Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu”

  • Oxunub 2924 dəfə

   

Professor Nazim Müzəffərli konfransda “Potensial müqayisəli üstünlük sahələri və vergi siyasətinin strateji prioritetləri” mövzusunda geniş təqdimatla çıxış edib

  İyunun 5-də Vergilər Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Şamaxıda yerləşən Tədris Mərkəzində “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda ölkənin tanınmış iqtisadçı alimləri, Vergilər Nazirliyinin, Milli Elmlər Akademiyasının institutlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər. Konfransı giriş sözü ilə açan akademik Ziyad Səmədzadə tədbirin əhəmiyyətini qeyd etməklə yanaşı müstəqil Azərbaycanın vergi siyasəti, keçdiyi tarixi inkişaf yolu, yeni vergi siyasəti, vergi sistemində aparılan islahatlar, ölkənin iqtisadi inkişafında vergilərin rolu, vergi mədəniyyəti, vergi qəanunvericiliyinin təkmilləşdirilməsi və s. kimi aktual məsələlərdən danışdı.

  Çıxışı zamanı elmi-praktik konfransa 6 akademikin, tanınmış iqtisadçı alimlərin qatıldığını vurğulayan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ölkənin vergi sistemi qarşısında duran vəzifələrdən söz açdı. Habelə Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı, AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, vergilər nazirinin müşaviri, AMEA-nın müxbir üzvü Akif Musayev, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov), İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev məruzələrlə çıxış etdilər.

  Professor Nazim Müzəffərli konfransda “Potensial müqayisəli üstünlük sahələri və vergi siyasətinin strateji prioritetləri” mövzusunda geniş təqdimatla çıxış etdi. Çox maraqla qarşılanan məruzə müzakirələrə səbəb oldu.

  Tədbir çərçivəsində Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalandı. 

  Sonra konfrans işini sessiyalarda davam etdirdi. “İqtisadi inkişaf və vergi siyasəti” adı altında keçirilən birinci sessiyada vergi siyasəti və iqtisadi stimullaşdırma, iqtisadiyyatın modernləşdirilməsi və vergi qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv vergi siyasəti və vergi mexanizmləri, vergitutmada könüllülük prinsipi və partnyorluq istiqamətləri üzrə müzakirələr aparıldı.

 “Sosial inkişaf və vergitutma” adlı ikinci sessiyada müzakirə olunan əsas mövzular isə sosial-iqtisadi bərabərsizliklərin tənzimlənməsində vergi siyasətinin rolu, sosial-əmək münasibətlərinin tənzimlənməsində vergi nəzarəti, korporativ sosial məsuliyyət və vergi öhdəlikləri, vergi mədəniyyəti, regionların və sahibkarlığın inkişafında vergilərin rolu və s. ilə bağlı olub.

  AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları konfransın işində fəal iştirak etdilər. Konfransda İnstitutun şöbə müdirləri, professor Rəna Sultanova “Azərbaycanda sənaye müəssisələrinin vergidən yayınma problemləri”, i.f.d. Aqil Əsədov “Xidmət sahələrinin davamlı inkişafında vergi amilinin rolu”, Tanrıverdi Paşa “Azərbaycanın regionlarının dinamik inkişafında vergi mexanizmlərinin tətbiqi məsələləri” və i.f.d. Mahir Zeynalov “Sahibkarlığın inkişafının stimullaşdırılmasında vergi siyasətinin rolu” mövzularında sessiyalarda məruzə ilə çıxış etdilər (economics.com.az)

 Tanrıverdi Paşanın elmi-praktik konfransdakı məruzəsinin mətni ilə aşağıdakı linkdə (faylı yükləməklə) tanış ola bilərsiniz