Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq konfransı Bakıda davam edib

  • Oxunub 562 dəfə

 Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşada start götürən “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda davam edib.

 “Fairmont Hotel”də keçirilən tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli, millət vəkilləri və digər rəsmilər, Mədəniyyət Nazirliyinin və İqtisadiyyat İnstitutunun əməkdaşları iştirak edirdilər. Konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran qonaqları salamlayaraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi.

 Mədəniyyət naziri Anar Kərimov konfransda çıxış edərək bildirdi ki, konfransla bağlı  15 ölkədən qonaqlar Azərbaycana gəliblər. Onlar mədəniyyət paytaxtımız Şuşaya və digər rayonlara səfər ediblər. Şuşada çox önəmli bir fikir mübadiləsi aparılıb. Bu tədbir də məhz Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından bu konfrans mühüm əhəmiyyət daşıyır. Nazir qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişaf etdirilməsinə çox böyük önəm verilir: "Nazirliyin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis edilib. Yaradıcı sənayelərin və bu sahənin iqtisadiyyata töhfəsinin artırılması kimi mövzuları daim gündəmimizdə saxlayırıq. Mədəniyyət və yaradıcı sənayelər “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da prioritet inkişaf perspektivləri olan sahələr kimi öz əksini tapıb".

 Konfransda İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov,  Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxış ediblər.

 Daha sonra dövlət mexanizmlərinin və təşviqlərinin yaradılması üzrə panel müzakirələr aparılıb.  Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova, Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev, mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite yaradıcı ekosistemin mühüm məsələləri ətrafında çıxışlar ediblər.  Konfrans iştirakçılarının sualları cavablandırılıb.

 Konfrans öz işini panel iclaslarla davam etdirib. Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə gerçəkləşən ikinci panel mədəni iqtisadiyyatın qlobal tendensiyalarına və sənaye 4.0 ilə yaradıcı iqtisadiyyatın kəsişməsinə həsr olunmuşdu. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, "Re-Fresh Global" (İsrail) şirkətinin həmtəsisçisi Viktoria Kanar, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov və “Zero Gravity Capital” (Slovakiya) şirkətinin əməkdaşı Vit Hanus çıxış ediblər.

 Konfransın üçüncü paneli “Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış” mövzusuna həsr olunmuşdu. "BeNear" şirkətinin təsisçisi və baş icraçı direktoru Lyudmila Livertovski, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Rəşad Hüseynov, xarici ekspertlər Rahul Yadav, Karl Rheinberger öz mülahizələrini bölüşüblər.

 Daha sonra Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Təbriz Əliyev "Azərbaycanın mədəniyyət sektorunun iqtisadi artıma təsirini formalaşdıran amillər", Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyev isə "Qarabağ iqtisadiyyatının mədəni sahələrinin səmərəli formalaşdırılmasında və idarə edilməsində rəqəmsal transformasiya məsələləri" mövzularında təqdimatla çıxış ediblər.

 Sonuncu panel iclasında Şəbnəm Məmmədovanın moderatorluğu ilə “Yaradıcı gələcəyin yetişdirilməsi” mövzusu ətrafında müzakirələr aparılıb. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev,  İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli, mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspertlər Ornela Ramasauskaite, Emili Smith və Revital Nadiv cıxış ediblər. N.Müzəffərli qeyd edib ki, ölkəmizdə ənənəvi mədəniyyəti iqtisadiyyatın bir sektoruna çevirmək üçün Qarabağdan başlamaq, mədəniyyətin iqtisadiyyatına yeni sektor kimi yanaşmaq, azad yaradıcılığa şərait yaratmaq lazımdır.

 Sonda tədbirin bağlanış mərasimində Mədəniyyət nazirinin birinci müavini E.Əliyev yekun nitqi söyləyib. İqtisadiyyat İnstitutunun baş direktoru N.Müzəffərli beynəlxalq elmi konfransın təşkilinə dəstək göstərən dövlət qurumlarına, əməyi keçən hər kəsə, o cümlədən xarici ekspertlərə öz təşəkkürünü bildirib, bu cür müzakirələrin davamlı olacağına əminliyin ifadə edib.

 Sonda konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər.