AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Çində beynəlxalq konfransda iştirak edib
- Oxunub 3391 dəfə
Əkbər Hüseynov “Azərbaycan və Çin: enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri” mövzusunda təqdimatla çıxış edib
İyunun 22-dən 28-dək Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində “Bir kəmər - bir yol (One belt one road)” ölkələrinin iqtisadi inkişaf və enerji təhlükəsizliyi əməkdaşlığı” adlı beynəlxalq konfrans keçirilib. Konfransda 37 ölkədən 46 nümayəndə iştirak edib. Əsas təşkilatçılar Çin Sosial Elmlər Akademiyası, Çin Xalq Respublikasının Neft Akademiyası və Şanxay Beynəlxalq Enerji Şirkətidir. Bu önəmli tədbirdə AMEA İqtisadiyyat İnstitutunun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin kiçik elmi işçisi Əkbər Hüseynov da iştirak edib. Tədbirin keçirilməsində məqsəd ÇXR ilə Avrasiya ölkələri, xüsusilə Şərqi Avropa, Şimali Afrika və Orta Asiya dövlətləri arasında siyasi, iqtisadi, xüsusilə də enerji təhlükəsizliyi sahəsində əlaqələrin inkişafına töhfə verməkdir.
Səfər barədə economics.com.az saytına müsahibəsində Əkbər Hüseynov bildirib ki, konfransda “Azərbaycan və Çin: enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Çin Sosial Elmlər Akademiyasının prezidenti Vang Veugang, Şanxay Beynəlxalq Enerji Şirkətinin prezidenti Chu Juehai və eyni zamanda Çinin müxtəlif tanınmış tədqiqat institutlarının rəhbərləri Əkbər Hüseynovun çıxışını yüksək qiymətləndiriblər və onu gələn il Şanxayda keçiriləcək “Bir Kəmər-Bir Yol. Çinin gələcək enerji təhlükəsizliyi” adlı beynəlxalq konfransa dəvət ediblər.
Qeyd edək ki, Çin Sosial Elmlər Akademiyasının 4000-nə yaxın əməkdaşı, təxminən 3000 magistr və doktorantı, 39 tədqiqat İnstitutu var. Akademiya 100-dən çox yerli iqtisadi qurumla əməkdaşlıq əlaqələri qurub, 80-dən çox akademik jurnal və qəzetlər çap olunur, hər il 300-ə yaxın beynəlxalq tədbirə ev sahibliyi edir.
Xatırladaq ki, k.e.i. Əkbər Hüseynov keçən ilin avqust-sentyabr aylarında Pekində “Gənc tədqiqatçıların iqtisadi məsələlər üzrə beynəlxalq seminarında” da fəal iştirak edib. O, həmin vaxt “İqtisadi inkişaf indeksləri” adlı məruzəsi ilə 26 ölkənin təmsilçisi arasında 2-ci yeri tutmaqla böyük bir uğura imza atmışdı (economics.com.az).