“Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi” mövzusunda müzakirələr aparıldı
- Oxunub 1635 dəfə
Martın 1-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti elmi müzakirələr keçirildi. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, professor Nazim Müzəffərli əsas məruzəçiləri təqdim etdi.
İlk məruzəçi, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova “Azərbaycanda sikkə zərbi və pul dövriyyəsi” mövzusunda təqdimatla çıxış etdi. O, qədim Albaniya, Atropatena dövlətlərindən başlayaraq sonrakı əsrlərdə, Səfəvilər dövləti, xanlıqlar dövrü də daxil omaqla Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək olan uzun tarixi bir zamanda sikkələrin buraxılması və pul dövriyyəsi haqqında geniş məlumat verdi. Habelə Azərbaycanda mövcud olmuş zərbxanalar - V-VIII əsrlərdə Qəbələ, Bərdə, Naxçıvan, Gəncə, Həmədan, Ərdəbil və s., Ərəb Xilafəti dövründə, VIII-IX əsrlərdə Bərdə, Gəncə, Dərbənd, Şamaxı, Şəmkir, Tiflis, Təbriz, Ərdəbil, Marağa və s., XII -XIII əsrin I yarısı Şəmkir, Təbriz, Şirvan, Əhar, XIV-XV əsrlərdə Bərdə, Naxçıvan, Gəncə, Şamaxı, Beyləqan, Biləsuvar, Bakı, Qəbələ, Dərbənd, Gülüstan, Əlincə, Təbriz, Marağa, Sultaniyyə, Ərdəbil, Xoy və s., XV-XVI əsrlərdə Şamaxı və Bakı, XVII-XVIII əsrlərdə İrəvan, Gəncə, Naxçıvan, Şirvan, Pənahabad, Bakı, Şəki, Gəncə və s. barədə danışdı.
İkinci məruzəçi, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin fond müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sənubər Qasımova “Azərbaycanda kağız pulların təşəkkülü və inkişafı” mövzusunda təqdimatla çıxış etdi. Alim 1918-ci ilə aid Bakı şəhər İdarəsinin pul nişanları, Bakı şəhər Təsərrüfatı Şurasının kağız pul emissiyaları, Zaqafqaziya Komissarlığının kağız pul emissiyaları, Azərbaycan Xalq Cumhuriyyətinin kağız pul nişanları (1919-1920-ci illər) və keçmiş SSRİ dövründə buraxılmış kağız pullar barəsində geniş məlumat verdi. Xüsusən də mühüm tarixi əhəmiyyət kəsb edən Azərbaycan Xalq Cumhuriyyətinin milli pul vahidi olan Bakı bonları haqqında danışdı.
Sonra tarixi Azərbaycan ərazilərində müxtəlif dövrlərdə sikkələrin və kağız pulların buraxılması, tədavülü, dövriyyəsi, sosial-iqtisadi və dövlətçilik tariximiz baxımından əhəmiyyəti ətrafında geniş müzakirələr aparıldı (economics.com.az).