Aqrar sektorda emal sənayesinin başlıca xüsusiyyətləri və inkişafı problemləri
- Oxunub 1010 dəfə
"Kreativ iqtisadiyyat" Diskussiya Klubunda bu mövzuda müzakirələr aparıldı
Aprelin 13-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli əsas məruzəçini təqdim etdikdən sonra aqrar sektorda emal sənayesinin inkişafı problemləri müzakirə olundu.
İqtisadiyyat İnstitutunun “Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi”nin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Yunus Sadıqov aqrar emal sənayesi sahələri, infrastrukturu, ölkənin ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı meyilləri və bu sahədə dövlət proqramları əsasında həyata keçirilən tədbirlər, aqrar sektorda istehsal və kənd təsərrüfatı məhsullarının emalının spesifik xüsusiyyətləri, bu sahədəki problemlər və perspektiv imkanlar ətrafında məruzə ilə çıxış etdi.
Sonra “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Məzəddin Əyyubov ənənəvi emal sənayesi sahələri, milli iqtisadiyyatın aqrar-sənaye sektoru, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin təsnifləşdirilməsi, müasir aqrar-sənaye müəssisələrinin başlıca xüsusiyyətləri barədə danışdı. “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin baş elmi işçisi, i.e.d., professor Tərbiz Əliyev müasir dövrdə aqrar sektorda aqroparkların yaradılmasının əhəmiyyəti, onların fəaliyyətinin əsas xüsusiyyətləri və üstün cəhətləri barədə fikirlərini bildirdi.
Mövzu ətrafında maraqlı müzakirələr aparıldı, xüsusən də kənd təsərrüfatı məhsullarının istehsalı və emalının müasir formaları, bu sahədəki dünya təcrübəsi geniş diskussiyalara səbəb oldu (economics.com.az).