Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Görkəmli iqtisadçı alim Mədət Allahverdiyevin 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

  • Oxunub 1007 dəfə

 Yanvarın 17-də AMEA İqtisadiyyat İnstitutunda görkəmli iqtisadçı alim, iqtisad elmləri doktoru, professor Mədət Allahverdiyevin anadan olmasının 90 illiyi münasibətilə elmi sessiya keçirildi.

  Tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli mərhum alimi görkrəmli iqtisadçı, elm və təhsil fədaisi, Azərbaycan iqtisad elminin inkişfına mühüm töhfələr vermiş alim kimi xarakterizə etdi.

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov “Görkəmli iqtisadçı alim və böyük elm təşkilatçısı”, İnstitutun baş elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cəlil Quliyev “Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi və əmək ehtiyatlarından istifadə edilməsinin ilk tədqiqatçısı” və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əmirxan Babaşov “Azərbaycanda yüksək ixtisaslı iqtisadçı elmi kadrların hazırlanmasında böyük xidmətləri olan alim” mövzularında məruzə ilə çıxış etdilər.  M.Allahverdiyevi iqtisad elmi sahəsində dərin bilik və zəkaya, əsil ziyalılıq, alimlik və vətəndaşlıq mövqeyinə malik olan sadə, xeirxah və müdrik insan kimi xarakterizə edən məruzəçilər onunla bağlı xoş xatirlərini danışdılar, keçdiyi şərəfli ömür yoluna nəzər saldılar.

 Məruzələrdə qeyd olundu ki, keçmiş İttifaqda ən çox elmlər namizədləri və doktorları hazırlamış bu elm adamı sözün əsil mənasında böyük alim, söz sahibi və şəxsiyyət idi. O, doğulduğu məkandan, milliyyətindən və ictimai vəziyyətindən asılı olmayaraq elmə həvəsi olan, bu sahədə qabiliyyəti olan bütün gənclərə elmin keşməkeşli yollarında yüksəlməsinə hər cür mənəvi və lazım gəldikdə maddi yardım göstərirdi. Bu görkəmli alimin bilavasitə rəhbərliyi ilə 100-dən artıq elmlər namizədləri və doktorları yetişmiş, onlara elmi məsləhətlər vermiş, çətin günlərində onlara dayaq durmuşdur.

 M.M.Allahverdiyev elmi fəaliyyətə keçən əsrin 50-ci illərindən başlamışdır. O, 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Azərbaycan EA-nın iqtisadiyyat sektorunun aspiranturasına daxil olmuş və təhsilini davam etdirmək üçün Moskva şəhərinə ezam edilmişdir. 1954-cü ildə Moskvada müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir. M.Allahverdiyevin məhsuldar həyatının ən böyük dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda, yeddi ili isə keçmiş Azərbaycan Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda keçmişdir.

 Mədət Allahverdiyevin əsərləri iqtisadi oriyentləri dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlamışdır. O, elmi fəaliyyətinin ilk mərhələsində iqtisad elminin aqrar problemləri, sonrakı mərhələlərində isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq, milli gəlir, regionların sosial-iqtisadi inkişafının proqnozlaşdırılması və sair bu kimi mühüm problemlərin tədqiqi ilə məşğul olmuşdur.

 Keçən əsrin 50-ci illərinin axırları və 60-cı illərinin əvvəllərində Sovetlər İttifaqında kənd təsərrüfatının iqtisadi problemləri diqqət mərkəzində olduğu üçün bu təsərrüfat sahəsini stimullaşdırmaq, burada istehsalı tədricən intensivləşdirməklə ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının təmin edilməsi zərurəti həmin sahənin dərindən tədqiq edilib öyrənilməsini tələb edirdi. Məhz buna görə də bu dövrdə M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-nin çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956), “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgün təşkili” (Bakı, Azərnəşr, 1962) kimi tədqiqat əsərlərinin çap olunub. Bunu nəzərə alan görkəmli alim iqtisadi ədəbiyyatda ilk dəfə olaraq kolxozlarda məhsul vahidinə məsrəflərin ölçülməsi zəruriliyini və imkanlarını elmi və nəzəri cəhətdən əsaslandırmış, burada kapital qoyuluşlarının ölçüsü və ödəmə müddətinin müəyyənləşdirilməsi metodikasını işləyib hazırlamışdır.

 M.Allahverdiyevin elmi-təşkilatçılıq bacarığı sayəsində respublikamızda iqtisad elminin yeni bir istiqaməti - region iqtisadiyyatının optimal fəaliyyəti adlı istiqaməti təşəkkül tapmışdır. Onun  bilavasitə iştirakı və rəhbərliyi altında yerinə yetirilən elmi-tədqiqatların böyük əksəriyyəti təhriri məruzələr və elmi tövsiyələr şəklində direktiv orqanlara təqdim edilərək istifadə olunmuşdur. Alimin bu cür tədqiqatlarının sayı 80-dən çoxdur. Bütün bunlar onu göstərir ki, professor M.Allahverdiyev Azərbaycan iqtisadi gərçəkliyinin zaman-zaman qarşıya qoyduğu ən aktual problemlərə, prioritet istiqamətlərə müraciət etməkdən nəinki çəkinmirdi, əksinə özünün istedadlı və böyük işgüzarlığı ilə bu problemlərin həllinə yeniliklər gətirə bilirdi.

 Professor M.Allahverdiyev elmi ictimaiyyət, xüsusən iqtisadçı alimlər arasında böyük nüfuz sahibi idi. Bu nüfuzu ona alim istedadı, elm yolu ilə gedənlərə təmənnasız köməyi, mübahisəli məsələlərdə prinsipial mövqe tutması qazandırmışdır. Alim özündən sonra zəngin elmi irs miras qoymuşdur.  

 Tədbirdə iştirak edən M.Allahverdiyevin ailə üzvləri tədbirin təşkilatçılarına və məruzəçilərə öz minnətdarlıqlarını bildirdilər (economics.com.az).

Elm TV: Mədət Allahverdiyevin 90 illiyinə həsr olunan elmi sessiya keçirilib (yüklə)

AMEA İqtisadiyyat İnstitutu YouTube kanalı: Mədət Allahverdiyevin -90 illik yubileyi keçirilmişdir (yüklə)