Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Naxçıvanda İqtisadiyyat İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə konfrans keçirilib

  • Oxunub 951 dəfə

 Oktyabrın 14-də Elm və Təhsil Nazirliyinin nəznində İqtisadiyyat İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişaf və prioritetləri” mövzusunda respublika konfransı keçirilib. “Naxçıvan” Universitetində təşkil olunan tədbirdə İqtisadiyyat İnstitutunun bir qrup alimi, universitetin professor-müəllim heyəti, tələbələr və magistrantlar iştirak ediblər.

 Konfransın açılışında “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, müstəqillik illərində muxtar respublikada tarazlı şəkildə inkişaf etdirilən sahələrindən biri də iqtisadiyyatdır. Müasir dövrün prioritetləri kontekstində ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının qarşısında duran vəzifələrdən danışan rektor muxtar respublikanın dayanıqlı və innovativ iqtisadi inkişafı və digər aktual mövzularda aparılan tədqiqatların nəticələrinin təqdim ediləcəyi birgə elmi konfransın bu istiqamətdə görülən işlərə töhfə məqsədi daşıdığını vurğulayıb. Konfransda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəznində İqtisadiyyat İnstitutunun alimlərinin də iştirak etdiyini qeyd edən N. Əliyeva proqrama daxil olan məruzələr ətrafında maraqlı elmi müzakirələrin aparılacağına əminliyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

 Sonra çıxış edən Elm və Təhsil Nazirliyinin nəznində İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli (İmanov) regionlarda elmi mühitin formalaşmasının mühüm əhəmiyyətindən danışıb. O, bu baxımdan birgə konfransın keçirilməsi ilə bağlı “Naxçıvan” Universitetinin təşəbbüsünü yüksək qiymətləndirib və elmi-tədqiqat institutu olaraq əməkdaşlığa daim açıq olduqlarını qeyd edib. İqtisadi inkişafın təmin olunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdıran prof. N.Müzəffərli konfransın mövzusunun aktuallığından söhbət açıb. Hazırda ölkə başçısının davamlı iqtisadi inkişaf sahəsində müəyyən etdiyi prioritetlərlə bağlı tədqiqatların aparılmasının elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi fəaliyyətin başlıca istiqamətlərini təşkil etdiyini vurğulayan İnstitutun baş direktoru son dövrlərdə “Naxçıvan” Universitetində belə mövzulara xüsusi önəm verilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

 Konfransda çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylu Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən, sənayeləşmə siyasətindən, ixrac potensialının artırılması imkanlarından danışıb.  

 Sonra konfransda elmi məruzələr dinlənilib. Elm və Təhsil Nazirliyinin nəznində İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının innovativ inkişafının təşkilati-iqtisadi imkanları” və Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev “Yeni çağırışlar şəraitində Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının aktual problemləri” mövzusunda çıxış ediblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 Konfrans bölmə iclasları ilə davam etdirilib. İqtisadiyyat İnstitutunun icraçı direktoru, prof. Müşfiq Atakişiyev, şöbə müdirləri – prof. Fuad Qənbərov, dos. Allahyar Muradov və dos. Pərviz Həsənov aktual iqtisadi mövzularda məruzələrlə çıxış ediblər.  Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Sonda İqtisadiyyat İnstitutunun elmi tədqiqatları əsasında çap olunmuş 40-a yaxın kitab “Naxçıvan” Universitetinə hədiyyə olunub.

Konfrans iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzini və bir sıra tarixi abidələri ziyarət ediblər.