“Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektorun rolu” mövzusunda seminar
- Oxunub 2107 dəfə
AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dos. Mahir Zeynalov seminarda çıxış edib
İyulun 13-14-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə Quba rayonunda “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektorun rolu” mövzusunda iki günlük seminar keçirildi. Seminarda ASK, BƏT, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, İqtisadiyyat Nazirliyi, Dövlət Məşğulluq Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Statistika Komitəsi, Bakı Dövlət Universiteti, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Azərbaycan Qadın Sahibkarlar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.
Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanda görülmüş işlər baraədə iştirakçılara ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan 2015-ci ildə BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və inkişaf istiqamətlərini müəyyənləşdirir. Seminarda BƏT-in, ASK-nın və İqtisadiyyat Nazirliyinin nümayəndələri təqdimatla çıxış ediblər. Sonra mövzu üzrə müzakirələr aparılıb.
Seminarda iştirak edən AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.f.d., dos. Mahir Zeynalov Azərbaycanda biznes mühiti mövzusunda çıxış edib, dayanıqlı inkişafda, yeni iş yerlərinin yaradılmasında, məşğulluğun təmin edilməsində, iqtisadi artımda, layiqli əməyin və inklüziv inkişafın təmin olunmasında özəl sektrorun rolu məsələləri ətrafında mülahizələrini bildirib. O, AMEA İqtisadiyyat İnstitutunda aparılan elmi-tədqiqat işləri və onların nəticələri ilə İnstitutun İnternet saytında elektron formada tanış olmaq imkanları barəsində seminar iştirakçılarına geniş məlumat verib.
Tədbirdə Dayanıqlı İnkişaf Məqsədlərini əks etdirən video çarxa nümayiş olunub. Qeyd olunub ki, hər il dünyada 40 milyon insanın əmək bazarına daxil olması ölkələr qarşısında yeni çağırışlar yaradır. Hesablamalar göstərir ki, 2030-cu ilə qədər dünya əhalisinin 60%-i şəhər yerlərində yaşayacaq. Bütün bu çağırışlar yeri iş yerlərinin yaradılması, insanların layiqli iş yerləri ilə təmin edilməsi, qeyri-formal məşğulluğun aradan qaldırılması və başqa vacib məsələlərin həllini gündəmə gətirir. İki gün davam edən seminarda bu kimi aktual məsələlər geniş müzakirə edilib (economics.com.az).