Dosent Allahyar Muradovun doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirildi
- Oxunub 1055 dəfə
İyunun 12-də AMEA İqtisadiyyat İnstitutunda elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradovun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi «Biliklərə əsaslanan iqtisadiyyatın formalaşması və inkişafının əsas istiqamətləri» mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirildi. İnstitutun «Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri», «İqtisadi tədqiqatların riyazi təminatı» və «Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri» şöbələrinin birgə iclasına AMEA-nın müxbir üzvü, prof. Akif Musayev sədrlik edirdi.
İddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Sevda Seyidova məlumat verdi. Sonra A.Muradov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş cıxış etdi. İşlə bağlı rəyçilər – i.e.d., professorlar Tərbiz Əliyev, İlham Aslanov və Qəzənfər Süleymanov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və tövsiyələrini səsləndirdilər. A.Muradov ona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi.
Şöbə əməkdaşları da tədqiqat işi ilə bağlı öz mülahizələrini səsləndirdilər. Dissertantın elmi məsləhətçisi, AMEA-nın müxbir üzvü, prof. Şahbaz Muradov dissertasiyanı nümunəvi və yüksək səviyyədə yazılmış tədqiqat əsəri kimi xarakterizə etdi. Digər çıxış edənlər – prof. Akif Musyaev, prof. Rəna Sultanova, prof. Ramiz İsgəndərov, prof. İsa Alıyev, i.e.d. Sevda Seyidova, Tanrıverdi Paşa və digərləri dissertasiya işinin aktual mövzuya həsr edildiyini, tamamlanmış tədqiqat işi olduğunu və Ali Atteatasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər.
İclasda iştirak edən İnstitutun direktoru, prof. Nazim Müzəffərli müəllifin diqqət çəkən tədqiqat işi yerinə yetirdiyini, çox maraqlı müzakirələr aparıldığını vurğulamaqla yanaşı öz tövsiyələrini verdi. Geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə tövsiyə olundu (economics.com.az).