İqtisadiyyat İnstitutunda Dövlət Statistika Komitəsinin nümayəndə heyəti ilə görüş keçirildi
- Oxunub 1397 dəfə
"Kreativ iqtisadiyyat" Diskussiya Klubunda “Cəmiyyətin statistikaya inamı: reallıq, problem və perspektivlər” mövzusunda müzakirələr aparıldı
Aprelin 19-da AMEA İqtisadiyyat İnstitutunda dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (ARDSK) nümayəndə heyəti ilə görüş keçirildi. "Kreativ iqtisadiyyat" Diskussiya Klubunda baş tutan toplantıda “Cəmiyyətin statistikaya inamı: reallıq, problem və perspektivlər” mövzusunda müzakirələr aparıldı.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli qonaqları təqdim etdikdən sonra Dövlət Statistika Komitəsinin sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Yusif Yusifov məruzə ilə çıxış etdi. O, statistikaya inam, bu sahədə dünya təcrübəsi, statistik məlumatlara maraqlı tərəflərin fərqli yanaşması, cəmiyyətin statistikaya qarşı tələbi, statistika orqanlarının vəzifələri, statistika sisteminin idarə olunması və statistik məlumatların keyfiyyətinin yüksəldilməsi problemləri barədə danışdı.
ARDSK-nın “Qiymət statistikası şöbəsi”nin müdiri Elman Qasımzadə qiymət statistikası sahəsində yeniliklərin tətbiqi və onun əsas xüsusiyyətləri barədə məlumat verdi. ARDSK-nın “Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi”nin müdiri Nuru Süleymanovun da iştirak etdiyi müzakirələrdə qonaqlar İqtisadiyyat İnstitutunun əməkdaşlarının onlara ünvaladıqları sualları cavablandırdılar.
Sonra çıxış edən İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tofiq Hüseynov, baş elmi işçisi, professor Tərbiz Əliyev, aparıcı elmi işçisi, i.f.d. Məzəddin Əyyubov son illər ölkəmizdə statistika sahəsindəki inkişafı, statistikanın əhəmiyyətini və rolunu qeyd etməklə yanaşı bu sahədəki bir sıra problemlərdən də söz açdılar, həlli vacib olan konkret məsələlər ətrafında öz fikirlərini bildirdilər. Mövzu ətrafında, xüsusən də statistik məlumatların toplanması və işlənməsi sahəsindəki çətinliklər, hüsablama metodologiyası ilə bağlı maraqlı müzakirələr aparıldı (economics.com.az).