“Siyasi iqtisad: müasir problemlər və perspektivlər”
- Oxunub 2295 dəfə
Professor Nazim Müzəffərli beynəlxalq konfransda “Milli sərvət, maddi istehsal, dəyər və iqtisadi inkişaf strategiyaları” mövzusunda çıxış edib
Dekabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində “Siyasi iqtisad”ın yaranmasının 400 illiyinə həsr olunmuş “Siyasi iqtisad: müasir problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov konfransın əhəmiyyətindən, iqtisadi nəzəriyyə elminin tarixi inkişaf yolundan danışdı. Daha sonra konfransda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Aleksandr Buzqalin “Siyasi iqtisad: qlobal kapitalizmin tədqiqat potensialı”, Moskva Beynəlxalq Universitetinin professoru Georgi Tsaqolov “Yeddinci formasiya” mövzularında məruzə etdilər.
AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli (İmanov) konfransda “Milli sərvət, maddi istehsal, dəyər və iqtisadi inkişaf strategiyaları” mövzusunda geniş təqdimatla çıxış etdi. O milli sərvətin mənbəyi, qlobal sərvət barədə qeyd etdi ki, maddi istehsal (əmək) qlobal sərvəti (qlobal dəyəri) artırmır: onun mahiyyəti Yerin «altını üstünə çevirməkdir». Maddi istehsal sərvətin formasını və onun fərdlər, sosial qruplar, ölkələr və dövləti regionlar arasında paylaşmasını dəyişdirir. Bu mənada maddi istehsalla xidmətlər arasında heç bir fərq yoxdur: xidmətlər də sərvətin formasını və onun fərdlər, sosial qruplar, ölkələr və dövləti regionlar arasında paylaşmasını dəyişdirir. İqtisadçılarımızın böyük bir qismi iqtisadi inkişafda maddi istehsalın rolunu şişirtmək mərəzindən, təəssuf ki, hələ tam azad ola bilməyib. Hansı ki, məhz maddi istehsalın rolunun şişirdilməsi SSRİ iqtisadiyyatının iflasa uğramasının əsas səbəbi oldu.
Professor Nazim Müzəffərlinin məruzəsində əsas sual bu idi: qlobal sərvəti (dəyəri) ölkənin xeyrinə paylaşdırmaq baxımından hansı fəaliyyət növləri daha effektivdir? Bunu cavablandırmaq üçün iqtisadiyyatın 3 başlıca sahəsinin – sənaye, kənd təsərrüfatı və xidmət sektorunun milli iqtisadi inkişafa verdiyi (verə biləcəyi) töhfələr geniş müqayisə olundu. Professor hesab edir ki, Azərbaycanın və adambaşına ÜDM göstəricisinə
görə indi onunla təxminən eyni səviyyədə olan ölkələrin iqtisadi perspektivi belədir: struktur siyasətinin strateji prioriteti qismində xidmət sektorunu, xidmətlər arasında isə intellekt-tutumluları seçən ölkələr yaxın onilliklərdə daha uğurla inkişaf edəcək və dayanıqlı iqtisadiyyat quracaqlar. Habelə Azərbaycanın potensial müqayisəli üstünlük sahələrini xidmət sektorunda axtarmaq lazımdır ki, bura dövlətlərarası nəqliyyat daşımaçılığı, turizm kimi perspektivli sahələr aid edilə bilər. Hətta sənayeləşmə mərhələsini «adlayaraq» postindustrial inkişafa keçmək də mümkündür ki, buna misal olaraq Gürcüstanda turizmin inkişafını göstərmək olar (economics.com.az).
Professor Nazim Müzəffərlinin məruzəsi ilə daha yaxından aşağıdakı faylı yükləməklə tanış olmaq mümkündür