş.Kərimovun bütün yaradıcı ömrü AMEA-mn İqtisadiyyat İnstitutunda, Bakı Dövlət Universiteti kimi böyük tədris və elm ocağında keçmişdir. Alimin 1970-ci illərdən başlayan elmi yaradıcılığı onun 200-ə yaxın elmi əsərin - monoqrafiyaların, məqalələrin, məruzələrin və dərsliklərin, dərs vəsaitlərinin müəllifi kimi tanınması ilə nəticələnmişdir. İqtisadçı alimin elmi maraq dairəsində olan əsas iqtisadi problemlər keçid dövrünün bölgü münasibətləri, Azərbaycan xalqının iqtisadi fikir tarixi məsələləri, iqtisad elminin təkamülü və inkişafı, müasir iqtisadi qloballaşma konsepsiyaları, onların mahiyyəti və təzahürləri, Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişafı və təkmilləşdirilməsi, müasir milli iqtisadi modellər və digər aktual məsələlər olmuşdur.

 İqtisadçı alim öz yaradıcılığında ciddi araşdırmalar tələb edən, aktuallığı ilə seçilən, onu narahat edən iqtisadi problemlərə diqqət yetirməyə üstünlük vermişdir. O, Azərbaycan iqtisadi fikrində bir çox aktual problemlərin ilk və yeganə tədqiqatçısı sayılır. XV-XVIII əsrlərdə Azərbaycan xalqının iqtisadi fikirləri (İ.Nəsimi, M.Füzuli, Ş.İ.Xətai, M.P.Vaqif, Azərbaycan xanlıqlar dövrünün iqtisadi fikirləri, M.Ə.Sabir dövrünün iqtisadi münasibətləri), Azərbaycan Xalq Cümhuriyyəti dövrünün (1918- 1920) iqtisadi fikirlərini tədqiq etmək onun elmi yaradıcılığında xüsusi yer tutur. O, ilk dəfə olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasını araşdırmış, M.Ə.Rəsulzadə, M.B.Məmmədzadənin iqtisadi dünya görüşünə dair maraqlı əsərlər dərc etdirmişdir. Alimin bu tədqiqatları “Azərbaycan xalqının iqtisadi fikir tarixinin oçerkləri” (Elm nəşriyyatı, 1987, rus dilində) iri həcmli kollektiv monoqrafiyada öz əksini tapmışdır.

 Azərbaycan XX əsr iqtisadi fikir tarixini araşdırmaq onun elmi tədqiqatlarında əsas yer tutur. Tədqiqatçı bu dövrün ən görkəmi i iqtisadçı alimlərinin (B.Y.Axundov, H.Ə.Dadaşov, Ə.S. Sumbatzadə, Ə.Ə.Mahmudov, T.S.Vəliyev, M.M.Allahverdiyev, A.A.Nadirov, Ş.M.Muradov və b.) iqtisadi portretini yaratmaqla Azərbaycanda mövcud elmi iqtisadi dünya görüşünün təşəkkülü və inkişafı məsələlərinə diqqət yetirmişdir. Bu araşdırmalar alimin “Azərbaycan iqtisad elminin görkəmli nümayəndələri” (2009) kitabının ərsəyə gəlməsinə səbəb olmuşdur.

 X.Kərimov 40 ildən artıq çəkən səmərəli elmi və pedaqoji fəaliyyəti ilə böyük bir mənəvi irs qoyub getmişdir. Tələbələri onu böyük biliyə malik alim və peşəkar pedaqoq kimi xatırlayırlar. Onun əsərləri ilə yaxından tanış olan əksər tələbə və gənc elm adamları yeni elmi yanaşmasına və dərin məntiqi mühakimlərinə görə onu özlərinin müəllimi, ustadı sayırlar.        

 Tədbirdə Türkiyədən gəlmiş qonaqlar – Beynəlxalq Müstəqil İqtisadi Model Assosiasiyanın vitse-prezidenti Selim Hotil və “Yeni mesaj” qəzetinin yazarı Gökhan Demir X.Kərimovu görkəmli alim, dəyərli insan, sadiq dost kimi xarakterizə etdilər, onunla bağlı xoş xatirələrini bölüşdülər. Həmçinin, AMEA-nın müxbir üzvü, prof. İslam Mustafayev, İqtisadiyyat İnstitutunun baş elmi işçisi, i.e.d. Əli Hüseynov, i.e.d., professor Dünyamalı Vəliyev, aparıcı elmi işçi Tanrıverdi Paşa, alimin tələbəsi, iqtisadçı Firdovsi Şahbazov çıxış edərək alim haqqında xoş xatirələrini söylədilər (economics.com.az).