Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Çində beynəlxalq seminarda iştirak edib

  • Oxunub 1815 dəfə

 İ.f.d. Famil Rüstəmov: “Respublikamızın əlverişli coğrafi mövqeyi ölkəmizi “Bir kəmər - bir yol” layihəsində vacıb tərəfdaşa çevirir”

 Aprelin 17-dən 29-dək Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Bir kəmər - bir yol” (One belt one road) adlı birinci beynəlxalq seminar keçirilib. Təşkilatçısı Çin İctimai Elmlər Akademiyası olan tədbirdə AMEA İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Famil Rüstəmov da iştirak edib. Tədbirin keçirilməsində məqsəd ÇXR ilə Avrasiya ölkələri, xüsusilə Şərqi Avropa, Şimali Afrika və Orta Asiya dövlətləri arasında siyasi, iqtisadi, xüsusilə nəqliyyat, loqistika və digər sahələrdə əlaqələrin inkişafına töhfə verməkdir.

 Səfər barədə economics.com.az saytına müsahibəsində Famil Rüstəmov bildirib ki, seminarın mövzusu ölkəmiz, eləcə də qədim ipək yolu boyunca yerləşən digər ölkələr üçün də olduqca aktualdır. “Bir kəmər-bir yol” təşəbbüsünü ilk dəfə 2013-cü ilin payızında ÇXR-in rəhbəri Si Cinpin Orta Asiya ölkələrində səfəri zamanı səsləndirib. Bu təşəbbüs Avrasiya materikinin 62 ölkəsini əhatə edir. Bu ideyanın reallaşmasına Çin hökuməti yaxın 20-30 il ərzində 1 trillion ABŞ dollarından çox vəsait xərcləmək niyyətindədir. İndiyə kimi bu təşəbbüsün reallaşması istiqamətində Çin hökuməti dünyanın 30 ölkəsi və 100-ə yaxın beynəlxalq təşkilatı ilə sazişlər imzalayıb. Azərbaycan da ilk gündən bu təşəbbüsü dəstəkləyir. Respublikamızın əlverişli coğrafi mövqeyi, bütün nəqliyyat növlərinin və magistralların kifayət qədər yaxşı inkişaf etməsi ölkəmizi bu təşəbbüs üçün olduqca vacıb tərəfdaşa çevirir. Hazırda respublikamızda iri nəqliyyat layihələri həyata keçirilməkdədir. “Bir kəmər-bir yol” təşəbbüsü respublikamızın iştirakı ilə həyata keçirilən bir sıra beynəlxalq layihələrin, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolu, TASİM və s. əhəmiyyətini bir qədər də artırır. Bu mövzuda 14-15 may tarixlərində ÇXR-də birinci beynəlxalq sammit keçiriləcək. Həmin tədbirdə 22 ölkənin başçısının iştirak edəcəyi gözlənilir.

 4200-dən cox əməkdaşı olan Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) tərkibinə 31 elmi-tədqiqat institutu, 45 tədqiqat mərkəzi daxildir. Beynəlxalq seminarın maliyyə dəstəkçisi Çin İnkişaf Bankıdır. Tədbirin təşkilində Çinin Ticarət Nazirliyi, ÇİEA-nın Sənayenin İqtisadiyyatı İnstitutu, Şanxay azad ticarət zonası, Sucou sənaye parkı, Tyanzin şəhərində yerləşən BAODİ sənaye parkı, Pekin ətraf mühitin mühafizəsi və gigiyenası və s. təşkilatlar yaxından iştirak ediblər.

 F.Rüstəmovun sözlərinə görə, iki həftə ərzində davam edən seminarlar çərçivəsində müxtəlif mövzularda, o cümlədən - “Bir kəmər - bir yol” və qlobal iqtisadi inkişaf, “Bir kəmər-bir yol” və ÇXR-in beynəlxalq maliyyə əməkdaşlığı, istehsal imkanlarının artırılması sahəsində beynəlxalq əməkdaşlığın vəziyyəti, beynəlxalq ticarət loqistik menecment, “Bir kəmər-bir yol” və ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq, “Bir kəmər-bir yol” və beynəlxalq ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti və s. mövzularda mühazirələr dinlənilib. Çin İnkişaf Bankının, Çinin Ticarət Nazirliyinin, İnkişaf və İslahatlar üzrə Çin Dövlət Komitəsi yanında Beynəxalq Əməkdaşlıq Mərkəzinin, Çin Beynəlxalq Münasibətlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun, ÇİEA-nın Sənayenin İqtisadiyyatı İnstitutunun, Sinxua Universitetinin məsul əməkdaşları seminarlarda çıxış ediblər.

 Seminar çərçivəsində iştirakçılar Pekin şəhərində formalaşan məişət tullantılarının yığılması, çeşidlənməsi, təkrar emalı və zərərli tullantıların basdırılması ilə məşğul olan açıq səhmdar cəmiyyətinə, Çinin maliyyə mərkəzi sayılan Şanxay azad ticarət zonasına, Çinin ekoloji mərkəzi sayılan Tyanz ticarət limanına, multiplikasiya mərkəzinə, kənd təsərrüfatı texnikaları istehsal edən, günəş elektrik stansiyaları quraşdıran və günəş panelleri istehsal edən müəssisələrə baş çəkiblər, onların fəaliyyəti ilə yaxından tanış olublar. İştirakçılar həmçinin Asiyanın Venesiyası sayılan çaylar, kanallar, körpülər şəhəri olan Sucouya səfər ediblər, burada orta illik gəliri 2 milyard dollar olan “Gold Mantis” şirkətində maraqlı görüş keçiriblər.

 Tədbirin təşkilatçıları seminar iştirakçılarının mədəni istirahətini də diqqətdə saxlayıblar. Belə ki, qonaqlar Mao Dzedun movzaleyində, Pekinin 70 kilometrliyində yerləşən Qədim Çin Səddində, Sucou şəhərində antik əşyaların, qiymətli sənət əsərlərinin, imperator kolleksiyalarının saxlandığı muzeydə olublar.

 Seminarda fəal iştirak etdiyi üçün AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi Famil Rüstəmova Çin İçtimai Elmlər Akademiyasının xüsusi diplomu və pul mükafatı verilib (economics.com.az).