Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri” kutabının təqdimatı keçirilib

  • Oxunub 1296 dəfə

 Dekabrın 9-da AMEA İqtisadiyyat İnstitutunda Ümummilli Lider Heydər Əliyevin Anım günü münasibəti ilə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, prof. Şahbaz Muradovun Ulu öndərin əziz xatirəsinə və onun Azərbaycan Respublikasının rəhbəri vəzifəsinə birinci gəlişinin 50 illiyinə həsr edilmiş: “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər. Bakı-2019. 594 səh.)” kitabının təqdimat mərasimi keçirilib.

 AMEA əməkdaşlarının, ölkəmizin tanınmış alimlərinin, ali məktəblərin müəllimlərinin, bir neçə millət vəkilinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli açıb. Bildirib ki,oxuculara təqdim olunan prof. Şahbaz Muradovun Ümummilli lider Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyinə həsr edilən kitabında Azərbaycanda tənəzzüldən tərəqqiyə yüksələn həmin dövrün (1969-2019-cu illər) sosial-iqtisadi nəticələri təhlil olunub.  

 AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsinə həsr edilmiş dəyərli tədqiqat əsəri” mövzusunda əsas məruzə ilə çıxış edib. AMEA-nın vitse-prezidenti Ulu öndər Heydər Əliyevin görkəmli dövlət xadimi kimi Azərbaycanın dövlətçilik tarixindəki rolundan, müstəqil Azərbaycanın memarı kimi gördüyü işlərdən danışıb. Bu baxımdan “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019-cu illər. Bakı-2019. 594 səh.)” kitabını dəyərli və mühüm əhəmiyyəti olan tədqiqat əsəri kimi yüksək qiymətləndirib. Qeyd edib ki, kitabda dahi şəxsiyyətin həyat yolu, tükənməz əməyi, Azərbaycanın sosial-iqtisadi tərəqqisindəki xidməti və onun yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin uğurlu nəticələri yer alıb. Əsərdə prof. Şahbaz Muradovun Ulu öndər Heydər Əliyevin fəaliyyətinə yüksək alim qiyməti, onun siyasətinə dərin inam və ehtiram öz əksini tapıb. Kitab reallıqları faktlar və rəqəmlər əsasında özündə əks etdirir. Həm iqtisadi, həm də siyasi baxımdan çox qiymətli mənbə hesab oluna biləcək əsərdə müəllif həm də Azərbaycan iqtisad elminin inkişaf istiqamətlərini göstərmişdir. 

  Sonra AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru (i.e.d.), professor Tofiq Hüseynov “Uğurlu sosial-iqtisadi siyasətin qələbəsi”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgəli “Ulu öndər Heydər Əliyevin elm strategiyası”, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor Tərbiz Əliyev “İqtisadçı alimin ictimai mövqeyini əks etdirən kitab”, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., prof. Rəna Sultanova “Heydər Əliyev və məşğulluq strategiyası” mövzularında məruzə ilə çıxış ediblər.

 Akademik Ziyad Səmədzadə, professor Şahlar Əsgərov “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri” kitabını Azərbaycan iqtisad elminə sanballı tədqiqat əsəri olaraq mühüm töhfə kimi qiymətləndiriblər. 

 Məruzəçilər bildiriblər ki, Ümummilli Liderin Azərbaycanda rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf edir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr (1969-1982-ci illər) ölkə iqtisadiyyatının bərpası və dinamik inkişaf dövrü, ikinci dövr (1993-2003-cü illər) Azərbaycanın "ölüm, ya olum” dilemmasından xilas edilməsi və onun qurtuluş dövrü kimi tarixin yaddaşına həkk olunub. Heydər Əliyev hər iki halda Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafeyini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən cıxara bilib. Heydər Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri – bərpa və dinamik inkişaf mərhələləri; İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni inkişaf mərhələsi kimi tarixə düşmüşdür. Azərbaycanın çağdaş tarixi tarixi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dünyanın ən islahatçı prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır.

 Kitabda müəllifin müxtəlif zamanlarda rəsmi və müstəqil mətbuatda dərc edilən "Türk dünyasının müdrük ağsaqqalı”, "Müstəqilliyimiz və milli mənəviyyatımızın qarantı”, "Heydər Əliyev təcrübəsinə söykənən iqtisadiyyat”, "Azərbaycan Elmlər Akademiyasının inkişafında Heydər Əliyev mərhələsi”, "Böyük mütəfəkkir və Azərbaycan elminin hamisi”, "Heydər Əliyev müstəqilliyimizin banisi və Azərbaycan xalqının əbədiyaşay lideridir” və s. digər müxtəlif sərlövhəli yazıları da çap edilib.

  Qeyd olunub ki, prof. Şahbaz Muradovun həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrin mətbu orqanlarında Ulu Öndərin şəxsiyyəti, apardığı yeganə düzgün siyasət və quruculuq işləri ilə bağlı monoqrafiya, kitab və məqalələri çap olunub və geniş oxucular tərəfindən rəğbətlə qarşılanıb. Müəllifin "Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının təntənəsi: tənəzzüldən tərəqqiyə yüksələn 50 illik çətin yolun sosial-iqtisadi nəticələri (1969-2019)” adlı kitabında isə Ulu Öndərin siyasi hakimiyyətinin müxtəlif illərində gördüyü əzəmətli işlər, bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi və inkişafına yönəlmiş siyasi fəaliyyəti geniş əks olunub.

 Sonda kitabın müəllifi professor Ş.Muradov tədbirin təşkilaçılarına və məruzəçılərə öz təşəkkürünü bildirib (economics.com.az).