Alimlərimizin elmi nəticələri beynəlxalq konfransda müzakirə olunub
- Oxunub 1548 dəfə
Akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü Akif Musayev BƏƏ-də beynəlxalq konfransda iştirak ediblər
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) “Tektonofizika və geomexanika” şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev və AMEA İqtisadiyyat İnstitutunun şöbə rəhbəri, Azərbaycan Universitetinin professoru, AMEA-nın müxbir üzvü Akif Musayev 2017-ci il fevralın 21-26-da Birləşmiş Ərəb Əmirliklərin Şarjah şəhərində ABŞ Fizika, İngiltərə Kral Fizika Cəmiyyətlərinin və Şarjah Amerika Universitetinin birgə həyata keçirdiyi "Nəzəri və tətbiqi fizikanın ön cəbhəsi" (Frontiers in Theoretical and Applied Physics (FTAPS2017)) UAE 2017 beynəlxalq konfransında iştirak ediblər. Konfransda dünyanın 40-a yaxın ölkəsindən 500-ə yaxın alim və mütəxəssislər fizikanın müasir istiqamətləri üzrə alınmış nəticələrini təqdim edib və müzakirələr aparmışlar.
Akademik H.Quliyev fevralın 23-də konfransın astrofizika seksiyasının Mars/Günəş sistemi bölməsində "Yerin bərk nüvəsi haqqında yenilik" mövzusunda məruzə ilə çıxış edib. Onun "Aləmin əbədi dövranı paradiqması" mövzusunda çıxışı isə konfransın "Astrofizika, kosmos və planetlər fizikası" bölməsində təqdim edilmişdir. Məruzələr mütəxəssislər tərəfindən maraqla qarşılanıb. IOP Publishing şirkəti konfransın bir sıra iştirakçılarını, o cümlədən akademik H.Quliyevi bu nüfuzlu elm platformasına 6 ay müddətində pulsuz girişlə təmin etmişdir.
Alimlərimiz Almaniyanın Milli Metrologiya İnstitutunun prezidenti, prof. Yoahim Ulrix, Amerikanın Nyu Mexiko Dövlət Universitetinin professoru Heinz Nakotte, Şarjah Amerika Universitetinin fizika fakultəsinin dekanı, prof. Ali Alnaser, Rusiya Elmlər Akademiyasının Yüksək Enerji Elektron İnstitutunun professoru Viktor Tarasenko, Beyrut Ərəb Universitetinin dosenti Hanan Talal Rahal və digər görkəmli alimlərlə müzakirələr aparıblar və gələcək işlər barəsində fikirlərini bölüşüblər. Müzakirələrdə müasir metrologiya sahəsində fiziki ölçmə vahidlərinin dəqiqləşdirilməsi və sənayenin müxtəlif sahələrində alınmış müsbət yeniliklərin iqtisadiyyatın müasir problemlərinin həllində istifadəsi məsələlərinə geniş yer ayrılmışdır (economics.com.az).