“İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib
- Oxunub 906 dəfə
17 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Qarabağ iqtisadi rayonunda Prezidentin Səlahiyyətli Nümayəndəsinin ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.
Tədbirin açılış mərasimində Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış ediblər. Konfrans prof. N.Müzəffərlinin moderatorluğu ilə keçirilib.
Açılış nitqində Sahib Ələkbərov işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, iqtisadiyyatının yenidən qurulması, əhalinin məskunlaşdırılması kimi dövlətin qarşısında duran mühüm vəzifələrdən danışıb. Bildirib ki, bunun üçün çox böyük vəsait tələb olunsa da, Azərbaycan dövləti onları həyata keçirmək iqtidarındadır. Hazırda əsas investor Azərbaycan dövlətidir və bütün mənbələr hesabına Qarabağda bərpa işlərinə 6,4 milyard manat vəsait xərclənib. 2023-cü ilin dövlət büdcəsindən 3 milyard manat ayrılıb. Bunlarla yanaşı 10 il müddətinə vergilərdən azad olunan regiona özəl sektorun sərmayələrinin də aktiv cəlb olunması və əlverişli biznes mühitinin yaradılması nəzərdə tutulur.
Konfransın ilk sessiyasında Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə Xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ İqtisadi Rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları” mövzusundə məruzə edib. O, Qarabağda həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışıraq bildirib ki, işğaldan azad olunmuş ərazilərin 16,4%-i, o cümlədən Ağdam ərazisinin 27,5 faizi, Füzulinin 24,8 faizi, Tərtərin 16,7 faizi, Xocalının 15,8 faizi və Xocavəndin 5,1 faizi minalardan təmizlənib. Regionda böyük tikinti işləri aparılır, yerli iqtisadiyyatın qurulmasına özəl investisiyalar da cəlb olunacaq. Burada böyük investisiya yatırmaq imkanları olacaq. Qarabağ iqtisadi rayonunda 2030-cu ilədək təqribən 150 min iş yerinin açılacağı gözlənilir. Birinci mərhələdə 66 min keçmiş məcburi köçkünün azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri”, Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Osman Xalıyevin “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi” mövzularında məruzələrlə çıxış ediblər. Rövşən Rzayev qeyd edib ki, Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər.
Konfransın ikinci sessiyasında isə Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında”, İqtisadiyyat Nazirliyinin “İşğaldan azad edilmiş ərazilərin bərpası” şöbəsinin müdiri Zamin Bədirxanlı “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış əlverişli biznes və investisiya mühiti”, İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadovun “İşğaldan azad edilmiş ərazilərdə sənayenin inkişaf imkanları”, İqtisadiyyat İnstitutunun “Post-konflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri Azər Səfərovun “İnvestisiyalar haqqında müasir elmi konsepsiyalar və post-konflikt ərazilərin bərpası problemi” mövzusunda məruzələri dinlənilib.
Konfransda məruzələr ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Müzakirələrdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev və digər mütəxəssislər iştirak ediblər (economics.com.az).
Konfrans Azərbaycan KİV-lərində geniş işıqlandırılıb (linkləri yükləməklə izləmək mümkündür)