“Azərbaycan iqtisadiyyatı – 25: keçilmiş yola və gələcəyə baxış”
- Oxunub 2052 dəfə
AMEA İqtisadiyyat İnstitutunda bu mövzuda elmi konfrans keçirildi
Oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illiyinə həsr olunmuş “Azərbaycan iqtisadiyyatı – 25: keçilmiş yola və gələcəyə baxış” mövzusunda elmi konfrans keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərli açılış nitqində 25 ildə keçilmiş yola nəzər saldı, Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdiyini, əhalinin rifahının yüksəldiyini, dünyada nümunəvi ölkəyə cevrildiyini vurğuladı.
Dövlət qurumlarının nümayəndələrinin, respuiblikanın elmi iсtimaiyyətinin, iqtisadçı alimlərin qatıldığı tədbirdə elmi məruzələr dinlənildi. Konfransda AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradov “Müstəqillik illərində demoqrafik vəziyyət və məşğulluq: reallıqlar və problemlər”, AMEA-nın müxbir üzvü, i.e.d., professor Əli Nuriyev “Dərin böhrandan hərtərəfli inkişafa gedən yol”, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev “Yaxın gələcəyin əsas hədəfı: postneft iqtisadiyyatı quruculuğu”, akademik Ziyad Səmədzadə “Azərbaycanın iqtisadi inkişaf strategiyası: gələcək haqqında düşüncələr” mövzularında məruzələr etdilər.
Məruzələrdə müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük bir inkişaf yolu keçdiyi, bütün sahələrdə köklü islahatların aparıldığı, ölkənin böhrandan çıxaraq davamlı və dayanıqlı tərəqqisinə nail olunduğu, dünya birliyində layiqli yer tutduğu xususi vurğulandı. Qeyd olundu ki, həmin uğurlu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir, ölkəmizin iqtisadiyyatı inkişaf edir, daha da möhkəmlənir və əhalinin rifahı yüksəlir.
Alimlər çıxışlarında respublikamızda 25 il ərzində keçilmiş şərəfli yola siyasi və iqtisadi cəhətdən nəzər salmaqla yanaşı, indiyədək əldə olunmuş siyasi, iqdisadi və sosial sahədəki nailiyyətləri yüksək qiymətləndirdilər, ölkəmizin gələcəyi haqqında düşüncələrini bölüşdülər (economics.com.az)
Fotoqalereya (yüklə)