Ağdamda “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
- Oxunub 864 dəfə
16 sentyabr 2021-ci il tarixində Ağdam şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “QARABAĞDA YENİ İQTISADİYYAT QURUCULUĞU: AĞDAMDAN İNKIŞAF İMPULSLARI” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Konfransda iqtisadçı alimlərlə yanaşı bir sıra hökumət qurumlarının əməkdaşları (Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi), ali məktəblərin (UNEC, Bakı Biznes Universiteti, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti) müəllimləri və xaricdən (Avropa, ABŞ və Türkiyə) qonaq gəlmiş tədqiqatçılar iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə böyük dağıntıya məruz qalmış Ağdamın müasir vəziyyəti ilə daha yaxından tanış oldular, şəhəri viran qoymuş erməni vandalizminin ürək ağrıdan ağır nəticələrinə canlı şahidlik etdilər. Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəsi Emin Hüseynov və bələdçilər Qarabağ xanlarının abidələr kompleksi və İmarət qəbiristanlığı, Çörək Muzeyi, Ağdam Dövlət Dram Teatrı, Cümə məscidi, Mərkəzi meydan və s. barədə qonaqlara geniş məlumat verdilər.
Tədbir iştirakçıları Ağdamda ağac əkdilər ki, bu da yeni salınacaq, minlərlə insanın yaşayacağı, sivil həyatın yenidən qayıdacağı gələcək yaşıl şəhər quruculuğuna bir yaxşı mesaj, töhfə idi.
Sonra Ağdamda açıq hava altında beynəlxalq elmi konfrans öz işinə başladı. Konfransın açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konfrans iştirakçılarına ünvanlanmış təbrik məktubu səsləndirildi. Məktubda qeyd olunur ki, “Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuzun igid oğulları doğma Qarabağımızı 30 illik işğaldan azad etdi. İndi hər birimizin qarşısında işğaldan azad edilən ərazilərimizin dirçəlişi kimi mühüm bir missiya dayanır... Sizi – Qarabağ torpağında keçirilən ilk elmi konfransın iştirakçıları kimi salamlayır, bu vacib tədbirə uğurlar arzu edirəm! Əminəm ki, aparacağınız müzakirələr Qarabağda elmi əsaslar və qabaqcıl beynəlxalq təcrübəyə söykənən yeni iqtisadiyyatın qurulmasına öz töhfəsini verəcəkdir.”
Tədbiri giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, konfransın Təşkilat Komitəsinin sədri Nazim Müzəffərli (İmanov), Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin
müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev açılış nitqləri ilə çıxış etdilər, Qarabağda yeni iqtisadiyyat quruculuğu, regionun elmi əsaslarla gələcək inkişafı baxımından tədbirin əhəmiyyəti, iqtisadçı alimlərin tədqiqatlarının bu baxımdan çox faydalı ola biləcəyi barədə danışdılar.
Prof. Nazim Müzəffərlinin sədrlik etdiyi konfransın plenar iclasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri” və AMEA İqtisadiyyat İnstitutu Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri” mövzularında məruzə ilə çıxış etdilər. Məruzələr ətrafında geniş müzakirələr aparılmışdır.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə beynəlxalq konfransın iştirakçıları adından müraciət mətni qəbul edildi. Müraciətdə qeyd olurur ki, düşməndən azad edilmiş Qarabağda keçirilən ilk elmi tədbirin – “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfransın iştirakçısıları adından Sizə, qalib Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanına müraciət edir, qəhrəman Əsgər və Zabitimizi, bütün millətimizi səfərbər edərək Qarabağı Vətənə qovuşdurduğunuza, illərdən bəri bəslədiyimiz arzunu gerçəyə çevirdiyinizə, milli şərəfimizi qaytardığınıza görə Sizə sonsuz minnətdarlığımıızı bildiririk.
Sentyabrın 17-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə elmi konfrans onlayn formatda öz işini davam etdirib. Tədbirdə konfransda Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər; Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı; Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət; məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı ilə bağlı aktual mövzular ətrafında tədqiqatçıların məruzələri dinlənilib və müzakirələr aparılıb.
Konfransa 100-dən artıq elmi məqalə təqdim olunmuşdur və seçilmiş konfrans materiallarının kitab şəklində çap olunması nəzərdə tutulur (economics.com.az).
Konfransın əsas məruzəçilərinin təqdimatları ilə aşağıdakı linklərdə tanış olmaq olar
Professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”
Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri”
Professor Akif Musayev “Post-konflikt ərazilərin effektiv məskunlaşdırılması məsələləri”
Fotoqalereya (yüklə)
İctimai Televiziya - Ağdamda ilk beynəlxalq elmi praktiki konfrans keçirilib
İctimai Televiziya - canl yayımda Ağdamda beynəlxalq konfrans
Azərbaycan Televiziyası - Beynəlxalq elmi-praktik konfrans keçirilir - Ağdam