Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda biznes mühiti: nailiyyətlər və perspektivlər”

  • Oxunub 1621 dəfə

“Kreativ iqtisadiyyat” Klubunda sahibkar Vüqar Abbasovla maraqlı diskussiya aparıldı

    Mayın 1-də AMEA İqtisadiyyat İnstitutunda “Kreativ iqtisadiyyat” Diskussiya Klubunun növbəti toplantısında “Cahan Holdinq” Şirkətlər Qrupunun prezidenti Vüqar Abbasov “Azərbaycanda biznes mühiti: nailiyyətlər və perspektivlər” mövzusunda təqdimatla çıxış etdi. Özü haqqında və rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə ətraflı məlumat verən V.Abbasov qeyd etdi ki, 20 ilə yaxındır fəaliyyətini uğurla davam etdirən “Cahan Holdinq” Azərbaycanın ən böyük və müvəffəqiyyətlə inkişaf edən şirkətlərindən biridir. Bütün fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq daim inkişaf etdirən “Cahan Holdinq” dünyada addım-addım müvəffəqiyyətlə irəliləyən bir biznes strukturu kimi tanınır. Fəaliyyəti dövründə "Cahan Holdinq" biznesin bir çox sahələrində uğurlar qazanıb, hazırda 22 əsas və bir neçə törəmə şirkəti özündə birləşdirir. “Cahan Holdinq” əsasən ticarət xidməti, texniki təmir xidməti, qida sənaye istehsalı, ağır sənaye istehsalı, tikinti materialları istehsalı, tikinti-quraşdırma sahələrində fəaliyyət göstərir. Dünyanın 5 ölkəsində nümayəndəliyi olan “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı Naxçıvan Muxtar Respublikasında ixracatla yanaşı, daxili ehtiyacı da ödəyən ən böyük kommersiya şirkətidir.

    İqtisadçı-alimlərlə biznesdə böyük uğur qazanmış sahibkar arasında çox səmimi şəraitdə baş tutan müzakirələrdə bir çox məsələlər maraqlı disskusiyalara səbəb oldu. Xüsusən də Azərbaycanda biznes mühiti, sahibkarların qarşılaşdıqları çətinliklər, maliyyə, gömrük və vergi məsələləri, manatın son məlum devalvasiyasının sahibkarların fəaliyyətinə təsirləri, yerli istehsalın təşkili və genişləndirilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması problemləri, sahibkarlığa dövlət dəstəyi, müəssisələrdə işçilərin sosial müdafiəsi siyasətinin düzgün təşkili, biznesdə uğur qazanmağın başlıca şərtləri və s. maraqlı polemika mövzularına çevrildi.

    “Cahan Holdinq”in prezidenti qeyd etdi ki, Azərbaycan manatının son devalvasiyası şırkətlərin fəaliyyətinə təsir göstərsə də, digər iqtisadi rıçaqlardan və müəssisələrin öz imkanlarından istifadə etməklə ümumilikdə bu təsiri tənzimləmək mümkündür. Şirkətlərin hazırda peşəkar iqtisadçılara, mühasiblərə daha çox ehtiyacının olduğunu deyən V.Abbasov onu da vuğuladı ki, əgər əvvəllər şirkət üçün idxalla məşğul olmaq sərfəli idisə, hazırda yerli sənaye istehsalının təşkili daha gəlirli biznesə çevrilməkdədir.